Rusiyada Komi Respublikasının Usinsk şəhərində yerli icra hakimiyyəti binalardan birinin divarından Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr edilmiş plakat asıb.
Amma sonradan məlum olub ki, plakatda təsvir edilmiş fotodakı maralla yanaşı dayanan avtomatlı fin əsgəridir.
Current Time xəbər verir ki, sözü gedən plakatda təsvir edilmiş şəkil Finlandiyanın Laplandiya bölgəsində, 1944-cü ilin mayında çəkilib. O zaman Finlandiya nasist Almaniyasının müttəfiqi idi.
Plakatın “yeni variantında” tanınmış şairə Galina Gritsachenko-nun “Buynuzlu batalyonlar” şeirindən bir bənd də verilib.
Usinsk şəhərinin meri Nikolay Takayev baş vermiş səhvi belə izah edib:
"Bu rüsvayçı hal administrasiya əməkdaşlarının diqqətsizliyindən baş verib. O vaxt bizdə burada formlaşdırılan maral batalyonunu təsvir edən foto axtarırmışlar. Plakatı bu gecə çıxarıblar. Yenisi sifariş edilib. Diqqətli usinsklilərə təşəkkürümü bildirirəm. İndicə hüquqşünası çağırtdırmışam. Görək səhv edənlərə nə cəza veririk”.
Administrasiyadan verilən xəbərə görə səhvə mədəniyyət idarəsində yol verilib.
Rəsmilər bildirirlər ki, bu işdə günahı olanların hamısı cəzalandırılacaq.
İlk dəfə deyil
Məsələ burasındadır ki, Rusiyada müxtəlif vaxtlarda belə anlaşılmazlıqlar dəfələrlə baş verib.
Aprelin sonlarında Taqanroq ictimai-mədəniyyət mərkəzində divara vurulmuş plakatda Almaniyanın T-4 tankının yanına toplaşmış alman əsgərlər görünür.
Fotonun əsli 1941-ci ilin oktyabrında çəkilib.
Nijni Novqorod şəhərində isə 9 may plakatında Volqa hərbi flotiliyasının qəhrəmanları təsvir edilən foto verilib.
Halbuki onlar Böyük Vətən yox, vətəndaş müharibəsinin qəhrəmanları olublar.