Martın 27-də neftin qiyməti 5 faiz də düşüb. Beləliklə, dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar neftə tələbatın kəskin azalması dalbadal beşinci həftədir ki qara qızılın qiymətini endirir.
Hazırda Brent markasından olan neftin bir barrelinin qiyməti 24.99 dollardır. ABŞ neftinin qiyməti isə bir barrel üçün 21.51 dollara enib.
CNBC yazır ki, dünyada 3 milyard insanın karantində olduğu və neftə tələbatın 20 faiz azaldığı bir vaxtda Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol Səudiyyə Ərəbistanını və digər iri neft hasilatçılarını “bazarı sabitləşdirməyə” çağırıb.
Lakin Commerzbankın təhlilçisi Eugen Weinberg deyir ki, bu çağırış nəticəsiz qala bilər.
Onun fikrincə, Moskva və Riyad arasında davam edən qiymət müharibəsində Səudiyyə Ərəbistanı çətin ki, asanlıqla geri çəkilsin.
Bu da xəbər verilir ki, neftə qlobal tələbatın iflasa uğradığı bir vaxtda Səudiyyə Ərəbistanı özünün izafi neftinə yeni müştərilər axtarmaqla məşğuldur.
Lakin bu arada Rusiya Neft Fondundan Kirill Dmitriev Reuters agentliyinə deyib ki, OPEC və onun Rusiya başda olmaqla keçmiş müttəfiqləri arasında yeni təchizat razılaşması əldə oluna bilər.
Rusiya enerji nazirinin müavini Pavel Sorokin deyib ki, koronavirus epidemiyası neftə qlobal tələbatı günə 15-20 milyion barrel azaldıb.
Fox Business Səudiyyə Ərəbistanının Enerji Nazirliyinə istinadən yazır ki, hazırda Moskva ilə Ər-Riyad arasında bazarların sabitləşdirilməsinə dair heç bir danışıqlar aparılmır.
Bu səbəbdən OPEC-in digər üzvləri Səudiyyə Ərəbistanını, Rusiya ilə qiymət müharibəsini dayandırması üçün dilə tuturlar.
Əlcəzair və İraq OPEC-in təcili iclasının keçirilməsinə çağırıblar.
Amma siyasi şərhçilərin fikrincə, Moskva və Ər-Riyad arasındakı qiymət qarşıdurması tezliklə başa çatmayacaq. Onlar bildirirlər ki, belə bir razılaşma əldə olunsa belə, hazırkı itkilərin yerini doldurmaq mümkün olmayacaq.
Bloomberg yazır ki, neft ixracatçılarını narahat edən neft qiymətlərinin 2003-cü ildən bəri ən aşağı həddə düşməsidir.
Lakin 2003-cü ildə bu miqyasda pandemiya yox idi.