Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:31

Ayətüllah Xameneyiyə ‘milli vaksinin’ ilk dozası vurulub


İran xəbər agentlikləri və telekannallar iyunun 14-də baş vermiş hadisənin foto və videolarını iyunun 25-də yayıblar

İranın ali rəhbəri ayətüllah Əli Xameneyiyə öz ölkəsində hazırlanmış milli vaksinin ilk dozası vurulub.

İran xəbər agentlikləri və telekannallar iyunun 14-də baş vermiş hadisənin foto və videolarını iyunun 25-də yayıblar.

Ötən yanvar ayında ali rəhbər bütün xarici vaksinlərin idxalına qadağan qoyub.

O bildirib ki, İran İslam Respublikasının özündə istehsal olanacaq preparatı gözləyəcək.

İranda istehsal olunmuş COVIran Barekat deaktivasiya edilmiş virusun bazasında işlənib.

Hakimiyyət orqanları vaksinin effektivliyi və ya sınaqları barədə heç bir məlumat verməyib.

Lakin İran alimləri bildirirlər ki, vaksin 85 faiz effektivliyə malikdir.

Media xəbərlərində deyilir ki, İran COVAX proqramı çərçivəsində Qərbdə hazırlanmış vaksinləri güzəştli qiymətlərlə ala bilərdi.

Sadə ağsaqqallar növbə gözləyirlər

The Guardian yazır ki, İranın başqa yaşlı sakinləri peyvənd olunmaq üçün səhər saat 5-dən uzun növbələrdə dayanırlar və hətta bu halda da bir çoxlarına növbənin çatacağına ümid azdır.

İran koronavirusa qarşı vaksinlərdən ən çox korluq çəkən ölkələrdən biridir.

Hazırda ölkə COVID-19-un beşinci dalğası ilə üzləşməkdədir. Lakin əhalinin cəmi 2 faizi vaksinin bir dozası ilə peyvənd olunub.

Vaksin mərkəzlərindəki uzun növbələr nəzərdən tutulan qədər vaksinin olmadığından xəbər verir.

Vəzifəsini tərk etməkdə olan prezident Həsən Ruhani iyunun sonunadək 12 miyon dozanın vurulacağını vəd etmişdi.

Səhiyyə Nazirliyi bildirir ki, əhalinin risk təbəqəsi və yaşı 60-dan yuxarı olanların vaksinasiyası yalnız avqustun sonlarında başa çatacaq.

Rusiya vaksinin modifikasiyası

The Guardian yazır ki, İranın milli vaksini Rusiyanın Sputnik V vaksininin modifikasiyadır və bu preparatların heç biri Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən istifadə üçün təsdiqlənməyib.

İran avqustun sonunadək 30 milyon doza istehsal ediləcəyinə ümid edir.

Hər bir dozanın qiyməti təxminən 8 dollardır və bir çox iranlılar vaksinin pulla vurulmasını tənqid edirlər.

80 milyonluq əhalisi olan İranda COVID-19-la bağlı 83,588 ölüm qeydə alınıb.

Pandemiya başlanandan bəri İranda bu virusa 3.1 milyon insanın yoluxduğu xəbər veirilir.

Günə cəmi 300 doza

İranda nüfuzlu Entekab saytı yazır ki, ölkədə hər gün 300 doza vaksin vurulur.

İran peyvəndləmə proqramına fevral ayında başlayıb və təxminən 5 milyon nəfərə vaksin vurulduğu xəbər verilir.

Yaşı 65-dən çox olanların vaksinlənməsi artıq iki həftə gecikir. Səhiyyə orqanları hazırda diqqəti yaşı 70-dən çox olanlara yönəldib.

İlk dozalarını xaricdə istehsal olunmuş vaksinlərdən almış bir çox iranlılar ikinci dozanın yerli vaksinlə vurulmasının mümkün fəsadlarından narahatdırlar.

İran indiyədək BMT-nin COVAX proqramı çərçivıəsində 700 min dozadan çox AstraZeneca vaksini alıb.

Tehran bildirir ki, İran 4.2 milyon doza AstraZeneca vaksini sifariş etsə də, preparatın gətirilməsini Novruz bayramından bəri gözləməkdədir.

İran bundan başqa 2 milyon doza Sputnik V (Rusiya), 250 min doza Sinopharm (Çin) və 125 min doza Covaxin (Hindistan) vaksini aldığını bildirib.

XS
SM
MD
LG