Keçid linkləri

2025, 10 Yanvar, Cümə, Bakı vaxtı 00:49

Suriyanın yeni ordusunda irəli çəkilən əcnəbi döyüşçülər öz ölkələrinin hökumətlərini təlaşlandırır


Suriyada müxalif döyüşçülər Suriyanın Həma şəhərinin kənarında ələ keçirilən zirehli maşının üstündə.
Suriyada müxalif döyüşçülər Suriyanın Həma şəhərinin kənarında ələ keçirilən zirehli maşının üstündə.

Suriyanın yeni hökuməti bir neçə əcnəbi islamçı döyüşçüyə yüksəkrütbəli hərbi vəzifələr verib. Bu addımın həmin şəxslərin vətəndaşı olduğu ölkələrin hökumətlərini narahat etdiyi bildirilir.

"Reuters" və "AFP"nin Suriyadakı adı çəkilməyən mənbələrə istinadən yaydığı xəbərlərdə Şimali Makedoniyadan olan bir etnik alban, bir Tacikistan vətəndaşı və üç çinli uyğurun yüksək vəzifələrə yüksələn əcnəbilər arasında olduğu bildirilir.

Xəbərdə deyilir ki, həmin əcnəbi döyüşçülərdən üçünə briqada generalı, azı, üçünə də polkovnik rütbəsi verilib. AzadlıqRadiosu xəbərin doğruluq dərəcəsini müstəqil qaydada yoxlaya bilmir.

Makedoniyada doğulan və eyni zamanda Əbu Qatada əl-Albani adı ilə tanınan Əbdül Samrez Yaşarinin polkovnik rütbəsinə yüksəldildiyi bildirilir.

48 yaşlı Yaşari 2024-cü ilin dekabrında Suriya prezidenti Bəşər əl-Əsədi hakimiyyətdən devirən "Heyət Təhrir əş-Şam" (HTŞ) ilə müttəfiq olan və, əsasən, etnik albanlardan oluşan "Cemaati Alban" silahlı qrupuna rəhbərlik edir.

ABŞ Xəzinədarlıq Departamenti 2016-cı ildə Yaşarini terrorçu elan edilib.

Xəbərlərin dəqiqliyini təsdiqləmək mümkün olmasa da…

Polkovnik rütbəsi alan daha bir xarici vətəndaş Tacikistandan olan, HTŞ-yə yaxın tacikistanlı bloqerlərin adını Sayfiddin Tojiboyev kimi göstərdikləri döyüşçüdür.

AzadlıqRadiosu Tojiboyevin yeni əməliyyat komandiri vəzifəsinə təyin edilməsi və mayor rütbəsindən polkovnik rütbəsinə yüksəldilməsi barədə xəbərin doğru olub-olmadığını yoxlaya bilməyib.

Tacikistan hüquq-mühafizə orqanlarında çalışan və kimliyinin anonim qalmasını istəyən bir mənbə yanvarın 5-də AzadlıqRadiosunun tacik xidmətinə bildirib ki, hökumət Tojiboyevin yeni təyinatından xəbərdardır.

Tacikistanda axtarışda olan 41 yaşlı Tojiboyev xarici münaqişəyə qatılmaqda, terrorçu təşkilatın üzvü olmaqda və terrorçu qruplara döyüşçü cəlb etməkdə suçlanır. Onun adı Tacikistan Mərkəzi Bankının sanksiya altında olan və maliyyə fəaliyyətləri yasaqlanan şəxslər siyahısına da daxil edilib.

"Tojiboyev və qardaşı 2013-cü ildə Suriyaya gedib və o zamandan bəri hərbi münaqişəyə qatılıblar. Tojiboyev həm də bir neçə Tacikistan vətəndaşını terrorçu qruplara cəlb edib", - Düşənbədəki sözügedən qaynaq AzadlıqRadiosuna belə deyib.

Sayfiddin Tojiboyev
Sayfiddin Tojiboyev

Tojiboyev Tacikistan İslami Dirçəliş Partiyasının üzvü olub. Bir zamanlar Düşənbədə populyar olan bu hərəkat 2015-ci ildə yasaqlanaraq "terrorçu" adlandırılıb. Partiyanın özü terrorçuluq ittihamlarını rədd edir.

