Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:47

Z.Əlizadə: 'Xarici təxribat məsələsi inandırıcı deyil'


Z.Əlizadə
Z.Əlizadə

«Gəncə hadisələrinin xaricdən idarə edilən təxribat olması barədə rəsmi Bakının mülahizələri inandırıcı deyil», - politoloq Zərdüşt Əlizadə belə deyir.

Deputat Aydın Mirzəzadə isə Gəncə hadisələriylə bağlı rəsmi məlumatda yayılan «xaricdən yönləndirilən təxribat» yanaşmasını tam qəbul edir: «Yunis Səfərov uzun müddət xaricdə olur. Rusiyada yaşayır və Azərbaycana gələrək ölkənin ikinci şəhərinin icra başçısına silahlı sui-qəsd törədir. Qanunsuz aksiyaya çıxanlar iğtişaş törədərək iki yüksəkrütbəli polis zabitini qətlə yetirirlər. Məlum olur ki, bunlar da ölkədən kənarda olanlardır, odur ki, mən rəsmi məlumatdakı mülahizəni əsaslı sayıram».

Deputatın sözlərinə görə, zamanı gəldikcə, bəzi məsələlər daha da aydınlaşacaq.

Z.Əlizadə: «Ona qalsa, mən də 8 dəfə İranda olmuşam»

Politoloq Z.Əlizadə hadisələrin xarakteri barədə hökumətin mülahizələrini qəbuledilməz sayır: «Arqument kimi Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı sui-qəsd edən Yunis Səfərovun 8 ay Qumda yaşaması göstərilir. Ona qalsa, mən də 8 dəfə İranda, bir o qədər ABŞ-da, dəfələrlə Rusiyada olmuşam, bu o deməkdir ki, kiməsə satılmışam? Yəni belə bəsit arqumentlər üzərində sübutlar qurmaq olmaz. Ona görə deyirəm ki, bu barədə rəsmi mülahizələri qəbul etmirəm».

A.Mirzəzadə
A.Mirzəzadə

Politoloq prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu hadisələrə xaricdən Leyla Yunusun, Əlikram Hümbətovun təsir göstərməsi barədə dediklərini də əsassız sayır: «Nə Əlikram Hümbətovun, nə də Leyla Yunusun Azərbaycana təsir imkanları var. Bu insanlar ölkəyə hər hansı təsir göstərmək gücündə deyil. Odur ki, bu mülahizəni ciddiyə almaq olmur».

A.Mirzəzadə isə hesab edir ki, bu yerdə təsirdən çox maraqdan danışmaq olar. «Bu şəxslərin icra başçısına sui-qəsd edən Y.Səfərovun hüquqlarını müdafiə etmək istəmələri, qızışdırıcı çıxışları Azərbaycanda daxili sabitliyin pozulmasına göstərdikləri böyük maraqdan irəli gəlir», - deputat söyləyir.

Politoloq: Bu iddia ciddi araşdırılmalıdır

Politoloq Eldar Namazova görə, Gəncə hadisələrinə daxili amilin də, xarici amilin də təsiri olub, amma istənilən halda bu məsələ ciddi araşdırma tələb edir.

E.Namazov
E.Namazov

Politoloq deyir ki, xarici qüvvələr həmişə başqa bir dövlətin içinə təxribat salmaqda maraqlı olurlar, bu, inkar edilmir.

«Amma təxribatın mənbəyi bəzən xaricdə olmur. Elə ölkə içindəki səhvlərdən qaynaqlanır. Odur ki, ciddi araşdırmadan sonra rəyə gəlmək olar ki, bu, həqiqətən xarici təxribatdır, yoxsa səbəblər başqadır», - politoloq qeyd edir.

Xatırlatma

İyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısına Yunis Səfərov adlı şəxsin silahlı sui-qəsd etdiyi bildirilir. Səfərov həbs olunub.

Bundan sonra sosial şəbəkədə iyulun 10-da Gəncə şəhərində aksiya keçiriləcəyi barədə məlumatlar yayılıb. İyulun 10-da kimlikləri bəlli olmayan bir qrup şəxs aksiya keçirmək istəyib. Bu zaman polis polkovniki, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 11 nəfərin tutulduğu, 1 nəfərin öldürüldüyü deyilir.

XS
SM
MD
LG