Azərbaycan «Oskar»a nə göndərsin?

Növbəti «Oskar» mərasimi 2007-ci il fevralın 25-də ABŞ-da - Hollivudun Kodak Teatrında keçiriləcək

Bu günlərdə «Oskar» mükafatı təşkilatçıları Azərbaycana dəvət göndərərək, xarici dildə film nominasiyasında iştirak etməyi təklif ediblər. Bu dəvət həm Azərbaycana, həm də Qırğızıstana ilk dəfədir ki göndərilib.


Həmin nominasiyaya təqdim olunacaq film üçünsə konkret tələblər qoyulub - əsər ötən il oktyabrın 1-dən bu il sentyabrın 30-a qədər olan müddətdə istehsal edilməli, 35 yaxud 70 millimetrlik formatda çəkilməli və nəhayət film ən azı yeddi gün ardıcıl olaraq özəl kinoteatrda nümayiş etdirilməlidir.


Görəsən, bu il Azərbaycan «Oskar»a film təqdim edə biləcəkmi?


Mədəniyyət və Turizm Nazirliyindən Zöhrə Quliyeva deyir ki, Azərbaycanda həmin istehsal müddətinə uyğun gələn iki film var: «Oleq Səfərəliyevin «Əlvida, cənub şəhəri» filmi çəkilib, bu yaxınlarda təhvil veriləcək, rejissor Ramiz Əzizbəylinin «Yalan» filmi isə, artıq təhvil verilib. Yəni bu müddətə cəmi iki film düşür».


Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayevsə deyir ki, əslində, ölkə müstəqillik qazanandan sonra «Oskar» mükafatına film təqdim etmək hüququ qazanıb, sadəcə, bu müsabiqəyə təqdim ediləsi film olmayıb. Azərbaycana indi dəvət gəlməsinin səbəbi isə odur ki, həmin filmi seçmək üçün xüsusi qurum yaradılmalıdır, Azərbaycan hələ ki, bu qurumu yaratmayıb.


Müqayisə üçün deyək ki, Azərbaycanda «Nobel» mükafatı ilə bağlı xüsusi qurum - 1996-cı ildə Milli Elmlər Akademiyasının nəzdində «Nobel» İnformasiya Mərkəzi yaradılıb.


Bəs görəsən, niyə bu vaxtacan Azərbaycanın «Oskar» mükafatına layiq filmi olmayıb? Rasim Balayev: «250-300 min dollarla film çəkirik, yüz milyonlarla dollar sərf olunan filmlə bizim filmlər necə müqayisə oluna bilər? Aşağı səviyyəli filmi ora göndərib biabır olmaqdansa, göndərməmək yaxşıdır».


Rejissorlar Gildiyasının direktoru Hüseyn Mehdiyev də deyir ki, Azərbaycan filmi intellektual imkan və potensial baxımından «Oskar»a namizəd ola bilər, ancaq bunun üçün bəzi problemləri həll etmək lazımdır: «Milli kinomuzdakı problemləri həll etmək gərəkdir. Uğurlarımız da olub, ancaq şəxsi planda və qısa müddətə. O uğurlar ardıcıl və ənənəvi olmayıb».


Növbəti «Oskar» mərasimi 2007-ci il fevralın 25-də ABŞ-da - Hollivudun Kodak Teatrında keçiriləcək.


Oskar Film Akademiyası 1956-cı ildə xarici dildə film üçün nominasiya təsis edib. O vaxtdan bəri 102 ölkə bu prosesdə iştirak edir. Ötən il həmin nominasiya üzrə «Oskar»ı Cənubi Afrikanın «Tsotsi» adlı filmi alıb.