Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:13

Ukrayna rəsmiləri, Qarabağ münaqişəsi, Laçın dəhlizi...


Paşinyan: “Azərbaycan istəyir ki, ermənilər elə psixoloji həddə çatsın ki, Qarabağı tərk etsinlər”.
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Paşinyan: “Azərbaycan istəyir ki, ermənilər elə psixoloji həddə çatsın ki, Qarabağı tərk etsinlər”.

Ukrayna prezident administrasiyası başçısının müşaviri Mixaylo Podolyak dünya mediasına ən çox şərh və müsahibələr verən Ukrayna rəsmilərindən biri kimi tanınır.

Amma o, bu həftə Ukrayna yox, Qarabağ münaqişəsi ilə bağlı iki dəfə şərh verməli olub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində Podolyak “Ukrayna Azərbaycana silah satıbmı” sualına birbaşa cavab verməyib.

O bildirib ki, Ukrayna müharibədən əvvəl müxtəlif ölkələrə silah satıb və bu həmişə şəffaf proses olub.

Qarabağ münaqişəsi ilə bağlı suala cavab verən Ukrayna rəsmisi deyib ki, təkcə Qarabağ münaqişəsi yox, keçmiş sovet məkanında mövcud olan münaqişələrin hamısı Rusiya Ukrayna müharibəsini uduzandan sonra həllini tapacaq:

“Elə ki, Rusiya müharibəni uduzdu, elə ki Rusiya bu münaqişələri qızışdırmağı, bu münaqişələrə əlavə olaraq münaqişə situasiyaları qatmağı, əlavə təxribatları dayandırdı, biz müxtəlif nöqtələrdə oturub sakitcə, təkcə Dağlıq Qarabağ deyil, Dnestryanı, Osetiya və sair münaqişələri müzakirə edə bilərik”.

Podolyak Azatutyun müxbirinin Ukraynanın Qarabağ barədə açıq mövqe bildirməməsi, bəyanat verməməsi ilə bağlı sualının cavabında bildirib ki, belə məsələlər təkcə bəyanatlarla həll olunmur.

Siyasətçi vurğulayıb ki, 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq edəndə bu addımın yolverilməzliyi barədə çoxsaylı bəyanatlar olsa da, Rusiyanı beynəlxalq hüquq çərçivəsinə qaytarmaq mümkün olmayıb.

“Rusiya ilə haqq-hesabı özümüz...”

Podolyak Ukraynanın niyə Qarabağın blokadası ilə bağlı bəyanat vermədiyi barədə sualı ölkənin Xarici İşlər Nazirliyinə ünvanlanmağı təklif edib.

Daha sonra Azatutyun belə bir sual verib:

“Belə bəyanatlar olub ki, əgər ikinci cəbhələr açılsa, bunlar keyfiyyətcə Ukraynaya kömək edəcək. Bu bəyanatı verən Ukrayna təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov burada həm də Qarabağımı nəzərdə tutub?”

Mixaylo Podolyak bu sualın da Xarici İşlər Nazirliyinə aid olmasını bildirsə də deyib:

“Mən düşünürəm ki, biz Rusiya ilə haqq-hesabı özümüz çürüdəcəyik. Özünün bütün hərbi səylərini bir istiqamətə, Ukrayna istiqamətinə yönəldən Rusiya nəticədə layiqli payını alacaq. Əlbəttə, yaxşı olardı ki, başqa ölkələr də postsovet məkanında müxtəlif mürəkkəb vəziyyətlər yaradan Rusiya qarşısında aydın sual qoyaydılar... Çünki bu və ya digər münaqişələrin arxasında Rusiya dayanır və onların tənzimlənməsinə imkan vermir. Bu mənada burada cənab Danilovun məntiqi doğrudur”.

Podolyak qeyd edib ki, Rusiya bu müharibədə uduzsa, 10-15 il başı öz işlərinə qarışacaq:

“Rusiyanın məğlubiyyəti ilə xroniki prosesləri, o cümlədən Dağlıq Qarabağ adlı prosesi blokdan çıxarmaq mümkün olacaq”.

Podolyak başqa bir müsahibədə isə...

Lakin demək olar eyni gündə və eyni mövzuda Moldovanın ictimai telekanalına müsahibə verən Podolyak daha sərbəst cavablar verib və Eurasianet saytının yazdığına görə hətta müəyyən mənada Azərbaycanın mövqeyindən çıxış edib.

Eurasianet bunu da vurğulayır ki, əslində müsahibəni alan moldovalı aparıcı da daha çox Bakının mövqeyindən çıxış edib.

O “bəzi ekspertlərə” istinadən deyib ki, Rusiya Qarabağ üçün “Krım ssenarisi” hazırlayır.

Aparıcı Podolyaka deyib ki, Qarabağın de facto rəhbəri olan milyarder Ruben Vardanyan Moskvadan məqsədli şəkildə göndərilib.

Aparıcı bunu da vurğulayıb ki, Qarabağda erməni mənbələrinin dediyi kimi 120 min yox, əslində bundan üç dəfə az erməni yaşayır. Jurnalist xatırladır ki, Rusiya prezidenti Vladimir Putin Krımı və Ukraynanın ərazilərini ələ keçirərkən də əhali sayını təhrif etmək taktikasından istifadə edib.

