Polisə etirazçının saçını necə yolmağı öyrədirlər?

Gənclərin 10 may aksiyası

Dövlət Neft Akademiyasında qətlə yetirilən gənclərdən Savalan Cabbarovun şəklini sinəsinə taxan xanım tələbəni polis saçından tutaraq maşına otuzdurur. Başqa bir gənc qızı isə itələyərək polis maşınına salırlar. Bir neçə addım aralıda isə iki gəncin başının üstünü almış polislər onların köynəklərini dartışdırırlar. Bu səs-küyə əlavə bir həyəcan da əlavə edən kütləvi fit səsləri isə yavaş-yavaş eşidilməz olur.

Bu hadisələr mayın 10-da - gül bayramı günü - Sahil bağında baş verirdi.

Neft Akademiyasında faciə ilə bağlı ölkədə gül bayramı keçirilməsinə etiraz edən gəncləri polis qeyri-adi cəldliklə saxlayaraq 39-cu polis bölməsinə aparırdı. Qeyri-adi, gözlənilməz cəldlik barədə bir azdan.

…Musiqi Akademiyasının binasından bir az aralıda, əllərində matəm simvolu hesab olunan cüt qərənfillər tutmuş 30-a yaxın gəncin qarşısını isə mülki geyimli bir şəxs kəsərək onlara irəli gedə bilməyəcəklərini deyir. Ardınca bir dəqiqə də keçmir ki, 20-ə yaxın gənci həbs edərək Nəsimi rayon 22-ci Polis Bölməsinə aparırlar. Aparılanlar arasında həmin an yoldan keçən 15 yaşlı məktəbli Tamilla da olur. Onun ağlamasına məhəl qoymadan polis maşınına yerləşdirirlər:

- Mən orada avtobus gözləyirdim. Gördüm ki, qışqırırlar. Deyirdilər ki, orada nəsə baş verir. Mənə dedilər ki, tez ol sən də get. Məni də maşına apardılar.

Jurnalistin gənclərin nə üçün saxlanması sualına isə polis bu cür cavab verir.

- Biz adam saxlamamışıq.
- Oğlanı apardılar?
- Aparmayıblar.
- Hara apardılar?
- Deyirəm aparmayıblar.
- Mən gördüm axı…
- Mən görməmişəm. Sənin görməyinlə deyil ki. Sənin gözlərin əməlli görmür.

Mayın 10-nu jurnalistə qarşı zorakılıq da işləndi. «Yüksəliş naminə» qəzetinin əməkdaşı Elçin Həsənov 39-cu Polis Bölməsinin qarşısında döyüldü.

Həbs olunan gənclərin bir çoxunun dediyinə görə, polis onlarla yumşaq desək kobud davranıb.

Bu hadisədən cəmi iki gün əvvəlsə ATƏT-in Bakı ofisinin yenicə fəaliyyətə başlamış rəhbəri Bilge Cankorel ilk dəfə olaraq jurnalistlərlə görüşündə deyib ki, həyata keçirdikləri layihələrin böyük hissəsi polisin təlimlənməsinə aiddir:

«Məqsəd polislə cəmiyyət arasında dialoq qurmaqdır».

Nəsimi rayon 22-ci Polis Bölməsinə aparılan gənclər isə bölmədən çıxdıqdan sonra polisin hətta onları nə üçün saxladığını izah belə edə bilmədiklərini dedilər. Onların sözlərinə görə, polis bu hadisədə kifayət qədər qeyri-peşəkar və məntiqsiz davranıb:

- Mən bir qrup uşaqla konservatoriyadan AZİ-yə tərəf gedirdim. Bu an bizi tutdular. Başa sala bilmədilər nəyə görə.
- Operativ şəkildə hamımızı götürdülər.
- Maşına aparanda polis qolumu möhkəm sıxmışdı…
- Dedilər yaz bağışlanmağımı istəyirəm. Soruşdum kim tərəfindən? Qanun tərəfindən? Dedi yox. Biz tərəfdən.
- Mənə dedilər inzibati qaydaları pozmusunuz.
- Deyir sizi AZİ-nin qabağında qışqıran vəziyyətdə tutublar. Halbuki heç səsimiz də çıxmırdı.
- Bilmirdilər nə ilə əsaslandırsınlar. Rəis dedi ki, əlinizdə gül olmaz. Bu gün Heydər Əliyevin ad günüdür.
- «Peşexod»u keçəndə dedilər dayanın, söz deyəcəyik. Birdən maşınlar gəldi. Hamımızı tutdular.

Hüquqşünas Erkin Qədirli deyir ki, əsas məsələ polisin peşəkar olub-olmaması deyil:

«Bu, siyasi azadlıqlara basqıların nümunəsidir. Buna təkcə polisin addımı kimi baxmaq lazım deyil. Çünki polis özbaşına deyil. Polis də əmr alır. Bu əmr də siyasi əmrdir. O heç bir qanuna söykənmir».

39-cu Polis Bölməsinə aparılan gənclərin 3-ü yaralanmışdı. Bölməyə gələn təcilli- tibbi yardım maşınlarını isə 20 dəqiqə içəri buraxmayıblar. Mayın 10-u 70-dən çox gənc həbs olunub. Həmin gün Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə ölkə direktoru, etiraz aksiyasını kənardan müşahidə edən Aryen de Volf da həbs olunaraq 22-ci Polis Bölməsinə aparılmışdı.

Polisin gənclərin 10 may aksiyasını yatıran zaman göstərdiyi cəldlik ona görə qeyri-adi idi ki, aprelin 30-da Neft Akademiyasında qətl yerinə çatmaqda belə operativlik göstərilməmişdi.