Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 04:37

Valideynlər deyinirsə...


İş
İş

Həmkarlarınıza necə münasibət bəsləməyinizə təsir edən çox sayda amil var. Tez-tez eyni çətin vəziyyətə düşürsünüzsə, məsələn, mənfi rəyi qəbul etməyə, başqasından kömək istəməyə çətinlik çəkirsinizsə, yaxud uğursuzluqdan qorxursunuzsa, problemin üzdə olmayan, ilk baxışdan görünməyən səbəbləri ola bilər.

Valideynlərinizin bir-biri ilə münasibəti, xüsusilə də problemləri dostcasına və konstruktiv, yoxsa münaqişə şəklində həll etməsi sizin başqaları ilə münasibətlərinizi necə qurmağınıza təsir edə bilər. Psixoloqlar deyirlər ki, əgər valideynləriniz deyinməyə, mübahisə etməyə meylli olublarsa, bu sizin işdə sağlam münasibətlər qurmaq bacarığınıza kölgə sala bilər.

Valideyn modeli

İlk dəfə keçən əsrin ortalarında britaniyalı psixoloq John Bowlby-nin irəli sürdüyü bağlılıq nəzəriyyəsinə (attachment theory) görə, xüsusən də valideynlərimizlə formativ münasibətlərimiz həyatımız boyu başqa insanlarla münasibətlərimizi, bağlılıq tərzimizi formalaşdırır. İnsanlar ya «rahat bağlılıq» sərgiləyərək həm özlərinin dəyərləri, həm də başqalarına inam məsələsində əminlik hiss edir, ya da «narahat bağlılıq» göstərərək özlərinə aşağı qiymət verir, başqalarının reaksiyasından çəkinir, daim dəstəyə ehtiyac duyur, rədd edilməkdən qorxur, yaxud da ümumiyyətlə, başqaları ilə münasibətdən qaçırlar.

BBC yazır ki, valideynlərin yaxın münasibətlərdə fikir ayrılıqlarını necə həll etməsi uşaqlar üçün model rolunu oynayır. Problemlərin həll edilə bildiyini göstərən modelləri də valideynlərdən öyrənirik.

Bu növ araşdırmaların zəifliyi ondan ibarətdir ki, övladların və valideynlərin davranışları arasındakı əlaqə çox vaxt, qismən də olsa, ortaq genlərlə izah olunur. Ancaq 157 cütlüyü əhatələyən bir araşdırma göstərib ki, valideynləri boşanan insanlar böyüyəndə narahat bağlılıqlar qurmağa daha çox meylli olurlar. Perdü Universitetinin psixoloqlarının apardığı başqa bir tədqiqatda isə 150 bakalavriat tələbəsi valideynlərinin münasibətlərindəki münaqişələri xatırlayıb, daha sonra özlərinin bağlılıq tərzlərini dəyərləndirib. Daha çox münaqişə xatırlayan tələbələrin bağlılıq tərzinin daha narahat və yayınmağa meylli olduğu üzə çıxıb.

Məqalədə deyilir ki, bağlılıq nəzəriyyəsi uzun illər insanların uşaqlıqda formalaşmış bağlılıq tərzlərinin böyüyəndə onların romantik münasibətlərinə təsiri kontekstində nəzərdən keçirilib. Ancaq get-gedə iş münasibətləri ilə maraqlanan psixoloqlar da bu nəzəriyyəyə üz tutmağa başlayır.

Bağlılıqdan qaçırsınızsa...

Bağlılıq tərziniz işdəki davranışa müxtəlif yollarla təsir göstərir. Əgər siz narahat bağlılıqlara meyllisinizsə, işinizin keyfiyyətsiz olmasından, rədd edilməsindən daha çox qorxursunuz.

Bağlılıqlardan qaçan tipə aidsinizsə, demək, həm də menecerinizə və həmkarlarınıza inanmırsınız. Bu dərin psixoloji proseslər rəhbərlərə də təsir edir: rahat bağlılıqlar quran menecerlər işləri daha çox başqalarına həvalə etməyə, ötürməyə meylli olurlar.

32-yaşlı təşkilat psixoloqu Sabrina Ellis valideynləri arasında verbal və fiziki zorakılıq hallarını xatırlayır. O hesab edir ki, bu, ilk vaxtlarda onun karyerasında çətinliklər törədib. Sabrina gözləntilərini doğrultmayan kişi həmkarlarına inamını bərpa etməkdə çətinlik çəkib.

34-yaşlı menecment konsultantı Kiran Kaur isə hesab edir ki, valideynlərinin bir-biri ilə münasibətləri ona həm müsbət, həm də mənfi təsir göstərib. Onlar bir-birilə münaqişələrdən yayınır, vahid cəbhə kimi çıxış edirmişlər. Ancaq həm də alternativ baxışları bloklayırmışlar. «Bu mənim komandalarla işə yanaşmama təsir edib, çünki mən də açıq müzakirələrə dəvət etməmişəm», – o deyir.

Son zamanlarda aparılan başqa bir araşdırma isə göstərib ki, bir insanın etibarlı, onu sevən partnyoru varsa, bu onun əminliyini və başqalarına inamını artırır. Mütəxəssislər bu fenomeni «asılılıq paradoksu» adlandırırlar: asılı ola biləcəyin bir adam varsa, daha müstəqil olursan.

XS
SM
MD
LG