Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 06:05

Tofiq Yaqublu son sözünü dedi: 'Sən hakim deyilsən...' (VIDEO)


Milli Şuranın və Müsavat partiyasının fəalı Tofiq Yaqublu sentyabrın 2-dən aclıq aksiyasına başlayıb. Bu barədə onun özü məhkəməsində məlumat verib.

Sentyabrın 2-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqublu onun işi üzrə keçirilən məhkəmə iclasında son sözünü deyib.

O bildirib ki, birbaşa prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bilir, çünki həbsindən öncə ona xəbərdarlıq edilmişdi.

Yaqublu əminliyini bildirib ki, onun haqqında ittiham hökmü çıxarılacaq və o verilən sifarişə uyğun da həbs cəzası alacaq:

“Amma mən azadlıqdan məhrum olduğum illəri, ayları, günləri Azərbaycan xalqının milli lideri, çox sevdiyim böyük şəxsiyyət, millət atası, Əliyevlərin də nifrət etdiyi Məhəmməd Əmin Rəsulzadəyə ithaf edirəm...”

Həbsinə səbəb olan hadisə haqda danışan Tofiq Yaqublu bildirib ki, onun şərlənməsində ilk dəfə ailə iştirak edir:

“Başqa siyasi fəallar da şərlənib. Bu iş isə ilk dəfədir ki, ailə podratıdır. Bilmirəm ki, bu pis yola ər arvadını çəkib, yoxsa arvad ərini...”

“Mən həqiqətən bu cinayəti eləmiş olsaydım...”

Tofiq Yaqublunun sözlərinə görə, onun şərlənməsi birbaşa videokameraların altında baş verib. Amma həmin görüntülərin ortaya çıxarılmaması məsələnin mahiyyətindən xəbər verir:

“Dindirmə zamanı Elxan Cəbrayılovdan hansı yoldan gəldiyini soruşanda mənə dedi ki, “sən də o yolla gəlirdin də”. Bu özü də bilmədən etiraf etdi ki, məni izləyirmiş. Burada mən suçsuzluğumu sübut eləyəsi deyiləm. Siz bir az ləyaqətiniz olduğunu sübut eləməli idiniz. Eləyə bilmədiniz, eləmədiniz. Mən həqiqətən bu cinayəti eləmiş olsaydım, Ramiz Mehdiyevin nəvəsinin toyunu bütün aləmə göstərdikləri kimi, mənim də videomu telekanalizasiyalar gecə-gündüz göstərərdi. Daha hadisənin görüntülərini telefonumdan silməzdilər. O bir tərəfə, Nərgiz Yaqublunun yadigarının – nəvəmin videolarını da siliblər”.

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızının toyu olduğu bildirilir. Koronavirus pandemiyası ilə bağlı mart ayından Azərbaycanda toylara icazə verilmir deyə, toydan sonra Ramiz Mehdiyevin kürəkəni və onun qudası 15 sutkalıq həbs olunublar. Toyda iştirak edənlər cərimələniblər.

Cinayət işində çoxsaylı saxtakarlıqlar olduğunu vurğulayan Tofiq Yaqublu bildirib ki, martın 22-də “8-ci kilometr bazarı”nın qarşısında maşını park olunmuş vəziyyət olub. O maşında əyləşib, həyat yoldaşı və daha bir qohumunun bazardan çıxmasını gözləyib:

“Mən maşında oturduğum yerdə birdən gördüm ki, başqa bir maşın mənim maşınımı sürtüb keçdi. O videolar sizdə də var, özünüz də baxmısınız, yaxşı bilirsiniz. Baxdım səs gəlir, elə bildim gəlib ki, “qardaş, üzrlü say”. Gördüm yox, məni söyür. Dərhal başa düşdüm ki, təxribatdır. Çünki park halında məni vurub, hələ üstəlik də söyürdü. Tez maşının qapısını kilidlədim, şüşəni qaldırdım. Mən çəkməyə başladım. Gərək o çəkilişi kiməsə göndərəydim. Düşünmədim ki, dövlət adına bu boyda əxlaqsızlığa gedib, videonu telefonumdan silərlər. Ardınca da oturub bir status yazdım “Facebook”da. Söyürdülər ki, düşüm, dava vəziyyəti alınsın. Düz kameranın altı idi. Çəkib göstərsinlər. Mən isə düşmədim, polis gələnə qədər...”

İlham Əliyevi tənqid edən siyasətçi 4 il 6 ay həbs oluna bilər
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

“3-5 il verəcəksiz, çəkib çıxacam”

Telefonunun zorla həyat yoldaşından alındığını, amma baxış keçirilmədiyini deyən Tofiq Yaqublu hesab edir ki, bu hadisə insanlarda polisə inamsızlığı bir qədər də artırıb:

“3-5 il verəcəksiz, çəkib çıxacam. Ondan sonra evə quldur basqın eləyəndə neyləməliyəm? Polisə necə etibar eləyim? İnsanlar dövləti ona görə qurublar ki, dövlət onları qorusun, hüquqlarını müdafiə eləsin. Bizi isə dövlət adından şərləyirlər. Özü də bu dövləti qoruyan adamları. Biz bu dövləti qoruyanda İlham Əliyev kazinoda qumar oynayırdı. Məni Nizami Rayon Polis İdarəsi tutub. Bu prosesdə Nizami rayon prokurorluğu da iştirak edib. Məhkəmə də bu işi davam etdirir...”

Prezident İlham Əliyev vaxtilə kazinoda qumar oynaması ilə bağlı söylənənləri cavablandırıb. O, hazırda fəaliyyət göstərməyən “ANS” televiziyasına müsahibəsində bu iddiaları özünə qarşı “ciddi şəkildə düşünülmüş böhtan kampaniyası”, “şayiə” adlandırıb.

Hakim Nəriman Mehdiyev bir neçə dəfə Tofiq Yaqubluya xəbərdarlıq edərək, ondan ittihamın mahiyyəti üzrə danışmağı tələb edib.

O isə belə cavab verib:

“Xəbərdarlığı hakim eləyər, amma sən hakim deyilsən. Bu məhkəmədə legitim olan vəkillərdir, bir də katib. Bu gündən aclıq eləyirəm, ona görə enerjimi çox sərf eləmək istəmirəm. Deyirsiz mahiyyəti üzrə danış. Olmayan şeydən mən necə danışım? Mən sizə sübut eləməliyəm ki, Marsda olmuşam? Mən aclıq edirəm və qələbəyə qədər gedəcəm. Ölərəm vətən yolunda, amma cinayətkar rejim, Əliyevlər gedənə qədər mübarizəni dayandırmaram. Azərbaycanda hüquqi dövlət qurulmalıdır. Mənəviyyatsız adamlar rədd olmalıdır. Mən suçsuzam, cinayətkar sizsiz, İlham Əliyevdir, Ramiz Mehdiyevdir...”

Hakim bu yerdə Tofiq Yaqublunun mikrofonunu söndürüb və hökm çıxarmaq üçün müşavirəyə gedib.

Hökmün sentyabrın 3-də elan olunacağı gözlənilir.

Tofiq Yaqublu aclıq aksiyasına başlayır
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.

""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

XS
SM
MD
LG