Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Ofisdə avtonomiyanı necə saxlamalı


Dünya ofislərə qayıtmağa başlayıb.
Dünya ofislərə qayıtmağa başlayıb.

Pandemiya dövründə insanlar bəlkə də ilk dəfə müdirin və həmkarların gözündən uzaqda işləməyə öyrəşiblər. Bu isə işçinin müstəqilliyinin artması deməkdir.

BBC yazır ki, avtonomiyanın artması insanlara işlərinin iri və xırda aspektləri üzərində daha çox nəzarət imkanı verib. İndi onlar işləyərkən harada oturacaqlarına, işlərini necə prioritetləşdirəcəklərinə, nə vaxt fasilə verəcəklərinə, nəyə nə qədər zaman ayıracaqlarına özləri qərar verirlər. Bir çoxları məsafədən işləməyi elə buna görə sevir.

Anlara nəzarət

Şimali Karolina Universitetinin Kenen-Fleqler Biznes Məktəbinin strategiya və sahibkarlıq professoru Arvind Malhotra deyir ki, həmkarların nəzarətindən uzaq olanda insanın qarşısında seçim imkanları açılır. Bundan başqa, gündəlik həyatı işlə birləşdirməyi öyrənir. İşin ortasında qalxıb itini 10 dəqiqəlik gəzintiyə apara, qabyuyan maşındakı təmiz qabları yerbəyer edə bilir.

"Bunlar kiçik şeylərdir, ancaq bütün bu avtonomiyaların kumulyativ təsiri var. Biz həmin anlara nəzarət edirik. Biz başqasının mühitində olanda bu imkanı itiririk", – o deyir.

Dünya ofislərə qayıtmağa başlayıb. Bu isə o deməkdir ki, insanlar yenicə tapdıqları nəzarətin ən azı bir hissəsini itirməli olacaqlar. Bu isə asan olmaya bilər. Ancaq hər şey o qədər də pis deyil: avtonomiyanın itirilməsinin öhdəsindən gəlməyin də, evdən işləməyin gözəl cəhətlərinin bəzilərini qoruyub saxlamağın da yolları var.

Ən bəsit ehtiyac

Avtonomiya həm fərdə, həm də işinə çox yaxşı təsir edir. Britaniyanın Birminhem Universitetinin əmək iqtisadiyyatı üzrə mühazirəçisi Deniel Uitli deyir ki, bu fakt mütəxəssislərə çoxdan məlumdur.

"Bu bizə bizi əhatə edən mühitə nəzarət etmək imkanı, başqalarına tabe olmama hissi verir. Biz hiss edirik ki, qərarlarımızı özümüz qəbul edirik. Psixologiya ədəbiyyatından bu şeylərin insanın ən əsas ehtiyaclarını təmin etdiyini öyrənə bilərsiniz", – o deyir.

Psixoloqlar avtonomiyanı insanın ən bəsit ehtiyaclarından biri hesab edir. Uitli deyir ki, işə gəlincə, onu daha gizli, başqalarının gözündən uzaq görməyin çox sayda müsbət təsirləri var.

Səmərə və məhsuldarlığa təsir

20 min britaniyalı işçiyə aid məlumatı tədqiq edən Uitli və tədqiqat komandası aşkar edib ki, iş yerində daha çox avtonomiyası olduğunu deyənlər işlərindən daha çox razıdırlar.

Kaliforniyadakı Neyroiqtisadiyyat Elmləri Mərkəzi və Klermont Qradueyt Universitetinin alimlərinin bu yaxınlarda apardığı tədqiqatın nəticələrinə görə isə, avtonomiya işin səmərəliliyi və məhsuldarlığına da müsbət təsir edir.

Uitli deyir ki, bunun sayəsində insanlar iş günü ərzində daha çox nəticə əldə edə bilirlər: "Fürsət düşəndə balaca bir fasiləyə çıxmaq, yaxud iti gəzdirmək kimi kiçik şeylər bütün günə nəzarət etmək imkanı verir. Belə kiçicik şeylər toplanaraq insanların həyatlarına və, nəticə etibarilə, həm də işlərinə ciddi təsir edir".

Malhotra deyir ki, ofisə qayıdandan sonra işin ənənəvi aspektlərinin bir hissəsi yenidən insanların həyatına daxil olacaq. Ancaq nəzarəti saxlamağın kiçik üsulları ola bilər: "Məsələ ondadır ki, biz nəyi saxlaya və əlavə olaraq nə tələb edə bilərik".

Hibrid iş modeli

Uitlinin gözləntilərinə görə, ofisə qayıdış əməkdaşların arasındakı danışıqlarla başlayacaq. O deyir ki, bütün bunlar işin sahəsi və vəzifələrdən asılı olacaq. Ancaq hibrid iş modeli insanlara məsafədən işləməyin qazandırdığı avtonomiyadan yararlanmağa davam etmək imkanı verəcək. Ofisdə keçirdikləri günlərdə bunu edə bilməsələr də, həftənin digər günlərində özlərini daha rahat hiss edəcəklər.

Malhotra hesab edir ki, iş yerinin özündə də avtonomiyanı artırmağın yolları var. O deyir ki, müdirlə görmək istədiyiniz işlər barədə danışmaq, hər zamankı işlərdən başqa bəzi kreativ və innovativ işləri də nəzərdən keçirmək bu üsullardan biri ola bilər.

Uitli də düşünür ki, işin formatını və qaydasını dəyişməklə bağlı rəhbərliklə danışıq aparmaq üçün indiki qədər yaxşı fürsət olmayıb. O deyir ki, bütövlükdə iş mühitinə nəzarət etmək mümkün olmasa da, bəzi şeylərə nəzarəti qoruyub saxlamaq mümkün ola bilər.

XS
SM
MD
LG