Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:21

Saat əqrəbinin biznesə təsiri


Foto illüstrasiya
Foto illüstrasiya

-

Hər il martın sonuncu həftəsi saatın əqrəblərini bir saat irəli çəkib «yay vaxtı»na keçən Azərbaycanda bu il hökumətin qərarı ilə bu ənənəyə son qoyuldu. Sadə vətəndaşlar bunu adi rejimdə yatıb yuxudan qalxmaq kimi qəbul edirlər.

Bəs biznes çevrələri ölkənin əsas ticarət və biznes tərəfdaşı olan Qərb ölkələrindən daha bir saat «uzaq» düşməyi necə qarşılayıblar? Bu, onların işgüzar rejimində necə iz buraxacaq?

«AVROPA… SAAT 12-Nİ SON HƏDD GÖTÜRƏCƏK»

Biznes məsləhətçisi Xəyal Məmmədxanlı AzadlıqRadiosuna deyib ki, yay vaxtına keçiddən imtina nəticəsində Avropa ilə 3 saatlıq vaxt fərqi 4 saata, ayrıca Böyük Britaniya ilə 5 saata qalxacaq:

«Azərbaycan bank və təkrarsığorta əməliyyatlarını, pul köçürmələrini, əsasən, Avropa ölkələri ilə aparır. Aydın məsələdir ki, əməliyyatlar üçün bank və sığorta şirkətlərinin günboyu daha az zamanı qalacaq. Məsələn, Avropa bankları əməliyyatın Azərbaycanda vaxtında, yəni gün bitməmiş tamamlanması üçün günorta saat 12-ni son hədd götürəcək».

Bununla belə, Xəyal Məmmədxanlının fikrincə, hər bir şey kimi, biznes çevrələri bu rejimə də tezliklə uyğunlaşacaq.

«SAATIN 1 SAAT O YAN-BU YANA ÇƏKİLMƏSİ…»

Gəncənin xaricdən buğda gətirən «Neon» şirkətinin prezidenti Arif Həsənov beynəlxalq maliyyə əməliyyatlarının aparılmasında çətinlik törənəcəyini düşünmür: «Saatın bir saat o yan-bu yana çəkilməsi nə gömrüklə münasibətimizdə, nə də hesablaşmalarda problem yaradacaq».

Mərkəzi Bankda isə AzadlıqRadiosuna bildiriblər ki, bununla bağlıbütün ödəniş və informasiya sistemlərində tələb olunan işlər görülüb:

«Hökumət Ödəniş Portalının (HÖP) texniki arxitekturasına daxil olan bütün şəbəkə və mərkəzi server avadanlıqlarında vaxt göstəricisi real vaxt rejimində, beynəlxalq vaxt sinxronizasiya servisləri ilə əlaqə əsasında tənzimlənir. Bu mənbələrdə isə artıq Nazirlər Kabinetinin qərarı nəzərə alınıb».

Bir sözlə, Mərkəzi Bank ödəniş və informasiya sistemlərində problemin yaranmayacağını açıqlayıb.

BEYNƏLXALQ REYSLƏRƏ ÖNCƏDƏN BİLET ALANLARA XƏBƏRDARLIQ

Yay vaxtına keçidin ləğvinə görə, «Azərbaycan Hava Yolları» (AZAL) aviaşirkəti bu il martın 27-dən etibarən uçuş cədvəlinə düzəliş olunacağını sərnişinlərə bildirib.

AZAL təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq üçün bütün beynəlxalq uçuşların artıq alınmış biletlərdə göstərilən vaxtdan bir saat tez başlanacağını açıqlayıb. Şirkət martın 26-dan sonrakı reyslərə bilet alan sərnişinlərin hamısından xahiş edir ki, qeydiyyat üçün uçuş vaxtından 3 saat öncə Bakı hava limanına gəlsinlər.

XS
SM
MD
LG