Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:31

Vüqar Səfərli: 'Elə saxlanılırıq ki, sanki xalq düşməniyik'


Vüqar Səfərli
Vüqar Səfərli

KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli deyir ki, ittiham aktında onun haqqında yazılanları oxuyarkən onda özünə nifrət yaranır.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına (KİV) Dövlət Dəstəyi Fondu 2009-cu ildə yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru olmuş Vüqar Səfərli deyir ki, ittiham aktında onun haqqında yazılanları oxuyarkən onda özünə nifrət yaranır.

Onun sözlərinə görə, büdcədən ayrılmış milyonlarla vəsaiti mənimsəməsi, cinayət yoluyla əldə olunan pulları leqallaşdırıb bankda saxlaması haqda ittihamların heç bir əsası yoxdur. Bu barədə o, sentyabrın 17-də öz məhkəməsində ifadə verərkən danışıb.

“Ora Əli Həsənovundur deyə, icarə haqqı verməməliydik?”

Səfərli deyir ki, hazırda onu prezidentin keçmiş köməkçisi Əli Həsənovun ailəsinə məxsus binada Fond üçün icarəyə ofis götürüb, külli miqdarda dövlət vəsaitini israf etməkdə təqsirləndirirlər. Amma bu gün də Fondun bazasında yaradılmış qurum elə həmin binada yerləşir:

“Biz o binanı Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, yerinə, şəraitinə görə icarəyə götürmüşdük. Ora Əli Həsənovundur deyə, icarə haqqı verməməliydik? Cinayət işinin materiallarında yazıblar ki, hər kvadrat metr üçün icarə rüsumu 47 qəpikdir. Gülünc rəqəm yazıblar. Harada bu qiymətə ofis var? Hardan biləydik ki, Əli Həsənovu işdən çıxaracaqlar, bu cür məsələlərdən bizə qarşı istifadə edəcəklər?”

Sabiq icraçı direktorun sözlərinə görə, Fondun xərclərindən, o cümlədən icarə haqqından Maliyyə Nazirliyinin məlumatı olub. Nazirlik də kvadratmetri 18 manatdan ofis icarəyə götürməyə razılıq verib və Fond sözügedən binada fəaliyyət göstərdiyi müddətdə bu məsələ ilə əlaqədar heç bir qurumdan narazılıq olmayıb.

Prezident qəzetlərin səviyyəsindən narazı olub

Səfərliyə qarşı ittihamlardan biri də budur ki, həmin binada prezident yanında Bilik Fondunun icarəyə götürdüyü ofis boşalanda onu da icarəyə götürüb, əlavə vəsait ödəməklə israfçılığa yol verib. Keçmiş icraçı direktor isə məhkəmədə bəyan edib ki, həmin ofisdə Prezident Administrasiyasının təyin etdiyi blogerlər yerləşdirilmişdi:

“Əli Həsənov dedi ki, həmin ofislə əlaqədar Ramiz Mehdiyevin adına məktub yazım...”

KİV-in İnkişafına Dəstək Fondunda maliyyə məsələləri və digər mühüm məsələlərlə bağlı qərarları Müşahidə Şurasının verdiyini deyən Səfərlinin sözlərinə görə, hara, nə qədər xərclənməsini də onlar müəyyənləşdirib. Onun Müşahidə Şurasının qərarlarına qarışmaq səlahiyyəti olmayıb.

Səfərli deyir ki, 2018-ci ilin sonunda Əli Həsənov onu çağırıb, prezidentin qəzetlərin səviyyəsindən narazı olduğunu bildirib. Tapşırılıb ki, qəzetlərin sayı azaldılsın, keyfiyyət artırılsın. Bu istiqamətdə müzakirələrdən sonra bəzi qəzetlərə maliyyə dəstəyi göstərməkdən imtina olunub.

“Mən suvaq olçənəm?”

Keçmiş Fond rəhbəri Bibiheybət qəsəbəsində media nümayəndələri üçün binaların tikintisi zamanı 18 milyona yaxın vəsaitin yeyintisi barədə ittihamı da qəbul etmir. O vurğulayıb ki, istintaq tikinti şirkətinin hesabına köçürülən vəsaitlərin kimlər tərəfindən nağdlaşdırıldığını, kimin əliylə çıxarıldığını araşdırmaqda maraqlı olmayıb:

“Tikintiyə həmişə Əli Həsənov rəhbərlik edib. Bəzən mənimlə, bəzən də mənsiz gedib baxırdı. Suvaq 5 santimetr yox, 3 santimetr vurulubsa, buna mən cavabdeh ola bilmərəm ki. Mən suvaq olçənəm? 64 yaşın içindəyəm, insan həyatıyla oynamaq olmaz. Məni hər dəfə 4 illik olmaqla, 3 dəfə prezident icraçı direktor təyin edib. Üç dəfə məni təltif edib – Əməkdar mədəniyyət işçisi kimi, Cümhuriyyətin 100 illiyi medalı ilə, “Vətənə xidmətə görə” ordeni ilə. İttihamda elə şeylər yazıblar. Adam oxuyanda özünə nifrət edir. Bizi elə saxlayırlar, sanki xalq düşmənləriyik...”

Onun dindirməsi sentyabrın 21-də davam edəcək, prokurorun və o vəkillərin suallarını cavablandıracaq.

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb.

2020-ci ilin yayında həbs olunan Səfərli və daha 10 nəfərin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG