Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:56

Pakistan İrandakı səfirini geri çağırıb


Paksitanın xarici işlər naziri Ənvər ül-Həqq Kakar
Paksitanın xarici işlər naziri Ənvər ül-Həqq Kakar

Pakistan İran İslam Keşikçiləri Korpusunun (İİKK) ölkənin cənubundakı Bəlucistan vilayətinə raket zərbələri endirməsi ilə bağlı Tehrandakı səfirini geri çağırıb.

Bu zərbələr nəticəsində iki uşaq həlak olub.

Səfirin geri çağırılmasına dair qərarı yanvarın 17-də Pakistan XİN-in sözçüsü elan edib.

Bundan əvvəl İİKK-nin raket zərbələri nəticəsində Ərbil şəhərində mülkilər həlak olduqdan sonra İraq da Tehrandakı səfirini geri çağırıb.

Pakistan XİN-in bəyanatında deyilir ki, İranın hərəkəti Pakistanın suverenliyinin və BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.

Sözçü deyib ki, İranın Pakistandakı səfirinə "indilik" İslamabada qayıtmaq qadağan edilib.

Bəyanatda vurğulanır ki, “İslamabad Tehranın bu qanunsuz hərəkətinə cavab hüququnu özündə saxlayır və sözü gedən hücumun “nəticələri” üçün məsuliyyəti İran daşıyır”.

Bundan əvvəl İİKK bildirmişdi ki...

İİKK yanvarın 16-da bildirmişdi ki, Bəlucistandakı sünni bəluc silahlı qruplaşması Ceyş əl-Ədl təşkilatının obyektlərini vurub.

Pakistan XİN-in məlumatında deyilir ki, İİKK-nin raket zərbələri nəticəsində iki uşaq ölüb və daha üç nəfər yaralanıb.

Pakistan yanvarın 15-dən bəri ərazisinə İİKK tərəfindən raket zərbələri endirilmiş üçüncü ölkədir.

Bundan əvvəl İİKK İraqın Ərbil və Suriyanın İdlib şəhərlərindəki hədəflərə atəş açdığını bildirmişdi.

İİKK-yə bağlı Təsnim agentliyi yanvarın 16-da iddia etmişdi ki, Ceyş əl-Ədl qruplaşmasının iki bazası raket zərbələri ilə dağıdılıb.

Təsnim xəbər verirdi ki, dron və raketlərdən ibarət hücum İranla sərhəddə yerləşən Pakistan kəndini hədəfləyib.

Xarici işlər nazirləri görüşüblər

Bu xəbərlərin sosial mediada yayıldığı əsnada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda pakistanlı həmkarı Ənvər ül-Həqq Kakarla görüşüb.

Xəbərlərdə deyilir ki, İİKK-nin hava zərbələri - məsuliyyətini Ceyş əl-Ədlin üzərinə götürdüyü hücumlara cavab ola bilərdi. Bu təşkilat həm İran, həm də ABŞ tərəfindən terrorçu qrup kimi tanınır.

Bu qrup İranın Sistan və Bəlucistan ostanında 11 İran polisinin ölümü ilə nəticələnmiş hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

O vaxt İranın daxili işlər naziri Əhməd Vahidi demişdi ki, Ceyş əl-Ədlin döyüşçüləri İran ərazisinə Pakistandan keçiblər.

Ceyş əl-Ədl zərbələrin ondan yan keçdiyini iddia edir

Zərbələrdən sonra teleqramda yaydığı ilk bəyanatda Ceyş əl-Ədl raketlərin onun “İrandakı” bazalarından yan keçərək Pakistandakı döyüşçülərin evlərinə düşdüyünü iddia edib.

Təşkilat bildirib ki, “düşmənin yararsız kəşfiyyatı və texnikası sayəsində mücahidlərimizə heç bir ziyan dəyməyib”.

Şərhçilər bildirirlər ki, 900 kilometrlik İran-Paksitan sərhədi pis mühafizə olunur və müxtəlif qiyamçı qruplaşmaların, o cümlədən bəluc millətçilərinin bu ərazidə sərbəst hərəkətinə imkan verir.

Ceyş əl-Ədl Cundullah sələfi qruplaşmasından qopmuş ən tanınmış qrupdur.

Onun əsasını qoyan Əbdülməlik Rigi 2010-cu ildə İranda edam olunub.

XS
SM
MD
LG