«Pullu yollar salınarkən başlıca şərtlərdən biri ona alternativ yolun da olmasıdır, yəni, onu əvəzləyəcək yol yoxdursa, həmin yol pullu ola bilməz» , - nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirir. «Eyni zamanda, həmin alternativ yol da pullu olması nəzərdə tutulan magistral qədər rahat olmalıdır», - deyə ekspert əlavə edir.
O, bir məqamı da vurğulayır ki, dünya təcrübəsində bu cür yollarda qiymətlərin ələçatımlı olmasına diqqət yetirirlər: «İnkişaf etmiş ölkələrdə belə yollar 100, bəzən 1000 kilometrlərlə uzana bilir. Amma burada təcili yardım, yanğınsöndürən maşınlarına, bəzi ölkələrdə taksilərə güzəştlər edilib. Ödənişin həcmi isə əlçatan olmalıdır. Dünya təcrübəsində bu ödəniş 3-5 qəpik arasında dəyişir».
Ə.Hüseynov hesab edir ki, bəzi yolların ödənişli edilməsində məqsəd yolun cari təmirini apara bilməkdir, qoyulan investisiyanı geri qaytarmaq deyil.
«Buna görə də həmin yol sərfəli qiymət, səmərəlilik kimi tələblərə cavab verilməlidir», - ekspert fikrini başa vurur.
Azərbaycanda ödənişli yollarda hərəkət qaydaları müəyyən edilib. Həmin yollarda ödənişli yolun başlaması və bitməsi ilə bağlı nişanlar quraşdırılacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi «Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması»nda əksini tapır.
Azərbaycanda hələlik rəsmi ödənişli avtomagistral yoxdur. Bakı-Ələt-Astara-İran yolu tam istifadəyə verildikdən sonra onun pullu olacağı nəzərdə tutulur.
Ödənişli yolun hər kilometri - minik və yük avtomobillərindən asılı olaraq, - 4-7 qəpik olacağı gözlənilir, sürət həddi isə hələlik 110 km/saat təklif edilib.