Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:48

"Həmin QHT-lərin bank hesablarından həbs götürülüb"


Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

►“Aprelin 1-dən bank hesablarından istifadə edə biləcəklər”

Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, “irəliyə baxmaq lazımdır”

Novruz bayramından öncə Azərbaycanda bir çox qeyri-hökumət təşkilatlarının (QHT) hesablarından həbslərin götürülməsi ilə bağlı qərar qəbul olunub.

Bəzi şəxslərə qarşı cinayət işləri, bəzilərinin isə yoxlamalara məruz qalması dayandırılıb.

135 qeyri-hökumət təşkilatını özündə birləşdirən Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvlərinin hesabları həbsdən azad olunub.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev AzadlıqRadiosuna deyir ki, martın 31-də daha bir neçə yenilik baş verib.

– Elə bir az əvvəl mənə məlumat gəldi ki, prokurorluğun təqdimatlarına əsasən, məhkəmələr həmin təşkilatlara məxsus hesabların üzərindən həbsin götürülməsi ilə bağlı qərar qəbul edib. Bu gündən banklara məlumatlar göndəriləcək. Sabahdan (aprelin 1-dən – red.) isə istənilən şəxs öz hesabından istifadə edə biləcək. Digər tərəfdən, hələ martın 19-dan sərhəddə bəzi şəxslərin əlavə yoxlamasıyla bağlı bütün prosedurlar ləğv edilib. 17 şəxslə belə yoxlamalara məruz qalırdı. Xeyli şəxsin üstündən isə bu, daha əvvəl götürülmüşdü. Bu proses ötən ilin oktyabrından başlayaraq davam etməkdədir. Bundan başqa, ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı cinayət işləri də tamamilə dayandırlılıb. Bəzi cinayət işlərilə bağlı sənədlər və avadanlıqlar götürülmüşdü. Artıq avadanlıqlar qaytarılıb, sənədlərin qaytarılması prosesi də başlanır. Burda da heç bir problem olmayacaq.

– Belə demək olarmı ki, vətəndaş cəmiyyəti ilə bağlı yumşalmalar gedir?

– QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cmiyyətinə mühitin daha da yaxşılaşdırılması istiqamətində təkliflər hazırlayır. Bunlardan biri də qeydiyyat prosesinin sadələşdirilməsi ilə bağlı təkliflərdir. Eyni zamanda qrant müqavilələrinin qeydiyyatının sadələşdirilməsi, QHT-lərin fəaliyyətinin öyrənilməsi haqqında qaydaların asanlaşdırılması təklifləridir. Prezidentin imzaladığı sonuncu əfv fərmanı ilə azadlığa çıxanlar arasında mətbuatda tez-tez adları hallanan dostlarımız da var idi. Rauf Mirqədirovun, İntiqam Əliyevin cəzaları məhkəmə qərarları ilə dəyişdirildi. Bütün bu proseslər vətəndaş cəmiyyəti ilə dövlət orqanlarının əməkdaşlığı çərçivəsində baş verib. Bu prosesi yeni bir situasiyanın, vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün yeni imkanların yaradılmasına sistemli yanaşma kimi siyasi iradənin ifadəsi kimi dəyərləndirirəm. Bu proses davam edir və ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilir.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Əfv Komissiyasının da üzvüsünüz. Sonuncu əfv fərmanı və məhkəmə qərarları ilə azad olunanların davamı gələcəkmi?

– Bu proses davamlı xarakter daşıyr. İstisna etmirəm ki, əfv sərəncamları davam edəcək. Eyni zamanda məhkəmə qərarları da olur, davam edəcək. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda bütün məsələlər ölkənin öz işi olaraq, ölkə içində həllini tapır. Dövlət orqanlarının vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığı çərçivəsində bu proseslər qanunu əsaslara söykənərək həll olunur. Ölkədə islahatlar gedir və bu islahatlar prosesinin getməsi və dərinləşməsi həm də etimad mühitinin, dialoq mühitinin daha da güclənməsinə gətirib çıxarır. Dialoq platformalarının genişlənməsinin şahid oluruq.

– QHT-lərin fəaliyyətinin genişlənməsindən danışdınız. Bəs, həbsdən çıxan vətəndaş cəmiyyəti fəallarının vaxtilə rəhbərlik etdiyi təşkilatlarla bağlı yeniliklər gözlənilirmi?

– Onlar qeyri- hökumət təşkilatlarında fəaliyyətlərini davam etdirəcəklər. Həmin təşkilatlar bir şəxsdən ibarət deyil ki. Orda yetərincə şəxslər var. Onların enerjisi, fiziki imkanları təşkilatlarının yenidən qurulmasına, daha da güclənməsinə gətirib çıxaracaq. Bu təşkilatlarla bağlı bəzi hökmlərdə məhdudiyyətlər nəzərdə tutulub. Amma düşünürəm ki, bütün bunlar da tezliklə həllini tapan məsələlərdir. Sadəcə, hər kəs qarşılıqlı ittihamlardan imtina etməklə ölkənin mənafeləri üçün çalışmalıdır. Çünki dövlətin gücü vətəndaş cəmiyyətinin gücündən keçir. İrəliyə baxmaq lazımdır. İrəlidə isə ölkənin maraqları, demokratik dəyərlərin möhkəmlənməsi, islahatların dərinləşməsi prosesi dayanır. Bunlara diqqət yetirməliyik.

– Vaxtilə ölkədə fəaliyyət göstərmiş xarici qeyri-hökumət təşkilatları ilə bağlı nə deyə bilərsiniz?

– Heç bir xarici qeyri-hökumət təşkilatının Azərbaycan hökuməti tərəfindən bağlanması ilə bağlı qərar qəbul edilməyib. Məhkəmənin qərarı olmayıb. Hər bir təşkilat fəaliyyətinə xitam verilməsinə dair özü, ya da yuxarı orqanı qərar qəbul edib. Əgər ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanda işləmək istəyirlərsə, heç bir problem yoxdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq qaydada prosedurlardan keçib fəaliyyət göstərə bilərlər. Milli təhlükəsizlik, müharibə təbliğatı, milli, dini ayrı-seçkiliklə bağlı fəaliyyətə icazə verilmir. Qalan hallarda, hər hansı təşkilatın ölkədə fəaliyyət göstərməsinə heç bir maneə yoxdur.

Buna da bax: Ağ-qara filmlər rənglənəndə belə olur (Müqayisəli fotolar)

XS
SM
MD
LG