Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:59

Neftin qiyməti gözlənildiyi kimi kəskin düşür


Aprelin 6-da qlobal neft qiymətləri birdən birə 8 faiz və 3 faiz düşüb.

CNBC yazır ki, bu, ilk növbədə böyük neft ixracatçıları arasında hasilat ixtisarına dair razılaşmanın əldə olunacağının qeyri-müəyyənliyi ilə bağlıdır.

Neft qiymətlərinin kəskin enişini hətta Moskvanın Ər-Riyadla hasilat ixracına dair razılaşmaya “çox yaxın” olduğuna dair verdiyi xəbər də dayandıra bilməyib.

Aprelin 6-da ABŞ neftinin füçers qiyməti 7.97 faiz düşərək bir barrel üçün 26.08 dollar olub.

Brent markasından olan neftin qiymətində 3.1 faiz azalma baş verib. İndi bir barrelin qiyməti 33 dollar civarındadır.

Azərbaycanın Azeri Light markasından olan neftinin qiyməti aprelin 6-da bir barrel üçün 22.48 - 24.14 dollar idi.

Aprelin 6-da ABŞ və Səudiyyə enerji nazirlərinin görüşündə də yalnız “dialoqun G20 formatında davam etdiriləcəyinə” dair razılaşma əldə olunduğu deyilir.

Gün ərzində Reuters agentliyi Rusiyanın hasilat ixtisarına hazır olduğunu xəbər vermişdi.

Bu xəbərlər olmasaydı, neftin qiyməti daha kəskin düşə bilərdi.

Həm Putin, həm də Muhammad ABŞ-ın iştirakını istəyir

Həm ABŞ, həm də Brent neftinin qiymətləri ötən həftə Səudiyyə Ərəbistanı OPEC+ formatında danışıqların bərpa olunacağını deyəndən sonra kəskin qalxmışdı.

Habelə ötən həftə ABŞ prezidenti Donald Trump Rusiya prezidenti Vladimir Putinlə Səudiyyənin vəliəhd şahzadəsi Muhammed bin Salmanın hasilatın günə 15 milyon barrel ixtisarı barədə bəyanat verəcəklərini gözlədiyini demişdi.

Lakin aprelin 3-də Səudiyyə və Rusiya arasında yenidən fikir ixtilafları ortaya çıxdı və indi belə görünür ki, daha bir görüş aprelin 10-da keçirilə bilər.

Again Capital firmasından John Kilduff deyir ki, o bu görüşün də nəticə verəcəyinə inanmır.

CNBC yazır ki, həm Səudiyyə, həm də Rusiya dünya bazarını tarazlamalı olan danışıqlara ABŞ-ın da qoşulmasını istəyirdilər.

Eurasia Group-dan Ayham Kamel isə bildirir ki, Putin və Muhammad-ın siyasi və iqtisadi baxımdanABŞ-ın da bu prosesdə hər hansı bir şəkildə iştirakına ehtiyacları var.

Trump bu məsələnin neft şirkətlərinə aid olduğunu deyib

Donald Trump ABŞ neft hasilatçıları ilə aprelin 3-də görüşsə də, həmin söhbətin nəticələri barədə konkret məlumat verilməyib.

Trump deyib ki, “bu məsələ böyük neft şirkətlərinə aid məsələdir və onu azad bazarda onlar həll etməlidirlər”.

ABŞ prezidenti işarə edib ki, Moskva və Riyad arasında razılaşma əldə olunmasa, Vaşinqton rüsumalətinə əl atacaq. Bu isə o deməkdir ki, ABŞ-da qeyri-Amerika neftinə rüsum qoyula bilər.

CNBC yazır ki, ABŞ-ın neft sənayesi hasilatın azaldılmasına dair razılaşmaya qoşulub-qoşulmamaq məsələsində ikiyə bölünüb.

Neft sənayeçilərinin bir qismi hasilatın azaldılmasının ABŞ-a ziyan vuracağını, digər qismi isə belə bir sövdələşmədə iştirakın xeyirli olacağını deyir.

ABŞ neft hasilatının ixtisarına cəmi bir dəfə - 1970-ci ildə gedib.

Amma bəzi ekspertlər ümid edirlər ki, hər hansı bir formada saziş ortaya çıxacaq, çünki qiymətlərin aşağı olması heç bir tərəfə sərfəli deyil.

Hətta Kanada və Norveç də razılaşma istəyir

Vital Knowledge firmasının təsisçisi Adam Crisafulli deyib ki, Səudiyyə və Rusiya açıq qarşıdurmanı davam etdirirlər, amma planetin demək olar bütün neft hasilatçıları hərəkətə çağırırlar.

Bunların arasında adətən belə danışıqlara qarışmayan Kanada və Norveç də var.

Amma Crisafulli də bildirir ki, bütün hallarda hasilatın günə 10 milyon barrel ixtisarı alınan nəticə deyil.

Bir çox ekspertlər bildirirlər ki, hətta razılaşma əldə olunsa belə, hazırda mövcud olan izafi neftə görə qiymətlər aşağı olaraq qalacaq.

Rystad Energy araşdırmalar mərkəzindən Bjornar Tonhaugen deyir ki, hasilatçılar daha bir qiymət enişinə hazırlaşmalıdırlar.

Onun fikrincə, neft qiymətlərinin sabitləşməsi üçün əvvəlcə qlobal neft anbarlarında boş yer yaranmalıdır.

XS
SM
MD
LG