Rusiya prezidenti Vladimir Putin Arktika qurşağının içərisində yerləşən Yamal yarımadasında 27 milyard dollarlıq maye təbii qaz (MTG) zavodunun açılışını edib. Bu zavod Rusiya, Fransa və Çin şirkətlərinin birgə layihəsinin bir hissəsidir.
Putin Sabetta portunda ilk qaz yükünün buzqıran tankerə doldurulmasına tamaşa edib.
İstismara dekabrın 5-də verilmiş bu zavod Rusiyanın Novatek, Fransanın Total və Çinin CNPC şirkətlərinin birgə müəssisəsidir.
Bu layihə 2019-cu ilin başlanğıcında tam istifadəyə veriləcək və ona ümumi tutumu ildə 16, 5 milyon ton olan üç qurğu daxil olacaq. Rusiya qarşısına dünyanın ən böyük MTQ ixracatçısı olan Qətəri ötüb keçmək məqsədini qoyub. Zavodun ilkin istehsalı ildə 5, 5 milyon ton olacaq.
Moskvadan 2500 kilometr şimal-şərqdə yerləşən bu zavodun açılışında Total şirkətinin baş direktoruPatrick Pouyanne da iştirak edib. O deyib ki, üç ölkənin iştirakı ilə ekstremal iqlim şəraiti olan bir yerdə dünya səviyyəli MTQ kompeksi tikilib. Zavod Yamal yarımadasının zəngin qaz ehtuiyatları ilə işləyəcək.
Rəsmən Yamal MTQ şirkətinin idarəçiliyində olacaq bu zavodda Novatek-in 50, 1, Total-ın 20 və CNPC-nin 20 faiz payı olacaq.
AzadlıqRadiosu yazır ki, Novatek-in podratçılarından bəziləri ABŞ-ın sanksiyaları altındadır və bu səbədən layihə üçün beynəlxalq maliyyə təsisatlarından dəstək almaq asan olmayıb. Məhz bundan sonra şirkət maliyyə dəstəyi üçün çinli patnyorlara müraciət edib.