ABŞ-də məhkəmə prezident Donald Tramp administrasiyası üzərinə Yəməndəki husilərə zərbələrin müzakirə olunduğu "Signal" qrupunu saxlamaq öhdəliyi qoyub. "The Atlantic" nəşrinin baş redaktoru Cefri Qoldberq səhvən həmin qrupa salınmışdı.
Kolumbiya Dairə Məhkəməsinin hakimi Ceyms Bosberq belə bir qərar çıxarıb. Məhkəmə iddiasını "American Oversight" təşkilatı qaldırıb, Tramp administrasiyasını informasiyanın qorunması qanununu pozmaqda ittiham edib.
BBC xəbər verir ki, bu qərar qrupda martın 11-dən 15-dək paylaşılan məlumatları əhatələyir.
Ağ evin sözçüsü Anna Kelli deyib ki, Tramp administrasiyası yazışmaların saxlanmasına aid qanunların hamısına əməl edir və edəcək.
"The Atlantic" "Signal" qrupunda yüksəkrütbəli ABŞ məmurlarının yazışmaları olduğu deyilən tam mətni paylaşıb. Redaksiya qərarını Tramp administrasiyasının gizli informasiyanın olduğu yazışmanın mövcudluğunu rədd etməsi ilə əsaslandırıb.
Yazışmadan görünən odur ki, qrupda ABŞ-nin Yəməndəki husilərə zərbələrinin vaxtı, bu zərbələrdə istifadə olunan təyyarələrin növləri, zərbələrin nəticələri haqda ilkin informasiya olub.
"American Oversight" qeyri-hökumət təşkilatı martın 25-də Tramp administrasiyasının həmin qrupda olan beş rəsmisinə qarşı Vaşinqtonda məhkəmə iddiası qaldırdığını açıqlayıb. Qurum bildirir ki, messencerdən belə söhbətlər üçün istifadə qərarların qəbulu ilə bağlı sənədlərin qorunması üzrə federal qanunvericiliyin pozulmasıdır.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bəyan edib ki, məlumat sızmasına görə tam məsuliyyəti üzərinə götürür. O, "Fox News"a müsahibəsində deyib ki, həmin qrupu yaradaraq işini koordinasiya edib. Müşavir Qoldberqin qrupa necə düşməsindən xəbəri olmadığını söyləyib. Qrupda ondan başqa 18 nəfər varmış.
M.Uolts ehtimal edir ki, Qoldberqi qrupa təsadüfən salmış ola bilər, ola bilsin, nömrəsini səhv salıb. Uolts Qoldberqi "yaramaz" adlandırıb, onu yoxlanmamış informasiya yaymaqda suçlayıb. O, jurnalistin "dəhşətli" reputasiyası olduğunu, prezidentə nifrət etdiyini vurğulayıb. Uolts yazışmada hər hansı lokasiya, metod, mənbə, hərbi planların olmadığını əlavə edib.