Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:46

Bakıda avtomobilini parkinq edən şəxs: '8 manat verirdimsə, indi 18 verəcəm'


Parklanma qiymətləri 15-30 dəqiqə üzrə 1 manatdan başlayır...
Parklanma qiymətləri 15-30 dəqiqə üzrə 1 manatdan başlayır...

Bakıda metronun "28 May" stansiyasının yuxarı hissəsində yerləşən dayanacaqda qiymətlər artıb. Sürücülər bildirir ki, əvvəl də həmin ərazidə parkinq olub, amma qiymətlər daha ucuz idi.

İndi isə parklanma qiymətləri 15-30 dəqiqə üzrə 1 manatdan başlayır, 20-24 saat üçün isə 30 manatda başa çatır. Növbəti sutka üzrə də 30 manat nəzərdə tutulur. Əvvəl həmin dayanacaqda 1 saatın qiymətinin 1 manat olduğu deyilir.

"Gündəlik qazancımın böyük hissəsini onlara ödəyəcəyəm"

Dayanacaqda olan sürücülər yeni tariflərdən narazıdır. Onlardan adının çəkilməsini istəməyən biri deyir ki, indi əvvəlkindən iki dəfə baha qiymətə avtomobili burada saxlamalı olacaqlar: "Burada mağazada işləyirəm. Hər səhər gəlib maşını saxlayıb, axşam çıxıram. Əvvəl buna görə 8 manat verirdimsə, indi 18 manat verəcəm. Belə çıxır ki, gündəlik qazancımın böyük hissəsini onlara ödəyəcəyəm. Bu, mənə və başqalarına heç sərf etmir. Maşını da başqa yerdə saxlayanda gəlib cərimə yazırlar".

Bakı Dəmiryol Vağzalının avtomobil parklanma ərazisi
Bakı Dəmiryol Vağzalının avtomobil parklanma ərazisi

15 dəqiqə...

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova "Turan"a bildirib ki, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcəyindən parkinq tarifləri müəyyən edilib: "Dəmiryoldan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt müddəti təyin olunub".

Onun sözlərinə görə, əslində sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuolunan deyil: "Nəzərə alsaq ki, "Azərbaycan Dəmir Yolları"na məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir, ilk növbədə sərnişinlərimizin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə maneəsiz daxil olmaları üçün şərait yaradılacaq".

Bakıda parklama: sürücülər yer qıtlığından və cərimələrdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

Başqa dayanacaqlarda da qiymətlərin artdığı deyilir

"Qış parkı"nda və Azadlıq Meydanında yerləşən yeraltı dayanacaqlarda da aprelin 1-dən tariflərin dəyişəcəyi bildirilir.

"Qış parkı"ndakı dayanacaqda işlədiklərini bildirən, amma adlarının çəkilməsini istəməyən nəzarətçilər "Turan"a bildirib ki, 1 saatlıq tarifdə dəyişiklik olmasa da, digər tariflər dəyişib:

"Məsələn, 1-3 saat 2 manat, 3-6 saat 3 manat, 6-12 saat 5 manat, 12-24 saat 10 manatdır. Əvvəl isə 2-5 saat 2 manat, 5-12 saat 3 manat, 12-24 saat 6 manat təşkil edirdi".

Aylıq paketlərdə də dəyişiklik olduğu deyilir. Nəzarətçilərin vurğulamasına görə, əvvəl ay ərzində bir günə 12 saatlıq tarif 30 manat idisə, 80 manat olacaq. Ay ərzindəki 24 saatlıq paketin qiymətinin də iki dəfə qalxdığı bildirilir: "Əvvəl qiyməti 60 manat idi, aprelin 1-dən 120 manat olacaq. Həmin ərazidə yaşayanlar üçün aylıq paket 20 manat idisə, bundan sonra tarif 50 manat olacaq".

Azadlıq Meydanında olan parkinq qiymətlərinin isə ondan da yüksək olduğu deyilir.

Bu dayanacaqlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindədir.

Məktəb tıxacları: 'Bəzi valideynlər, az qalır, maşını partanın yanına sürsün'
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

"Daxilolmalar xərcləri tam qarşılamır"

AYNA-dan "Turan"a bir qədər fərqli rəqəmlər çatdırılıb. Onların deməsinə görə, agentliyin balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən, qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir: "Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir".

Agentlikdən vurğulanıb ki, Hökumət evi, "Qış parkı" və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə daxilolmalar xərcləri tam qarşılamır: "Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, həm də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib".

Rəşad Həsənov
Rəşad Həsənov

"Çox yüksək tariflərdir"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, məsələyə müxtəlif aspektlərdən baxanda fərqli yanaşmalar ortaya çıxır: "Təcrübələr göstərir ki, bəzi şəhərlərdə insanları avtomobillərdən istifadədən çəkindirmək məqsədilə parkinq xərclərini artırırlar, parkinqlərə əlçatanlığı çətinləşdirirlər. Bütün bunlar təkcə sadəcə tıxaclarla mübarizə çərçivəsində deyil, həm də ekologiyanın yaxşılaşdırılması məqsədi ilə edilir".

Amma ekspertin sözlərinə görə, burada başqa bir aspekt də var: "Bu aspekt bazarın necə işləməsi ilə bağlıdır. Avtomobillərin sayı parkinqlərin həcminə mütənasib deyil. AYNA bir neçə ay əvvəl parkinq siyasətini əlinə götürdü və yeni siyasət tariflərini tətbiq etməyə başladı. Bu da çox yüksək tariflərdir".

Onun fikrincə, belə bir tariflər olduğu təqdirdə alternativ parkinq yerləri də öz qiymətlərini artıracaqlar: "Burada xüsusi məqam ondan ibarətdir ki, son qərarla metronun "28 May" stansiyası ətrafında avtomobillərin sıralanması imkanları tamamilə məhdudlaşıb. Bu da ona gətirib çıxarıb ki, ətrafda olan digər dayanacaqların xidmətlərinə tələbat artıb və bu, parkinq idarəçilərinə qiymətləri artırmalarına şərait yaradıb".

XS
SM
MD
LG