Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:56

Kochariana görə Qarabağ separatçılarının Yerevandan narazılığı artır


Ermənistan baş naziri Nikol Pashinian (solda) və Qarabağ separatçılarının lideri Bako Sahakian
Ermənistan baş naziri Nikol Pashinian (solda) və Qarabağ separatçılarının lideri Bako Sahakian

Ermənistanın baş naziri Nikol Pashinian Dağlıq Qarabağ separatçılarının lideri Bako Sahakianın Ermənsitanın keçmiş prezidenti Robert Kocharian-a dair həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə xahişindən danışıb.

Pashinian deyib ki, Sahakian bu barədə açıq bəyanat verməmişdən əvvəl onunla məsləhətləşib.

AzadlıqRadiosu Erməni xidməti – Azatutyunun məlumatına görə baş nazir bu məsələyə müdaxilə etməyəcəyini bildirib:

“O mənə bu barədə öz müraciətindən bir gün əvvəl məlumat vermişdi. Mənəvi nöqteyi-nəzərdən mən buna normal yanaşıram. Lakin siyasi yöndən baxanada bəzi suallar ortaya çıxır. Əgər mən orda kimisə zaminə çıxarmaq istəsəydim Qarabağ məhkəməsi buna necə baxardı?”

Nikol Pashinian habelə Kocharian-la bağlı situasiyanın Dağlıq Qarabağ sakinləri arasında Ermənistan baş nazirinə inamsızlıq yaradacağına dair ehtimalları da rədd edib.

Pashinian deyib ki, ola bilsin, onun Qarabağda, Ermənistanda olduğundan daha böyük dəstəyi var.

Bundan bir qədər əvvəl, 9 may ərəfəsində Qarabağ separatçılarının indiki və keçmiş liderləri Bako Sahakian və Arkadi Gukasian şəxsən Yerevan məhkəməsinə gəlmiş, zaminliklə bağlı ərizəni təqdim etmişdilər.

Onlar bu ərizədə hazırda Ermənistanda 1 mart 2008-ci hadisələri ilə bağlı mühakimə edilən Robert Kocharian barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyirdilər.

Sahakian və Gukasianın Yerevan ədliyyəsinə hər biri 500 min dram (10 min dollar) olmaqla zaminpulu ödədikləri də xəbər verilir.

Bugünlərdə Qarabağın başqa bir separatçı lideri Ashot Gulian demişdi ki, Qarabağda Kocharianın həbsdən azad olunmasına dəstək var.

Lakin Qarabağın erməni liderlərinin belə mövqeyi Ermənistanın siyasi dairələrində birmənalı qəbul edilmir.

Kocharian faktiki olaraq 2008-ci ildə Ermənistanda dövlət çevrilişi etməkdə ittiham olunur. Ondan başqa bu iş üzrə həm də keçmiş müdafiə naziri, Bakı Ali Hərbi Məktəbinin məzunu (1979-1983), əslən şuşalı Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin keçmiş qərargah rəisi Yury Khachaturov və baş nazirin keçmiş müavini Armen Gevorkian da keçirlər.

Məhkəmə Kochariana dair qətimkan tədbiri barədə qərarını mayın 18-də elan etməlidir.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

Kocharian 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Kocharian ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

Mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Kocharian 2008-ci ildə onillik hakimiyyətinin son günlərində ölkənin konstitusiya quruluşunu devirməyə cəhd ittihamıyla məhkəmə qarşısına çıxarılıb.

XS
SM
MD
LG