Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 05:48

Ukraynada havalar isinir, cəbhədə də temp yüksəlir


Ukrayna əsgərləri Rusiya sərhədi yaxınlığında.
Ukrayna əsgərləri Rusiya sərhədi yaxınlığında.

Bu qış Ukrayna qüvvələri cəbhənin ayrı-ayrı yerlərində təşəbbüsü ələ almağa çalışıblar. Onlar ötən yay tutduqları Rusiyanın Kursk vilayətindən çıxarılanda da böyük məğlubiyyətdən yaxa qurtarmaq istəyiblər.

Rusiya qüvvələri isə 1100 km-lik cəbhə xətti boyunca tempi azaldıb, rütubətli hava şəraitində qüvvələrini, silah anbarlarını yeniləyir, daha yaxşı havanı gözləyirlər.

Ukrayna əsgərləri Kurskdan çıxarılıb və bununla da Rusiya üçün biabırçı bir müdaxiləyə son qoyulub.

İndi Ukrayna ordusunun aparıcı zabiti bildirir ki, Rusiya Ukraynanın şimal-şərq hissələrində yeni yaz hücumuna başlayıb.

Ukraynanın isə Rusiya ilə sərhədi ikinci dəfə keçməsi xəbəri gəlir, bu dəfə Belqorod vilayətinə. Görünür, məqsəd yaz hücumunu önləmək, Rusiya qüvvələrinin tarazlığını pozmaqdır.

Aprel silahları

AzadlıqRadiosunun jurnalisti Mayk Ekel yazır ki, kənar ekspertlər xüsusilə nisbətən sakit qışdan sonra Rusiyanın yenidən hücuma keçəcəyini gözləyirdilər.

"Ümumiyyətlə, aylarla hücuma davam etmək çox çətindir. Rusiya isə bir ildən çoxdur irəliləyir, bu, silahlı qüvvələri əldən salır", – Kiyevdə Yeni Geosiyasət Araşdırmaları Şəbəkəsinin başçısı Mixaylo Samus "Current Time"a deyib.

Aprelin 9-da prezident Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya qüvvələri Sumı və Xarkov vilayətlərinə yeni hücuma keçirlər. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski də təsdiqləyib. Amma hücumun miqyası aydın deyil. Sumı Kurskla həmsərhəddir. Ekspertlərin fikrincə, Rusiya qüvvələrinin sərhəd boyunca möhkəmlənməsi, Ukrayna əsgərlərinə müdafiə xətti yaratmağa imkan verməməsi məntiqidir.

Ukraynanın ikinci böyük şəhəri Xarkovu da rusiyalı komandirlər prioritet sayırlar, şəhəri raket, dron hücumlarına məruz qoyublar.

Pokrovsk şəhərində Rusiya zərbələri nəticəsində zədələnmiş yaşayış binası.
Pokrovsk şəhərində Rusiya zərbələri nəticəsində zədələnmiş yaşayış binası.

Cənuba doğru isə Rusiya əsgərləri aylardır Pokrovskun ətrafında döyüşür, onu mühasirəyə salmağa çalışırlar. Pokrovsk Ukraynanın müdafiəçiləri üçün Donbasda kritik nəqliyyat habı sayılır. Qışda Ukrayna bölmələri Rusiyanın Pokrovsk kənarında bir az geri oturda biliblər. Hətta Rusiyanın Pokrovsku mühasirəyə salmaq səylərinin alınmadığı iddia olunurdu.

Ukraynanın ən böyük problemi cəbhə xəttində qüvvələrinin gücünü qoruyub saxlamaqdır. Bu, Rusiyanın hücumlarını dəf etməkdə əsas maneə sayılır. Qərb rəsmiləri iki tərəfin ümumilikdə, ölü və yaralılar daxil, bir milyondan çox itki verdiyini hesablayıb.

Qərbin hərbi rəsmiləri Ukraynanın döyüş qabiliyyətinin tamamilə sərf olunmadığını deyirlər.

"Məncə, Ukraynanın məğlubiyyəti qaçılmaz deyil. Onlar əvvəlkindən daha yaxşı mövqedədirlər", – bunu ABŞ-nin ordu generalı, ABŞ Avropa Komandanlığının komandanı Kristofer Kavoli deyir.

Rusiyanın işğalı: İkinci hissə

Ötən ilin avqustunda Kurskun işğalı İkinci Dünya müharibəsindən bəri Rusiyanın ərazisinə ən böyük müdaxilə idi. Ukraynalı komandirlərin bir neçə hədəfi vardı: kreativ döyüş taktikası bacarıqlarını göstərmək; Rusiya qüvvələrini cəbhə xəttinin digər yerlərindən çəkməklə Ukraynanın müdafiəsinə təzyiqi azaltmaq; Rusiya ilə gələcək danışıqlarda ərazi alveri üçün predmet əldə etmək.

Rusiya hərbçiləri Kursk vilayətinin Sudja şəhərində dağılmış binanın yanından keçirlər.
Rusiya hərbçiləri Kursk vilayətinin Sudja şəhərində dağılmış binanın yanından keçirlər.

Birinci hədəfə qismən çatılsa da, ikinci uğurlu olmadı, Rusiya komandirləri başqa yerlərdən bölmələr gətirmək yerinə mövcud bölmələri və Şimali Koreya əsgərlərini cəlb etdilər.

Ukrayna əsgərlərinin Kurskdan çıxarıldığını nəzərə alsaq, üçüncü hədəf də uğurlu olmayıb.

Amma ötən ayın sonunda ukraynalı komandirlər bu dəfə Belqoroda müdaxilə əmri verdilər. Ukraynalı hərbi ekspert Oleksandr Musiyenkonun dediyinə görə, məqsəd Rusiyanın gözlənən planlarının qarşısını almaqdır. O, Sumı və onun mərkəzinə risklərin artdığını, bu risklərin önlənməsindən ötrü Ukraynanın qabaqlayıcı tədbirlər gördüyünü vurğulayır.

Rusiyanın Xarkov və Sumıya hücumu isə prezident Vladimir Putin ötən ay Kurska səfəri zamanı baş qərargah rəisi Valeri Qerasimova tapşırıqlarının nəticəsi ola bilər. "Sizdən xahiş edəcəyəm ki, gələcəkdə sərhəd boyunca təhlükəsizlik zonası yaratmaq barədə düşünəsiniz", – Putin vurğulayıb.

Bəs atəşkəs?

Ötən ay Kreml və Ağ ev atəşkəsin konturlarını elan etdilər, enerji infrastrukturuna hücumların məhdudlaşdırıla biləcəyi açıqlandı. Daha sonra Qara dənizdə döyüşlərin məhdudlaşdırılması ilə bağlı ilkin razılıq əldə olundu. Amma Kreml bir sıra şərtlər irəli sürdü, xarici ekspertlər də onların çətin olduğunu bildirdi.

Təxminən bir aydan sonra atəşkəs məsələsi iflas həddindədir, Kiyev və Moskva gündəlik dron və raket hücumlarını davam etdirirlər.

ABŞ prezidenti Donald Tramp son günlər konfliktin həllini əsas məsələ elan edib, Rusiyanın Ukraynanı davamlı bombalamasından məyusluğunu bildirib.

"Onlar elə hey bombalayırlar, bilmirəm, orada nə baş verir", – Tramp aprelin 7-də jurnalistlərə deyib.

XS
SM
MD
LG