Dağlıq Qarabağda ermənilərin Stepanakert adlandırdıqları Xankəndi şəhərinə əhalinin qaytarılması məsələləri həll olunur.
Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun şəhərin meri David Sarqsyana istinadən verib.
Xəbər verilir ki, Dağlıq Qarabağda atəşkəsə dair məlum bəyanatın imzalanmasından əvvəl şəhər əhalisi təhlükə ilə bağlı evakuasiya edilib.
Sargsyan deyib ki, şəhərin 60 faizi elektrik, su və qazla təchiz edilir.
O habelə bildirib ki, şəhər əhalisinin 20-30 faizi artıq Xankəndindədir.
Erməni hərbçilər silahları təhvil verirlər
Azatutyun yazır ki, dünən (noyabrın 12-də) şəhərin küçələri boş idi və şəhər sakinlərindən heç kimlə danışmaq mümkün olmayıb. Bildirilir ki, indi Xankəndində əsasən döyüş mövqelərindən qayıtmış erməni hərbçilər var.
Azatutuyun xəbər verir ki, noyanbrın 12-də Qarabağda internet və rouminq kəsilib. İlkin məlumata görə bu, Kəlbəcərdən gələn xətlərin sıradan çıxarılması ilə bağlıdır.
Dağlıq Qarabağın separatçı liderinin müşaviri David Babayan Azatutyuna deyib ki, Rusiya sülhməramlılarının yerləşdirilməsinə başlanıb.
AzadlıqRadiosu Erməni xidmətinin çəkiliş qrupu bildirir ki, Rusiya sülməramlıları hələlik Xankəndinin həndəvərlərində görünmürlər.
Bəzi şayiələrə görə Rusiya sülhməramlılarının yerləşdirilməsinə Laçından başlanıb.
Xəbər verilir ki, onlar döyü mövqelərindən çıxarılan erməni hərbçiləri əvəz edirlər.
Erməni hərbçilər tədricən şəhərə qayıdır və silahlarını təhvil verirlər.