Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 01:53

Putin uzunmüddətli sülhdən danışarkən əslində nəyi nəzərdə tutur?


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Ukraynada 30 günlük atəşkəslə bağlı ABŞ-nin təklifinə razıdırmı? O bu suala birmənalı cavab verməyib.

Martın 13-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında Kremlin lideri deyib: "Əməliyyatları dayandırmaqla bağlı təkliflərlə razıyıq. Amma bu, uzunmüddətli sülhə gətirib çıxarmalı, bu böhranın ilkin səbəblərini aradan qaldırmalıdır".

O, daha sonra Rusiyanın Kursk regionunda hərbi vəziyyətlə bağlı uzun-uzadı danışıb. Son günlər Ukrayna qüvvələri burada əhəmiyyətli mövqe itiriblər.

Rusiyanın Müdafiə Nazirliyi Sudja şəhərinə nəzarəti bərpa etdiyini açıqlayıb. Putin mətbuat konfransında söyləyib ki, Rusiya qüvvələri regionda Ukrayna əsgərlərini tam təcrid və tam atəş nəzarətində saxlayırlar.

Kursk səfərindən sonra barışdırıcı ton

Putin martın 12-də Kurska gedib, həm də müharibə aparan ölkə lideri kimi hərbi geyimdə olub.

AzadlıqRadiosunun jurnalisti Natan Hoc yazır ki, bu səfər Vaşinqtona döyüşkən siqnal göndərir. Amma Putin martın 13-də daha barışdırıcı tonda danışıb.

"Atəşkəs ideyası özlüyündə düzgündür, bunu dəstəkləyirik, amma müzakirə etməli olduğumuz məsələlər var", – o deyib.

Putin bununla bağlı amerikalı həmkarları ilə danışmağın, ABŞ prezidenti Donald Trampla telefonla müzakirənin vacibliyini qeyd edib: "Bu münaqişənin dinc yolla başa çatmasını isə dəstəkləyirik".

Elə əsas məsələ də detallardır.

Putinin Trampla konkret hansı məsələləri qaldıracağını zaman göstərəcək. Tramp Rusiyanın "düzgün olanı" edəcəyinə ümidini bildirib, Putinin dediklərini "ümidverici", amma "natamam" adlandırıb.

Putinin şərtləri

"Putinin bugünkü mövqeyi qeyd-şərtsiz atəşkəsi rədd edir. Bu isə Trampı qəzəbləndirə, ikitərəfli əlaqələri normallaşdırmağın perspektivlərini əngəlləyə bilər", – "R.Politik"in təhlilçisi və təsisçisi Tatyana Stanovaya yazıb.

"Amma o qətiyyətlə rədd də etmir. Əsas şərti budur ki, atəşkəs münaqişənin əsas səbəbləri üzrə əsaslı danışıqlar üçün tramplin olsun – Ukrayna "İstanbul+" çərçivəsinə razılaşmalıdır. Rusiya buna Kiyevin kapitulyasiyasına aparan yol kimi baxır", – təhlilçi vurğulayır.

Putin həmçinin ABŞ-dən hərbi təchizatı dayandırmaqla bağlı öhdəliklər tələb edib. Kiyev müdafiə xətlərini gücləndirməyəcəyini, fasilədən yenidən silahlanma üçün istifadə etməyəcəyi vədi verməlidir. Zelenskinin legitimliyinə də baxılmalıdır, Putinin tələbi belədir.

Rusiyanın aparıcı müxalifət lideri Vladimir Kara-Murza daha kəskin danışıb.

X-də postunda Kara-Murza yazıb ki, Putin ehtiyatsızlıqdan ağzından fundamental həqiqəti qaçırıb.

"Əsas səbəb Kremldəki başdanxarab KQB zabitidir. O, sovet imperiyasının çöküşünü "20-ci əsrin ən böyük geosiyasi fəlakəti" sayır, opponentlərini "xəyanətkarlar", Ukraynanı "süni dövlət" sayır, Stalini, Andropovu idollaşdırır", – Kara-Murza yazıb.

"Bu əsas səbəbin kökünü kəsməyənəcən təkcə Ukraynada deyil, bütünlükdə Avropada sülh olmayacaq", – o əlavə edib.

Prosesdə sonrakı addım Trampla Putin arasında daha şəxsi səviyyədə gerçəkləşə bilər.

XS
SM
MD
LG