Sumqayıtda divara "Allahı söyənlərə cəza" yazdığı iddia olunan inanclı fəalların üçüncüsü haqqında da həbs qərarı çıxarılıb. Sumqayıt şəhər Məhkəməsindəki mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, Nicat Əliyevə də 10 sutka inzibati həbs cəzası verilib. O, xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilinib.
İddia olunur ki, 36-yaşlı Əliyev iyunun 18-də günorta saatlarında Sumqayıtda "Karvan" ticarət mərkəzinin yaxınlığında gedəndə ünvansız söyüş söyüb, bu zaman ona yaxınlaşan polis əməkdaşlarının əmrinə tabe olmayıb.
Yaxınları isə deyir ki, Nicat Əliyevi iyunun 18-də yaşadığı Masazır qəsəbəsindən polislər aparıb. Onun hansı səbəbdən və hara aparılması haqda ailəsinə məlumat verilməyib.
Əliyev Müsəlman Birliyi Hərəkatının üzvüdür. İyunun 18-də Əliyev də daxil olmaqla, hərəkatın üç üzvünün yoxa çıxması haqda məlumat yayılıb. İyunun 19-da Yasin Əhmədova, 20-də isə Vüqar Əliyevə Sumqayıt şəhər Məhkəməsinin qərarıyla 10 sutka inzibati həbs cəzası verildiyi məlum olub. Onlar da eyni ittihamla həbs edilib.
Hər üç inanclı fəalın yaxınları hesab edir ki, ünvansız söyüş ittihamı saxtadır, onlar əslində Sumqayıtda divara şüar yazmağa görə cəzalandırılıblar.
Sumqayıtda divara şüar yazanlar həbs olundu
Müsəlman Birliyi Hərəkatının iyunun 18-də saxlanılan üç üzvündən ikisi haqqında həbs qərarı çıxarılıb. Söhbət Sumqayıt şəhərində divara "Allahı söyənlərə cəza!" şüarı yazmış Yasin Əhmədov, Nicat Əliyev və Vüqar Əliyevdən gedir.
Yasin Əhmədov və Vüqar Əliyevin hər birinə Sumqayıt şəhər Məhkəməsinin qərarıyla 10 sutka inzibati həbs cəzası kəsilib. Əhmədovun məhkəməsi iyunun 19-da, Əliyevin məhkəməsi isə iyunun 20-də olub.
"Biz üç gündür ki, Vüqarı axtarırıq. Onun yeri haqda heç bir məlumat vermirdilər. Bu gün öyrəndik ki, Sumqayıt şəhər Məhkəməsində bu gün (iyunun 20-də) ona 10 sutka inzibati həbs veriblər. Nə özümüz görüşə bilmişik, nə vəkil tutmuşuq", – Əliyevin yaxınları AzadlıqRadiosuna belə deyib.
Ailəsinə məlumat verilməyib
Nicat Əliyevə gəlincə, onun ailə üzvləri bildirib ki, digər iki nəfər haqqında Sumqayıt şəhər Məhkəməsində qərar çıxarıldığını nəzərə alıb, onlar da məlumat almaq üçün bu məhkəməyə gediblər: "Öyrəndik ki, Nicatın məhkəməsi səhər saat 10-a təyin olunub. Sonra dedilər ki, məhkəmə günortadan sonra olacaq. Biz də gözləyirik...".
Yaxınları deyir ki, Nicat Əliyevi iyunun 18-də yaşadığı Masazır qəsəbəsindən polislər aparıb. Onun hansı səbəbdən və hara aparılması haqda ailəsinə məlumat verilməyib.
Yasin Əhmədov və Vüqar Əliyevin hər biri haqqında 10 sutka həbs qərarı çıxarılmasını Sumqayıt şəhər Məhkəməsindən də AzadlıqRadiosuna təsdiqləyiblər. Onların hansı əsasla həbs olunması haqda isə heç bir məlumat verilməyib. Ailə üzvləri hesab edir ki, onlar divara yazılan şüara görə cəzalandırılıblar.
Taleh Bağırov niyə aclıq edir
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun iyunun 3-dən saxlandığı Qobustan həbsxanasında aclıq etdiyi bildirilir. O, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş hərəkat üzvünün polis idarəsində işgəncəyə məruz qalması, həmin prosesdə "Allahın da təhqir olunmasına" etiraz olaraq aclığa başladığını bəyan edib. İlahiyyatçının tələbi belə polis əməkdaşlarının cəzalandırılmasıdır. Bağırovdan sonra Müsəlman Birliyi Hərəkatının həbsdə olan bir neçə başqa üzvü də aclıq aksiyasına qoşulduğunu açıqlayıb.
Həbsdəki inanclıların aclıq etməsi haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
DİN təkzib edir
Daxili İşlər Nazirliyi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması, polis əməkdaşlarının təhqirə yol verməsi haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidməti bu barədə deyilənlərin əsassız olduğunu bəyan edib.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov bir sıra ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb. Birliyin başqa həbsdə olan üzvləri də var. Onlar ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.