Tojiboyev 2012-ci ildə qısa müddət İslami Dirçəliş Partiyasının Tacikistanın şimalında yerləşən Spitamen rayonundakı yerli ofisinin sədri də olub. O, daha sonra istefa verib və partiyanın siyasətini tənqid edib.

Rəsmi açıqlamalar yoxdur

HTŞ-nin əcnəbiləri vəzifələrə təyin etməsinə dair hər hansı rəsmi açıqlama yoxdur. Bu islamçı qrup qadın haqları və milli barışıq məsələlərində, beynəlxalq ictimaiyyətlə münasibətlərdə mötədil siyasət yürüdəcəyinə söz verib, eyni zamanda da müttəfiqi olan müxtəlif silahlı firqələrdən peşəkar ordu yaratmağa çalışır.

HTŞ-nin tərkibində Rusiya, Mərkəzi Asiya və Balkanlardan gəlmiş çox sayda döyüşçü var. Onların çoxu Suriyaya 2014-cü ildə "İslam Dövləti" (İD) ekstremist qrupunun Suriya və İraqda xilafət yaratdığını elan etməsindən sonra gəlib.

Bu döyüşçülərin çoxu vətənlərində sabitliyə və milli güvənliyə təhlükə kimi görülür.

Ötən ilin dekabrında - Suriyadakı tacik miqrantların videoları sosial mediada yayılan zaman adının çəkilməsini istəməyən, Tacikistan təhlükəsizlik qüvvələrinə yaxın bir mənbə demişdi ki, Düşənbə vətəndaşlarının xarici müharibələrdə döyüşməsindən narahat olur.

"Onlar Tacikistana geri dönərək burada ciddi problem yarada bilərlər", - belə döyüşçüləri "saatlı bomba" adlandıran həmin mənbənin AzadlıqRadiosuna söylədiyi sözlərdir.

Son illərdə Mərkəzi Asiya hökumətləri yüzlərlə vətəndaşını geri qaytarıb. Onlar İraq və Suriyada vuruşan İD döyüşçülərinin ailə üzvlərinə mülki yaşamla qaynayıb-qarışmalarında kömək ediblər.

Bundan başqa, hökumətlərin amnistiya qərarlarından yararlanan onlarla vətəndaşın özü könüllü vətənə qayıdıb.

Ekspertlərin fikrincə, Suriyada hələ də bir neçə min xarici döyüşçü var.

Hökumətlər bu döyüşçülərin özləriylə HTŞ ideologiyasını, yaxud İslam inqilabını vətənlərinə gətirə biləcəyindən narahatdır.

Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Dəməşqdə keçmiş üsyançı qruplaşmaların rəhbərləri ilə görüşür.
Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Dəməşqdə keçmiş üsyançı qruplaşmaların rəhbərləri ilə görüşür.

"Onlar bunu belə görürlər"

HTŞ haqqında "Siyasi cihadçılıq dövrü" adlı kitabın müəllifi olan Aaron Zelin AzadlıqRadiosuna deyib ki, bu təyinatlar Əhməd əş-Şaraanın rəhbərliyi ilə yeni Suriya hökumətinin Suriyadan başqa yerlərə dair planlarının olmasını deməyə əsas vermir.

"Bu Colani və HTŞ-nin bu adamların Suriya dövlətinin tapşırıqlarını yerinə yetirməsini, indən belə daha heç bir muzdlu fəaliyyətinin olmamasını və savaşın bitməsini təmin etmək cəhdidir", - Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş tədqiqatçısı olan Zelinin sözləridir.

Ekspert qeyd edib ki, əş-Şaraa bəlli zaman müddətində ölkədə yaşayan və HTŞ-ni Əsəd rejiminə qarşı mübarizədə dəstəkləyən əcnəbilərə Suriya vətəndaşlığı verilməsi barədə danışıb.

"Colani onları yerliləşdirməyə və suriyalı etməyə çalışmış ola bilər. … Muzdlu döyüşməkdənsə bütünləşib HTŞ-nin yeni roluna tabe olsunlar. Ya da, ən azı, onlar bunu belə görürlər", - Zelinin dəyərləndirməsidir.

XS
SM
MD
LG