Eurasianet yazır ki, bütün bunlarla razılaşan Podolyak deyib ki, blokada məsələsi “süni şəkildə şişirdilir” və bunda Rusiyanın öz maraqları var: Rusiya bölgəyə bu və ya digər şəkildə hegemon rolunda qayıtmağa, belə münaqişələri yalnız onun həll etmək iqtidarında olduğunu göstərməyə çalışır.

Podolyak habelə deyib ki, blokada məsələsi münaqişəni yenidən alovlandırmaq, Azərbaycan və onun müttəfiqi Türkiyənin üzərinə təzyiq göstərməklə onları daha çox rusiyayönlü etmək məqsədilə süni şəkildə şişirdilir.

Bakıya axışan ruslar: "Müharibəni şərh etmək təhlükəlidi"
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Başqa Ukrayna rəsmilərinin mövqeyi

Eurasianet yazır ki, Podolyakın mövqeyi bir çox suallar doğursa da, Ukraynanın bir sıra başqa siyasətçilərinin mövqeyi ilə səsləşir.

Məqalədə deyilir ki, məsələn prezident Volodimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından millət vəkili Lyudmila Marçenko bir sıra müsahibələrində məhz belə mövqe tutub:

“Rusiyanın müttəfiqi olan Ermənistan Dağlıq Qarabağ üzərində nəzarətini saxlamaq üçün Rusiyanın Krımda işlətdiyinə bənzər metodlardan istifadə edir.”.

Marçenko da Qarabağda 120 min yox, 40 min erməninin yaşadığını bildirir.

Eurasianet yazır ki, başqa bir ukraynalı deputat İqor Popov da bir məqaləsində Qarabağın əhalisi məsələsinə toxunur və hər hansı blokadanın olmasını inkar edir.

Popov bu qənaətdədir ki, Azərbaycanın ekofəalları kimi təqdim olunan şəxslər Laçın yolunu kəsməyiblər və humanitar daşımalara imkan yaradırlar:

“Lakin tanınmamış Qarabağın rəhbərliyi vəziyyətdən ərzaq çatışmazlığını və “humanitar fəlakət” təhlükəsini göstərmək üçün istifadə edir və buna görə Azərbaycanı və fəalları günahlandırır”.

Xankəndinin əhalisi barədə nə bilinir?

Eurasianet yazır ki, Ukraynanın Xarici İşlər Nazirliyi davam edən blokadanı heç cür şərh etmir, halbuki onun müttəfiqləri olan Birləşmiş Ştatlar və Avropa İttifaqı Azərbaycanı blokadanı qaldırmağa çağırıblar.

Məqalədə iddia olunur ki, əhali sayı məsələsində də Ukrayna rəsmiləri yayğın mövqe tutublar:

“2020-ci il müharibəsindən əvvəl 150 min nəfər olaraq təxmin edilən Qarabağ əhalisinin hazırkı sayı barədə etibarlı rəqəmlər olmasa da, ehtimal ki, bu, 120 mindən azdır, amma eyni zamanda 40 mindən də xeyli çoxdur”.

Eurasianet yazır ki, müharibə vaxtı Qarabağ əhalisinin yarısı qaçıb və onların nə qədərinin qayıtdığı bilinmir. Məqalədə qeyd olunur ki, Qarabağ sakinləri rəsmi əhali sayının şişirdildiyini düşünürlər.

Yenə də yerli sakinlərin dediyinə görə Xankəndi əhalisinin müharibədən əvvəlki rəsmi sayı 55 min nəfər idi və Azərbaycan Hadrut və Şuşa da daxil bəzi əraziləri nəzarətə götürəndən sonra şəhərdə hazırda əhalinin əhəmiyyətli dərəcədə daha sıx olduğu görünür.

Ermənistanda 15 əsgərin kazarmada yanması ilə bağlı qaranlıq suallar
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycanyönlü mövqe

Eurasianet qeyd edir ki, Ukrayna bu münaqişədə çoxdan bəri Azərbaycanyönlü mövqe tutub.

Məqalədə vurğulanır ki, Qarabağ və Ukraynadakı münaqişənin müəyyən ortaq cəhətləri də var:

“Rusiya və Ermənistan Ukrayna və Azərbaycan ərazilərini, belə görünür, etnik zəmində özlərinə birləşdirmək üçün işğal ediblər”.

Bu da bildirilir ki, Kiyev Gürcüstanda da açıq şəkildə müxalifəti dəstəkləyir və Gürcüstan hökumətinin Abxaziya və Cənubi Osetiyada “ikinci cəbhə” açmasını istəyir.

Eurasianet yazır ki, Ukraynanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətində müəyyən mənada məntiq var, beləki ermənilər ukraynalılara başqa ölkələrlə müqayisədə daha az dəstək veriblər.

Məqalədə qeyd edilir ki, bu münasibət bəlkə də dəyişməkdədir, çünki son rəy sorğuları ən azı ictimai səviyyədə ermənilər arasında Rusiyaya dəstəyin əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Qarabağdakı separatçı rejim: 'Az da olsa, dəhlizdən mal buraxılır'
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG