Məntəqə sədri 'karusel' olmadığını deyir
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 286 saylı məktəbdə yerləşən 26 və 27 saylı məntəqələrdə də «karusel»in baş verdiyi ilə bağlı şikayətlər var. Ayrı-ayrı seçicilər bildirirlər ki, avtobuslarla gətirilən təlimatlandırılmış şəxslər həmin məntəqələrdə də səsvermələrdə iştirak ediblər.
26 saylı məntəqənin sədri Elşən Vəliyev isə səsvermənin gedişində heç bir pozuntuya yol verilmədiyini deyir: «Məntəqədə 12-13 müşahidəçi var, jurnalistlər də iştirak edir. Odur ki, burada nə topa-topa bülleten atmaq olar, nə də «karusel» etmək. Odur ki, deyilənlər yanlışdır».
Məntəqələrdə 'karusel' səsvermələri barədə xəbərlər gəlir
«Azadlıq» qəzetinin redaktoru Rövşən Hacıbəyli Yeni Yasamalda yerləşən Laçın rayonu 121 saylı Seçki Dairəsinin 1 saylı məntəqəsində müşahidələrini aparıb: «Bülletenlər topa-topa atılır, bir nəfərə bir neçə bülleten verilir. Şəxsiyyət vəsiqəsi tələb edilmir, adamları maşınlarla səsverməyə gətirirlər. Aparıb digər məntəqələrdə səs verdirilər, əlqərəz, «karusel» bütün gücü ilə işləyir»,- deyə o, qeyd edib.
Hələlik, Laçın rayonu 121 saylı Seçki Dairəsinin 1 saylı məntəqəsinin rəsmilərindən jurnalistin dediklərinə münasibət öyrənmək mümkün olmayıb.
Bir seçicidə 3 bülleten
«Sumqayıt şəhər 41 saylı Seçki Dairəsindəki 19 saylı məntəqədə bir nəfərə 3 bülleten verilir».
Bunu seçicilərdən AzadlıqRadiosuna Fidan Həsənzadə bildirib.
Onun deməsinə görə, əlində 3 bülleten olan şəxslərdən biri səsvermə kabinəsinə keçmək istəyəndə, onu saxlayıb: «Dedim ki, əlində neçə bülleten var. Cavab verdi ki, bir. Baxdıqdan sonra gördüm ki, üç bülletendir. İkisini alıb, gəldim məntəqə sədrinin yanına. Dedim ki, bu nədir edirsiniz?».
Cavabı bundan ibarət oldu ki, «yəqin səhv olub. Belə şeyə yol vermirik».
Hələlik, məsələyə Sumqayıt şəhər 41 saylı Seçki Dairəsindəki 19 saylı məntəqənin üzvlərindən münasibət almaq mümkün olmayıb.