Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Əli Həsənovun xanımının dindirilməsini tələb edənlər həbsdən buraxıldı


F.Möhbalıyev (sağda) və vəkili A.Məmmədov
F.Möhbalıyev (sağda) və vəkili A.Məmmədov

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevaya məxsus Kaspi Liseyindən yarım milyonluq mənimsəmədə suçlanan iki nəfər məhkəmə zalından azadlığa buraxılıb. Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində liseyin baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevə hökm oxunub.

Məhkəmə onların hər ikisini «Kaspi»yə təhsil haqqı kimi ödənilən pullardan 565 min 920 manatı mənimsəməkdə təqsirli bilib. Ancaq himayələrində azyaşlı uşaqlarının olması, ilk dəfə məhkumluqları, ziyanın bir hissəsinin ödənilməsini nəzərə alıb, onlara yüngül cəza verilməsi qərara alınıb.

Hökmə əsasən, 11 ay 22 gün həbsdə olan təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Həm T.Məmmədov, həm də F.Möhbalıyevə 3 il sınaq müddəti olmaqla, 5 il 8 gün şərti cəza verilib.

F.Möhbalıyev AzadlıqRadiosuna bildirib ki, onun heç bir günahı yox idi: «Mən heç vaxt özümü günahkar bilməmişəm. Azadlığa buraxılmağıma görə məhkəməyə təşəkkür edirəm. Amma sonadək mübarizə aparıb bəraətimizi alacağıq».

Onun vəkili Adəm Məmmədov isə müvəkkili azadlığa buraxılsa da, hökmü ədalətsiz sayır. Deyir ki, məhkəmə Fərahimi təqsirli saydı, amma bunu təsdiqləyən heç bir sübut yoxdur. Ona görə də apellyasiya şikayəti verəcək: «Əksinə, bu məhkəmə prosesində Fərahim Möhbalıyevin təqsirsizliyi sübuta yetirildi. Elə biabırçı sübutlardan istifadə olundu ki... Bu ona bənzəyir ki, yetimin papağını alırlar əlindən, bir müddət sonra özünə qaytarıb sevindirirlər. Sadəcə, məhkəmə və dövlət ittihamçısı cəza məsələsində humanistlik göstərdi. Bəraət almaq üçün hüquqi mübarizəmizi davam etdirəcəyik. İnanıram ki, haqq-ədalət bərqərar olunacaq. Fərahim Kaspi Liseyindən bir manat da mənimsəməyib. Bunu Tural Məmmədov da təsdiqləyir».

Xatırlatma

T.Məmmədov və F.Möhbalıyev 2018-ci ilin aprel-oktyabr aylarında valideynlərin liseyə ödədikləri təhsil haqlarından 565 min manat mənimsəməkdə suçlanır.

Prokuror da çıxışında T.Məmmədov və F.Möhbalıyevi təqsirli hesab edib, amma onlara şərti cəza verilməsini istəmişdi. Liseyin nümayəndəsi isə prokurorun təklifinə etiraz edir, onların CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsinin sanksiyası çərçivəsində cəza almasını istəyirdi. Bu maddədə 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər məhkəmədə dəfələrlə Sona Vəliyevanın dindirilməsini tələb ediblər. Onlar bildirirlər ki, valideynlərdən alınan pullar son nəticədə liseyin təsisçisi S.Vəliyevaya verilib. O da bu barədə öz kitabçasında qeydlər aparıb. Sabiq baş mühasib və mühasib sözügedən kitabçanın da alınıb məhkəmədə araşdırılmasını istəyirdi. Lakin bu vəsatətlərin heç biri təmin olunmadı.

Bir müddət öncə S.Vəliyeva da təsisçisi olduğu şirkət haqqında səslənən fikirlərə münasibət bildirib.

«Həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac verib. Mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır», - o, Qafqazinfo-ya belə deyib.

XS
SM
MD
LG