Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:35

Sürücünün yanındakı qadına görə 2 min dollar cərimə


Türkmənistanda qadınlar
Türkmənistanda qadınlar

Digər qadağalar kosmetik cərrahiyyə əməliyyatları ilə bağlıdır. Sinənin böyüdülməsi, dodaq dolğusu, qaşların korreksiyası yasaqlanıb. Bütün bunlar gənc türkmən qadınlar arasında çox dəbdə idi

Türkmənistanda qadınlara “dar” paltarlar geyinməyə, saçlarını rəngləməyə, süni dırnaq, kiprik qoydurmağa icazə verilmir. Yol polisi kişi sürücülərə qohumları olmayan qadınları maşına mindirməyi qadağan edir. Bu qadağa lap Əfqanıstandakı Taliban rejimini yada salır. Üstəlik, qadınların sürücülərin yanında oturmasına da icazə verilmir.

Digər qadağalar kosmetik cərrahiyyə əməliyyatları ilə bağlıdır. Sinənin böyüdülməsi, dodaq dolğusu, qaşların korreksiyası yasaqlanıb. Bütün bunlar gənc türkmən qadınlar arasında çox dəbdə idi.

İşdən çıxarılanlar

Son həftələr sinə implantı, yaxud dodaq dolğusu etdirdiyi iddia olunan onlarla qadının işdən çıxarıldığı xəbər verilir.

Bu qeyri-rəsmi məhdudiyyətlər bu ay qüvvəyə minib – martın 12-də yeni prezident Sərdar Berdiməhəmmədov atasının yerinə keçəndən sonra.

Polis ictimai yerlərdə və ofislərdə görünməmiş reydlər keçirir, kiprik, dırnaq qoydurmuş qadınları polis şöbələrinə aparır, bunu paytaxt Aşqabadda çoxsaylı şahidlər AzadlıqRadiosu-nun türkmən xidmətinə deyib.

Cərimələr

Bir sakinin sözlərinə görə, qadınlardan gözəllik aksesuarlarını çıxarmağı, 140 dollar cərimə ödəmək tələb olunub. Bu, orta türkmənistanlının aylıq maaşının yarısı deməkdir.

Polis əməkdaşları qadınları küçələrdə, ictimai nəqliyyatda saxlayır, dodaqlarını kosmetik yolla dolğu edib-etdirmədiyini yoxlayır.

Balkan vilayətində bir neçə nəfər radioya deyib ki, qadınların nə taksilərdə, nə də şəxsi maşınlarda sürücülərin yanında oturmasına icazə verilir. Bu qaydanın ölkənin digər yerlərində tətbiq olunub-olunmadığı bəlli deyil. Ön oturacaqda qadın əyləşdirmiş sürücülər, hətta ailə üzvü olsa belə, 2 min dollaradək cərimə ödəməli olacaqlar.

Axşam 8-dən sonra sürücülərin maşına, qohumluqdan asılı olmayaraq, qadın sərnişin götürməsinə icazə verilmir.

Türkmənistanda qadınların maşın sürməsinə icazə verilmir, yalnız bəzi istisnalar var. Hökumət bununla bağlı rəsmi qadağa elan etməsə də, qadınların sürücülük vəsiqəsi almasını, yeniləməsini çətinləşdirir.

Sənəd göstərilmir

Elə son qadağalarla da bağlı nə rəsmi açıqlama verilib, nə izahat. Ofis işçilərinin sözlərinə görə, hakimiyyət, şirkət menecerləri yeni qaydaları xüsusi toplantılarda müzakirə edirlər. Ancaq qadağaya dair hər hansı sənəd göstərmirlər.

Oxşar məhdudiyyətlər əvvəllər də olub, amma bu dərəcədə sərt tətbiq edilməyib. Əsasən müsəlmanların yaşadığı Türkmənistanda qadınlar ənənəvi libaslar geyməyə təşviq edilir. Ənənəvi paltarlar qadınları iş yerində, rəsmi iclaslarda, ictimai tədbirlərdə əsas geyim formasıdır.

Bəzi qadınlar qərb tərzində geyinsə də, idman paltarları, yaxud mini ətəklər, şort, qolsuz, sinəsi açıq koftalar yayılmayıb.

Yeni qaydalar isə mavi cinsləri, əyinə kip oturan geyimləri də yasaqlayır. Marı şəhərindən bir qadının radioya dediyinə görə, aprelin 27-də polis əməkdaşları cins geyinən qadınları saxlamaq üçün küçələrə çıxıb.

“Polis onların şəklini çəkir, protokol tərtib edir, qadınları cərimə ödəməyə məcbur edirdi”, – anonimlik şərtilə danışan qadın deyib.

Oxşar insidentlərin Aşqabadda, eləcə də Lebap və Balkan vilayətlərində baş verdiyi bildirilir.

İşdən çıxarılanlar

Dövlət sektorunda çalışan qadınlara göstəriş verilib ki, qaydalara təkcə iş yerində deyil, digər ictimai yerlərdə də əməl etsinlər. Üstəlik, onlardan məhdudiyyətlərə əməl etməyəcəkləri halda işdən çıxarılmaqla bağlı iltizam imzalatdırıblar. İmzalamayanlar şirkətlərdən çıxarılıb.

Aşqabadda bir neçə mənbənin dediyinə görə, son həftələr azı 20 qadın stüardessa botoksdan, dodaq dolğusundan istifadə iddiasıyla işdən çıxarılıb. Dəmiryolu xidmətindən oxşar səbəblə 50-dək qadın işçinin uzaqlaşdırıldığı xəbər verilir.

AzadlıqRadiosu müvafiq dövlət qurumlarından açıqlama ala bilməyib.

Artıq onlarla gözəllik salonunun polisdən “qadağan olunmuş” prosedurlarla bağlı xəbərdarlıq aldığı və bağlandığı xəbər verilir.

Son damla?

Türkmənistanda hökumətin siyasətini açıq tənqid etmək, etirazlar keçirmək görünməmiş hadisə sayılır. Opponentlər ya həbs olunur, ya da psixiatrik xəstəxanalara salınır.

Ancaq bəzi fəalların fikrincə, son məhdudiyyətlər xalqın səbr kasasını daşdıra bilər. Onsuz da əhali hüquq və azadlıqlarının boğulmasından məmnun deyildi. Digər tərəfdən də illərdir davam edən maliyyə böhranı daimi ərzaq qıtlığına səbəb olub, işsizlik, inflyasiya yüksəlib.

“Yeni prezident qadınlara nifrət edirmiş. Artıq Türkmənistanda qətiyyən gender bərabərliyi yoxdur”, – Balkan vilayətindən bir qadın radioya deyib. Bir neçə qadın artıq boğaza yığıldığını söyləyib, hökumətə qarşı kütləvi etirazları istisna etməyib.

“Türkmən qadınlar bu qadağalardan qətiyyən məmnun deyillər. Əvvəllər hökumətə qarşı çıxan fəalları dəstəkləməyənlər belə indi etirazlarını dilə gətirməyə başlayırlar”, – Türkiyədə mühacirətdə yaşayan tanınmış türkmən fəal Dursoltan Taqayeva deyib.

Bu arada Aşqabadda görünməmiş insident baş verib, iki qadın cəriməni ödəməkdən imtina edərək polis əməkdaşıyla bərk mübahisəyə başlayıblar. Şahidlərin onların kipriklərinə görə aprelin 27-də saxlandığını deyirlər.

“Qadınlar polisdən tələb edirdilər ki, saxta kipriyi yasaqlayan sənədin surətini göstərsin”, – şahid deyib.

XS
SM
MD
LG