Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 16:53

Xəstəxana ilə 'Azəriqaz' arasında 72.5 min manatlıq qalmaqal: 'Mənbəyi olmayan borcdur'


"Azəriqaz"
"Azəriqaz"

Siyəzən rayon Mərkəzi Xəstəxanası ilə "Azəriqaz" İstehsalat Birliyi arasında böyük məbləğdə borc qalmaqalı yaşanır. Xəstəxana iddia edir ki, "Azəriqaz" onlardan 72 min 462 manat istifadə etmədikləri qazın pulunu tələb edir. Üstəlik, hədələyir ki, ödənilməsə, xəstəxanaya qaz verilməyəcək.

"Bu, mənbəyi məlum olmayan borcdur. Hansı dövrdən başlandığı, nəyə əsasən hesablandığı məlum deyil. Bu məbləğdə borcun yaranmasının əsası bizə məlum deyil. Qanuna görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir", - xəstəxana rəhbərliyi məhkəməyə şikayətini belə əsaslandırıb.

"Azəriqaz" bu iddianı qəbul etmir

Bu borc qalmaqalı Bakı Kommersiya Məhkəməsində araşdırılarkən, "Azəriqaz"ın nümayəndəsi yazılı etirazını təqdim edib. Orada vurğulanıb ki, adətən, abonent tükətdiyi qazın pulunu bəlli müddət ərzində ödəməsə, onun qaz təchizatı dayandırılır. Ancaq xəstəxanada müalicə alanların özəlliklə həssas qrupa aid olduğunu nəzərə alıb tibb müəssisəsinin qazını kəsməyiblər. Nəticədə onların təbii qazdan istifadəyə görə borcu ilbəil artıb və 72 min 462 manata çatıb: "Sistemdən çıxarılmış saldolardan da borcun mövcudluğu görünür. İddia ərizəsində borcun "mənbəyi məlum olmayan" kimi göstərilməsi absurddur. Sadəcə, illər ərzində borcu ödəməkdən boyun qaçırıblar".

Bakı Kommersiya Məhkəməsi xəstəxananı haqlı sayaraq 72.5 min manatlıq borcun əsassız hesablandığı qənaətinə gəlib və onun silinməsinə qərar verib. "Azəriqaz" bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib.

Noyabrın 16-da Bakı Apellyasiya Məhkəməsi bu mübahisəyə dair yeni qərar çıxarıb. Budəfəki qərar "Azəriqaz"ın xeyrinə olub. Apellyasiya instansiya məhkəməsinin fikrincə, borc əsaslıdır və xəstəxana onu ödəməlidir.

Siyəzən rayon Mərkəzi Xəstəxanası qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

XS
SM
MD
LG