Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:52

'Politico': Blinken Azərbaycanın Ermənistana girməyə hazırlaşdığını deyib


ABŞ Dövlət Departamenti “Politico” nəşrinin yazdığını təkzib edib. Nəşrin yazdığına görə, Dövlət katibi Antoni Blinken (Antony Blinken) konqresmenlərə xəbərdarlıq edib ki, Azərbaycan növbəti həftələrdə Ermənistana müdaxilə edə bilər.

Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) Ermənistanın “Armenpress” informasiya agentliyinə bildirib ki, məqalədə yazılanlar “doğru deyil”, “Blinkenin qanunvericilərə dediklərini əks etdirmir”.

“Birləşmiş Ştatlar Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Bu suverenlik və ərazi bütövlüyünün istənilən pozulmasının ciddi nəticələrə gətirib çıxaracağını qeyd edirik. Bu haqda informasiya (“Politico”nun yazdığı – red.) doğru deyil və Dövlət katibi Blinkenin qanunvericilərə dediyini əks etdirmir”, – Miller “Armenpress”ə şərhində deyib.

+++

Ötən həftə ABŞ dövlət katibi Antoni Blinken qanunvericilərdən ibarət kiçik qrupa xəbərdarlıq edib ki, onun idarəsi tezliklə Azərbaycanın Ermənistana girə biləcəyini mümkün sayır.

Bu xəbəri Vaşinqtonda yerləşən "Politico" nəşri iki konqresmenə istinadən yazıb.

Avropa Şurası Azərbaycana sanksiya qoya bilərmi? 'Erməni sakinləri inandırmağa çalışmalıdır'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Oktyabrın 3-də telefon danışığı zamanı konqresmenlər Blinkendən Qarabağda hərbi əməliyyata görə Bakıya qarşı mümkün tədbirlərin görülməsini tələb ediblər.

"Politico"nun xəbərinə görə, Blinken bildirib ki, Dövlət Departamenti ABŞ-ın Bakıya hərbi yardım göstərməsinə imkan verən sazişi (907-ci düzəliş) yeniləməyəcək.

O həmçinin bildirib ki, "yaxın həftələrdə Azərbaycanın Ermənistanın cənubuna hücumunu mümkün hesab edir", - nəşr yazır.

Bununla belə, Ermənistanla Azərbaycan arasında davam edən diplomatik danışıqlara əminliyini ifadə edib.

ABŞ Dövlət Departamenti "Politico"da dərc olunan bu xəbəri şərh etməkdən imtina edib, lakin qurumun "Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə", münaqişənin "birbaşa danışıqlar" yoluyla həllinə sadiq olduğunu qeyd edib.

"Politico"ya müsahibə verən prezidentin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev Azərbaycanın Ermənistan ərazisinə hər hansı iddiasının olmasını rədd edib.

«Azərbaycan hüquqi, tarixi və mənəvi cəhətdən bizim olanı “antiterror” əməliyyatı ilə bərpa edib və ermənilərin ərazilərinə girmək niyyətində deyil", - o əlavə edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə (Şuşa şəhəri daxil) nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Qarabağda qalan əraziyə ( Xankəndi daxil) separatçı qurum nəzarət edib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG