Məxfi izləmə proqramı Hindistanda jurnalistlərin, İspaniyada siyasətçilərin, Mərakeşdə insan haqları fəallarının hədəflənməsinə imkan verən İsrail şirkəti ona müştəri olan hökumətlərin adlarını açıqlamağa məcbur edilə bilər.
Kaliforniyada keçirilən məhkəmə İsrail şirkətinə qarşı şikayətə baxılmasına dair qərar qəbul edib.
İsrailin NSO qrupunu məhkəməyə Facebook şirkətinə daxil populyar mesajlaşma platforması WhatsApp verib.
WhatsApp NSO şirkətini onun 1400 istifadəçisinə iki həftə ərzində ziyanlı proqramlar göndərməkdə ittiham edir. Bu proqram vasitəsilə həmin istifadəçilərin smartfonlarından casusluq edilməsi üçün istifadə olunduğu iddia edilir.
ABŞ-da Kaliforniya sahə hakimi xanım Phyllis Hamilton deyib ki, onu NSO şirkətinin WhatsApp istifadəçilərinin hədəfləməsində özünün birbaşa rolu olmadığına dair gətirdiyi əsaslar qane etməyib.
Əksinə hakim Hamilton deyib ki, onun qənaətinə görə NSO Group onun məhsulundan hətta müştərilərin istifadə etdiyi bir şəraitdə də adamların hədəflənməsində “müəyyən rol” oynamış sayılır.
Araşdırma mərhələsi
The Guardian yazır ki, WhatsApp-ın şikayəti məhkəmə tərəfindən qəbul edildikdən sonra “araşdırma mərhələsi” başlanır. Bu mərhələdə hər iki tərəf sənəd və materiallar təqdim edə bilər.
WhatsApp bildirib ki, onun dünya boyunca vətəndaş cəmiyyətlərindən olan 100 istifadəçisi 2019-cu ildə “qanunsuz” olaraq hədəflənib.
WhatsApp-ın sözçüsü məhkəmə qərarı haqqında deyib:
“Bu qərar o deməkdir ki, WhatsApp NSO-nun fəaliyyəti barədə sənəd və başqa informasiyalarla tanış ola biləcək”.
Hakim Hamilton bildirib ki, WhatsApp-ın serverləri vasitəsilə kiminsə ziyanlı proqram göndərməsi bu işdə mübahisələndirilmir.
O izah edib ki, burada söhbət adamların hədəflənməsi üçün məsuliyyəti NSO şirkəti müştərilərinin, yoxsa şirkətin özünün daşımasından gedir.
Trump administrasiyasının keçmiş prokuroru
NSO Group iddia edir ki, o, terrorçu və kriminalların izlənməsi üçün hökumətlərə və onların hüquq-mühafizə orqanlarına casus proqramları satır.
Şirkət bunu da iddia edir ki, bu işdə hökumətlərin və hüquq-mühafizə orqanlarının necə bir çətinliklərlə üzləşdikləri nəzərə alınmayıb.
NSO israr edir ki, WhatsApp kimi platformalar terrorçu və cinayətkarların aşkarlanmaqdan yayınmasını asanlaşdırıb.
NSO öz məhkəmə müdafiəsi üçün King & Spalding hüquq firmasını kirayələyib. Onun vəkillər qrupuna Trump administrasiyasının keçmiş baş prokuror müavini Rod Rosenstein də daxildir.
Jamal Khashoggi-nin yaxın tanışı
NSO Group şirkətinin keçmiş müştərilərinin arasında Səudiyyə Ərəbistanı, Meksika və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin olduğu və onun casus proqramlarından insan haqları müdafiəçilərinin hədəflənməsi üçün istifadə edildiyi iddia olunur.
Bu da qeyd edilir ki, hədəflənənlərdən biri də Səudiyyənin İstanbul səfirliyində qətlə yetirilmiş Washington Post jurnalisti Jamal Khashoggi-nin yaxın tanışı Omar Abdulazizdir.
NSO Group onun izləmə proqramından şəxsən Khashoggi-nin hədəflənməsi üçün istifadə edilmədiyini və NSO-nu İsraildə məhkəməyə vermiş Abdulazizin “əsassız iddialar” irəli sürən birisi kimi tanındığını bildirib.
NSO Amnesty təşkilatını məhkəmədə udub
WhatsApp və onun araşdırma partnyoru olan Toronto Universiteti Citizen Lab qrupu ötən il 1400 istifadəçini hədəfləndikləri barədə xəbərdar etmişdi.
Bunların arasında onlarca Hindistan jurnalistinin, Mərakeş insan haqları fəallarının, Avropada yaşayan Ruanda dissidentlərinin olduğu deyilir.
The Guardian bundan əvvəl yazmışdı ki, bu hücum vaxtı Pakistan müdafiə və təhlükəsizlik orqanlarının onlarca rəsmisi də hədəflənib.
Pakistan hökuməti bu iddiaları nə təsdiq, nə də təkzib edib.
Məqalədə deyilir ki, bu işə ABŞ-da baxılması NSO şirkətinin müştərisi olan hökumətlər üçün başağrısı ola bilər. Beləki məhkəmə NSO-dan müştərisi olan ölkələrin açıqlanmasını tələb etmək səlahiyyətindədir.
NSO Group bu həftə İsraildə keçirilən buna bənzər məhkəmə işində Amnesty International insan haqları təşkilatına qalib gəlib.
Amnesty şirkətin casus proqramlarının beynəlxalq satışının qadağan olunmasını tələb edirdi.