Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 06:16

Borrel: 'NATO sifarişlə alyans ola bilməz'


D.Tramp Cənubi Karolinada Respublikaçılarının prezidentliyə namizədliyi üçün ilkin seçkidən əvvəl Kostal Karolina Universitetində təşviqat aksiyası keçirir.
D.Tramp Cənubi Karolinada Respublikaçılarının prezidentliyə namizədliyi üçün ilkin seçkidən əvvəl Kostal Karolina Universitetində təşviqat aksiyası keçirir.

Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrel fevralın 12-də deyib ki, NATO "sifarişlə alyans ola bilməz". Bundan öncə ABŞ-ın keçmiş prezidenti Donald Tramp NATO-nun Avropada təhlükəsizlik çətiri öhdəliyinə dair qalmaqallı açıqlama verib.

"Gəlin ciddi olaq. NATO seçimlə hərbi alyans ola bilməz, ABŞ prezidentinin gündəlik əhvalından asılı işləyən hərbi alyans ola bilməz. Ya mövcuddur, ya da deyil", -- Borrel vurğulayıb.

Diplomat əlavə edib ki, ABŞ-da prezident seçkisi kampaniyasından gələn istənilən "səfeh" ideyanı şərh etməyəcək.

ABŞ prezidenti Co Bayden (Joe Biden) isə Trampın dediklərini "qorxulu və təhlükəli" adlandırıb.

77 yaşlı Trampın noyabr seçkisində 81 yaşlı Baydenə rəqib olacağı gözlənilir.

Trampın Rusiya, NATO barədə dediklərini pisləyirlər

Ağ ev, Avropa liderləri və NATO ABŞ-ın keçmiş prezidenti Donald Trampın (Donald Trump) son bəyanatını pisləyiblər. Tramp deyib ki, yenidən seçilərsə, Birləşmiş Ştatlar, alyans üzvləri öz müdafiələri üçün yetərincə pul verməzlərsə, onları Rusiyanın potensial hücumundan qorumaya bilər, bununla rusiyalıları istədiklərini etməyə həvəsləndirər.

"Ən yaxın müttəfiqlərimizin qatil rejimlər tərəfindən işğalını həvəsləndirmək qorxulu və səfehdir. Bu, Amerikanın milli təhlükəsizliyinə, qlobal sabitliyə və daxildə iqtisadiyyatımıza təhlükə yaradır", - Ağ evin sözçüsü Endrü Beyts (Andrew Bates) Trampın fevralın 10-da axşam dediklərini belə şərh edib.

NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) fevralın 11-də yazılı bəyanatda bildirib ki, "müttəfiqlərin bir-birini müdafiə etməyəcəyinə dair istənilən fikir ABŞ daxil olmaqla təhlükəsizliyimizə zərbə vurur, Amerika və Avropa hərbçilərini daha artıq riskə məruz qoyur".

"NATO-ya istənilən hücum birgə və güclü reaksiya ilə üzləşəcək", - Stoltenberq əlavə edib.

Tramp nə deyib

Tramp bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd uğrunda kampaniyası zamanı dilə gətirib. Bu ilin noyabrında ABŞ-da prezident seçkisidir. Tramp 2020-ci ildə Demokrat Partiyasından Co Bayden tərəfindən məğlub edilib.

Tramp prezidentlik dövründə NATO-nun gərəkliliyini tez-tez sual altına alıb, üzvlər, onun təbirincə, müdafiədə öz ədalətli payını ödəməsə, alyansdan çıxmaqla hədələyib.

NATO alyansının 5-ci maddəsində deyilir ki, üzvlərdən birinə silahlı hücum hamıya qarşı hücum sayılacaq, alyansın kollektiv özünümüdafiəsini işə salacaq.

Tramp fevralın 10-da Cənubi Karolinada tədbirdə deyib ki, prezidentliyi dövründə NATO liderləri ilə görüşündə bir ölkənin prezidenti ondan soruşub: "Yaxşı, ser, əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, bizi qoruyacaqsız?".

"Dedim ki, "Siz ödəniş etmədiz? Qanunu pozursuz?". O dedi: "Bəli, deyək ki, bu baş verdi". Xeyr, mən sizi müdafiə etməzdim. Əslində onları istədiklərini etməyə həvəsləndirərdim. Siz pulu verməlisiz".

Reaksiyalar

Polşanın müdafiə naziri Vladislav Kosinyak- Kamış fevralın 11-də X platformasında yazıb ki, "NATO-nun "bir nəfər hamı üçün, hamı bir nəfər üçün" devizi konkret öhdəlikdir. Müttəfiq ölkələrin etibarlığına zərbə vurmaq bütövlükdə Şimali Atlantika Müqaviləsi Təşkilatını zəiflətmək deməkdir".

"Heç bir seçki kampaniyası alyansın təhlükəsizliyi ilə oynamağa bəhanə vermir", - o, sözlərinə əlavə edib.

Almaniya Xarici İşlər Nazirliyi X platformasında yazıb: ""Bir nəfər hamı üçün və hamı bir nəfər üçün". NATO-nun bu prinsipi Ankoricdən Ərzurumadək 950 milyon adamın təhlükəsizliyini təmin edir".

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel (Charles Michel) Trampın bəyanatlarını "tələsik" adlandırıb. O deyib ki, "NATO-nun təhlükəsizliyi və 5-ci maddənin həmrəyliyinə belə hücumlar (Rusiya prezidenti Vladimir) Putinin marağına xidmət edir".

"Belə bəyanatlar dünyaya daha artıq təhlükəsizlik və sülh gətirmir", - Mişel bildirib.

XS
SM
MD
LG