Rusiyalı ekspert Sergei Markedonov hesab edir ki, yaxın zamanlarda Ermənistan–Azərbaycan münaqişəsi zonasında gərginlik qalacaq, ancaq ötən ilin aprel hadisələrinin təkrarlanacağı ehtimalı azdır.
«Yeni gərginləşmələr olacaq, ən çox mümkün ssenari diversiya əməliyyatlarının davamı ola bilər. Bu əməliyyatlarla eyni vaxtda danışıqların davam etdirilməsi də mümkündür. Məsələn, iki ölkənin xarici işlər nazirlərinin görüşünün baş tutması mümkündür», – deyə Markedonov Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində bildirib.
«İKİ NƏSİL YETİŞİB»
Politoloq qeyd edir ki, Qarabağ münaqişəsi postsovet məkanında ən mürəkkəb münaqişələrdən biridir və bu gün onun nizamlanmasını təsəvvür etmək son dərəcə çətindir. Onun sözlərinə görə, 25 il ərzində Qarabağda artıq Azərbaycan ərazisində yaşamağın nə demək olduğunu bilməyən iki nəsil yetişib. «Digər tərəfdən, dünyada daha uzun tarixə malik münaqişələr var», – deyə Markedonov əlavə edib.
Buna da bax-Minsk qrupu Qarabağ referendumunun nəticələrini tanımayacaq
Onun fikrincə, Qarabağ münaqişəsinin yaxın gələcəkdə həllini gözləməyə dəyməz. Çünki münaqişə tərəflərinin mövqeləri bir-birindən çox fərqlənir. «1994-cü ildən bəri artıq bütün mümkün həll variantları təklif edilib. Bütün məsələlərin bir paketdə həllini nəzərdə tutan «paket variant» var, ancaq sonradan bəlli oldu ki, bu mümkün deyil. Münaqişənin mərhələli həlli də çətindir. Çünki sual yaranır: birinci kim başlayacaq?» – deyə Markedonov sözünə davam edib.
Bu gün ABŞ, əsasən, öz daxili problemləri ilə məşğuldur. Fransada isə prezident seçkiləri gözlənilir. Belə bir zamanda bir sıra ekspertlər güman edirlər ki, yaxın aylar ərzində Qarabağ məsələsi ilə ancaq bir ölkə – ATƏT-in Minsk qrupunun üzvü olan Rusiya məşğul ola bilər.
«PUTIN BOŞ DANIŞAN ADAM DEYİL»
Sergei Markedonov-un sözlərinə görə, bu münaqişənin tarixində Moskva artıq iki dəfə baş rolu oynayıb: 1994-cü ildə, atəşkəs haqqında saziş imzalananda və 2008-2011-ci illərdə, ozamankı prezident Dmitry Medvedev-in təşəbbüsü ilə üçtərəfli yüksəksəviyyəli görüşlər təşkil olunanda. Ancaq bu təşəbbüs 2011-ci ildə Kazanda uğursuzluğa düçar oldu. O zaman Azərbaycan prezidenti İlham Əliyev əvvəlcədən razılaşdırılmış sənədi imzalamaqdan imtina etdi.
Buna da bax-Erməni lobbisi ABŞ-ı Azərbaycan-İsrail sövdələşməsini dayandırmağa çağırır
«Aprel müharibəsindən sonra barışdırıcılıq rolunu Rusiya prezidenti Vladimir Putin öz üzərinə götürüb. O isə boş danışan adam deyil. Digər tərəfdən, nə Medvedev, nə də Putin ermənilərlə azərbaycanlıların yerinə qərar qəbul edə bilməzlər», – deyə rusiyalı ekspert qeyd edib.
Rusiyanın Azərbaycana silah satmasına gəlincə, Markedonov-un fikrincə, bu, ikinci dərəcəli məsələdir. «Burada birinci dərəcəli məsələ vuruşmaq istəyinin olmasıdır. Silahı isə Azərbaycan, məsələn, İsrail, Türkiyə və Ukraynadan da ala bilər», – deyə politoloq bildirib. O əlavə edib ki, Rusiya Cənubi Qafqazda «balanslaşdırılmış siyasət» yürütməyə çalışır. «Moskva artıq Gürcüstanda öz nüfuzunu itirib və indi də Azərbaycanda nüfuzunu itirə bilməz», – deyə S.Markedonov qeyd edib.