MSK: 'Pozuntu məlumatları yanlış və uydurmadır'
«Pozuntularla bağlı məlumatların heç biri həqiqəti əks etdirmir».
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov seçkilərdə pozuntulara yol verilməsi barədə məlumatları şərh edərkən belə deyib.
«Turan» agentliyinin xəbərinə görə, o, hələlik MSK-ya pozuntularla bağlı heç bir müraciət daxil olmadığını qeyd edib: «Heç bir rəsmi şikayət yoxdur. Əldə edilən məlumatlarımız onu deməyə əsas verir ki, kifayət qədər qanuna uyğun seçki mühiti, rəvan mühit var. İnsanların seçkidə iştirak edib öz rəyini ifadə etməsi üçün hər cür şərait var».
N.Məmmədov pozuntularla bağlı məlumatların yalan olduğunu ifadə edib: «Çox təəssüflər olsun ki, bəzi meyllər hiss olunmaqdadır. Sosial şəbəkələrin imkanlarından istifadə edən bəzi qüvvələr seçki prosesinə kölgə salmaq yolunu tutublar. Bu mövqelərin arxasında heç bir fakt durmur. Tamamilə yanlış və uydurmadır».
Saat 15:00-dək seçici fəallığı açıqlanıb
Azərbaycanda keçirilən prezident seçkilərində saat 15:00-dək olan seçici fəallığı açıqlanıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər 3 milyon 227 min 817 nəfər səs verib. Onun sözlərinə görə, seçkidə 60.74 faiz seçici iştirak edib.
Seçkidə pozuntu görənlər hara müraciət etməlidir
Hüquqşünas məsləhəti
Seçki pozuntuları xəbərlərinə XİN-dən açıqlama
«Xaricdəki bəzi internet resursları Azərbaycanda seçkilərin gedişinə xələl gətirmək üçün saxta xəbərlər yayır».
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatında belə deyilir.
Konkret ünvanlar göstərməyən XİN sözçüsü bildirib ki, Azərbaycan xaricində yerləşən bəzi internet resursları və sosial şəbəkə profilləri prezident seçkilərinin gedişinə xələl gətirməkdən ötrü qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayırlar.
H.Hacıyev qeyd edib ki, həmin internet resurslarının yaydığı şəkillərdə və videogörüntülərdə aid olduğu iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluqlar var.
Üstəlik, onun deməsinə görə, pozuntularla bağlı yayılan fotolarda «Photoshop» elementləri görünür. XİN sözçüsü hesab edib ki, belə məlumatları yaymaqla hazırlanacaq yekun hesabatlara təsir etmək məqsədləri güdülür.
«Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb. Onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər», - H.Hacıyev vurğulayıb.