Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:03

NATO baş katibi: Navalnının xatirəsinə ən yaxşı töhfə Putinin Ukraynada məğlub olması olardı


Yens Stoltenberq
Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO müttəfiqləri müdaxilə edən Rusiya qoşunlarının ölkədən çıxarılması üçün döyüşən Ukraynanın üstün gəlməsini təmin etmək üçün daha çox iş görməyə hazırdırlar.

Rusiyanın Ukraynaya tammqiyaslı müdaxiləsinin ikinci ildönümü münasibətilə AzadlıqRadiosuna müsahibəsində baş katib bunu da deyib ki, “Ukrayna ilə həmrəylik təkcə düzgün yol deyil, bu həm də bizim özümüzün təhlükəsizlik maraqlarımızdadır”:

"Mən həmişə vurğulayıram ki, bu xeyriyyə ianəsi deyil. Bu, bizim öz təhlükəsizlyimizə investisiyadır. Bizim dəstəyimiz döyüş meydanında hər gün fərq edir”.

Ukrayna hazırda Qərbdə yaranmış siyasi apatiyaya görə maliyyə və hərbi yardıma ciddi ehtiyac hiss edir. Üstəlik Rusiya son vaxtlarda bütün cəbhə boyunca hücum əməliyyatlarını gücləndirib.

Rusiya çox sayda əsgərini qurban verməyə hazırdır

Stoltenberq bu müsahibədə deyib ki, Rusiyada müxalif siyasətçi Aleksey Navalnının ölümü və Rusiyanın döyüş meydanında qazandığı son uğurlar NATO-nun və onun müttəfiqlərinin diqqətini Ukraynanın təcili dəstək ehtiyaclarına yönəltməlidir:

"Mən güclü şəkildə inanıram ki, Aleksey Navalnının xatirəsinin ən yaxşı yad edilməsi Putinin döyüş meydanında qələbə qazanmasına yol verməmək, Ukraynanın üstün gəlməsini təmin etmək olardı”.

Avdeyevkanın verilməsi əhəmiyyətli itki olmasa da...

Stoltenberq deyib ki, Ukrayna qüvvələrinin ötən həftə aylarla davam edən qızğın döyüşlərdən sonra Avdeyevkanı tərk etməsi Rusiyanın daha da irəliləyə bilməməsi üçün Ukraynaya daha çox hərbi yardım edilməsinin zərurətini nünmayiş etdirir:

"Biz inanmırıq ki, Ukrayna qoşunlarının Avdeyevkadan çıxması özlüyündə strateji stuasiyada əməmiyyətli dəyişiklikdir. Lakin bu onu göstərir ki, Rusiya kiçik torpaq ərazilərini ələ keçirmək üçün çox sayda əsgərini qurban verməyə hazırdır. Bu həm də onu göstərir ki, Rusiya İran, Şimali Koreyadan əhəmiyyətli hərbi təchizat əldə edib və öz istehsalını artırmağa nail olub”.

Ukrayna üçün ABŞ-ın 61 milyard dollarlıq yardım paketi Konqresdə ilişib qalıb. Bu müddətdə İsveç, Kanada və Yaponiya da daxil başqa müttəfiqlər Kiyevə yardımları artırıblar.

Ukraynaya F-16 qırıcıları nə vaxt veriləcək

Ukraynanın ABŞ istehsalı F-16 qırıcılarını nə vaxt ala biləcəyinə dair suala cavab olaraq Stoltenberq deyib ki, bu hələ məlum deyil.

O əlavə edib ki, müttəfiqlər bu təyyarələrin Ukraynaya mümkün qədər tez çatdırılmasını istəyirlər, lakin F-16-ların effektli olması üçün, pilot heyəti yaxşı təlimləndirilməli, texniki xidmət heyətləri isə hazırlıqlı olmalıdırlar.

Ukrayna Rusiyanın havadakı hegemonluğuna son qoya bilmək üçün çoxdandır ki, F-16 qırıcılarını əldə etməyə çalışır. ABŞ ötən avqustda Ukraynaya Danimarkadan və Niderlanddan F-16 təyyarələrinin veriləcəyini təsdiqləyib.

Stoltenberq deyib ki, bu təyyarələrin Ukraynaya verilməsi məsələsinə hər bir müttəfiq ayrılıqda baxacaq və bu məsələdə müttəfiqlərin müxtəlif siyasətləri vardır.

Baş katibin sözlərinə görə Ukrayna təcavüzkar hücuma məruz qalıb və özünümüdafiə üçün Rusiya ərazisindəki qanunu hədəfləri vura bilmək imkanına malik olmalıdır.

Tramp Ağ Evə qayıtsa...

Keçmiş prezident Donald Trampın Ağ Evə qayıtmaq perspektivlərinə dair suala cavab verən Stoltenberq deyib ki, bu il ABŞ seçkisinin nəticələrindən asılı olmayaraq, ABŞ NATO-nun sadiq müttəfiqi olaraq qalacaq, çünki bu, Birləşmiş Ştatların təhlükəsizliyinin marağındadır.

Hazırda seçkiqabağı reytinqlərdə birinci olan Tramp fevralın 10-da demişdi ki, Birləşmiş Ştatlar mümkün Rusiya müdaxiləsində yalnız alyansa üzvlük haqqını tam verən ölkələri müdafiə edəcək.

Stoltenberq isə deyib ki, Birləşmiş Ştatlar 30 müttəfiqlə birlikdə daha güclüdür və nə Rusiya, nə də Çinin belə bir üstünlüyü var.

O deyib ki, Trampın tənqidi müdafiəyə daha az xərclənməsi ilə bağlıdır.

Lakin baş katib əlavə edib ki, getdikcə daha çox üzv ÜDM-in 2 faizini müdafiəyə xərcləməklə NATO qarşısında öhdəliyini yerinə yetirir.

Stoltenberq deyib ki, 2014-cü ildə NATO-nun yalnız üç üzvü ÜDM-in 2 faizini müdafiəyə xərcləyirdi, hazırda belə üzvlərin sayı 18-ə çatıb.

Bununla belə baş katib bu göstəricinin kafi olmadığını, əslində imkan oalrsa, müdafiəyə ÜDM-in 2 faizindən də çox ödənməli olduğunu deyib.

XS
SM
MD
LG