Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:09

"AzTV sədri dövlət resurslarından əleyhimə istifadə edir"


Qulu Məhərrəmli: "Önəmli olan məhkəmənin nəticəsidir"
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Qulu Məhərrəmli: "Önəmli olan məhkəmənin nəticəsidir"

►AzTV rəhbəri məhkəməyə gəlməkdən boyun qaçırır

"Mən, sadəcə, televiziyanın tarixini, indiki fəaliyyətini təhlil eləmişəm, müsbət hadisələri və nöqsanları sadalamışam. Bildirmişəm ki, nöqsanların səbəblərindən biri - bu televiziyaya rəhbərlik edən şəxsin peşəkar olmamasıdır. O, yaradıcı insan deyil. Dövlət AzTV-yə 50 milyona yaxın vəsait ayırıb, amma görün, o televiziyanın reytinqi nə yerdədir".

Tanınmış telejurnalist və telekommunikasiya araşdırıcısı prof. Qulu Məhərrəmli aprelin 8-də Yasamal Rayon Məhkəməsində çıxış edərkən belə deyib. Məhkəmə iclasında AzTV-nin rəhbəri Arif Alışanovun Qulu Məhərrəmlini cinayət məsuliyyətinə cəlb etmək tələbinə baxılır.

AzTV sədri növbəti məhkəmə iclasına da qatılmayıb

Ötən iclasda Qulu Məhərrəmli xüsusi ittihamçı olan Arif Alışanovun özünün də məhkəmədə iştirakına dair vəsatət qaldırmış və hakim Azər Tağıyev də bu vəsatəti təmin etmişdi. Ancaq məhkəmə qərar versə də, AzTV sədri növbəti iclasa da qatılmayıb.

Qulu Məhərrəmlinin vəkili Cavid Rzazadə bildirib ki, məhkəmə öz qərarının icrasını - Alışanovun məhkəmədə iştirakını təmin etməlidir: "Düşünürəm ki, Arif Alışanov məhkəməyə çağrılmalıdır. Növbəti dəfə də gəlməsə, iddiaçının təkrar gəlməməsi əsas götürülüb iddiaya məhkəmə baxışından imtina olunmalıdır. Qanunvericilik də belə deyir".

Dilçilik İnstitutuna sorğu göndərilib, amma...

Vəkil ayrıca qeyd edib ki, Qulu Məhərrəmlinin müsahibəsində təhqir elementlərinin olub-olmamasını dəqiqləşdirmək üçün mütəxəssis rəyi almaq məqsədilə Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoruna sorğu göndərilib. O, həmin sorğunun surətini məhkəməyə də təqdim edib.

Arif Alışanovun vəkili Zaur Abbasov Qulu Məhərrəmlinin Dilçilik İnstitutunda şöbə müdiri olduğunu əsas gətirərək, bu qurumun obyektiv rəy verməsinin şübhə doğurduğunu deyib:

"Sözsüz ki, direktor öz şöbə müdirinin xeyrinə rəy verəcək".

Alışanovun özünün iştirakına gəlincə, Zaur Abbasov bildirib ki, qanunvericilik xüsusi ittihamçının nümayəndə ilə təmsil olunmasına imkan verir.

___________________________________________________________

Bunlara da bax:
"Putinka" arağının gəliri kimə çatır?
Hacıbala Abutalıbovun işində büdcə pozuntuları var

___________________________________________________________

“Şərəf və ləyaqətin qorunmasını başqasına həvalə etmək olmaz”

Qulu Məhərrəmlinin özü də Alışanovun məhkəməyə qatılmasını tələb edib:

"Mən 40 ildir jurnalistika sahəsində çalışıram. Bura ona görə gəlirəm ki, məhkəmə və qanunlara hörmət edirəm. Bu insan gəlib deməlidir ki, onu mənim hansı sözlərim ağrıdıb və necə təhqir eləmişəm. O, bunları izah eləmək gücündə və səviyyəsindədirsə, buyurub gəlsin. Məndən şikayət edən şəxsin özü gəlməlidir.

Çünki şərəf və ləyaqət ailə kimi bir şeydir, onun müdafiəsini başqasına həvalə etmək olmaz".

“700 yerdə montaj var...”

Qulu Məhərrəmli deyir ki, AzTV sədri dövlət resurslarından onun əleyhinə istifadə edir:

"Dövlətin resurslarından - televiziyanın avadanlıq və işçilərindən yararlanaraq, əleyhimə üçsaatlıq video çəkiblər. O videoda 700 yerdə montaj var. Bu isə o deməkdir ki, Alışanov, ən azı, 3 gün işçilərini buna səfərbər edib".

Tanınmış telejurnalist və telekommunikasiya araşdırıcısı bir müsahibənin gəlib məhkəmə çəkişməsi səviyyəsinə çıxmasının məyusluq doğurduğunu da söyləyib.

Qulu Məhərrəmli və vəkili etiraz etsə də, hakim Azər Tağıyev xüsusi ittiham qaydasında qaldırılan iddianın icraata qəbul edilməsi barədə qərar çıxarıb. Məhkəmə baxışı aprelin 15-nə təyin olunub.

Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq telejurnalistin Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı bu ilin fevralında "moderator.az" saytı və "Azadlıq" qəzetində dərc edilən müsahibəsindən sonra yaranıb. AzTV sədri müsahibədə səslənən fikirlərə görə, Qulu Məhərrəmlinin CM-in 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını istəyir.

Buna da bax: Mirzə Cəlil yazırdı: "Lazım gəlsə, vuruşaram..."

Mirzə Cəlil yazırdı: "Lazım gəlsə, vuruşaram..."
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

XS
SM
MD
LG