«Mən heç vaxt rüşvət almaram»

«Ticarət, biznes mənim sahəm deyil»

«Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin budəfəki qonağı Respublikaçı Alternativ Birliyinin (REAL) həmtəsisçisi İlqar Məmmədovdur.

- İşləriniz necə gedir?

- Söhbət şəxsi işlərdən gedirsə, yaxşıdır. Amma ictimai işlər demək olar ki, ölkədə yaxşı getmir.

- Niyə yaxşı getmir?

- Elə biz onu çalışırıq izah edək ki, nəyə görə Azərbaycanda iqtisadi vəziyyət, siyasi sistem sağlam deyil və istiqamət də pisdir. Bax bunlar məni narahat edir.
- Başqa nə ilə narahat etmək olar sizi?

- Baxır şəraitə, vəziyyətə.

- 1970-ci ildə Bakıda anadan olmusunuz, Moskvada və Budapeştdə ali təhsil almısınız. Üçüncü ali təhsil barədə düşünmürsünüz?

- Yox, nəyimə gərəkdir. Sadəcə, iki təhsil ona görə aldım ki, MDU-nu bitirəndən sonra orada aspiranturada oxumağı təklif etmişdilər. Mənsə şəxsi səbəblərə görə qala bilməyib Bakıya qayıtdım. Burada elmi ad almaq barədə düşünürdüm. Amma sonra gördüm ki, Azərbaycanın elmlər namizədi, elmlər doktoru dünya əmək bazarında heç kimə lazım deyil. Sonra Budapeştdə yerləşən Amerika Universitetində oxuyub magistr diplomu almaq fürsəti yarandı və mən bundan istifadə etdim. Bu da mənə Amerika təhsil sistemini də yaxşı bilməyə kömək etdi.

- Hansı şəxsi işlər imkan verməmişdi Moskvada aspiranturada oxumağa?

- Ailəyə baxmaq lazım idi.

- Baxa bildiniz?

«Fürsətçilik ümumiyyətlə heç də həmişə yaxşı şey deyil»
- Bəli. Mən gəldim Bakıda Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə təmsilçisinin köməkçisi və tərcüməçisi işlədim. Yaxşı da maaş alırdım. Əmək fəaliyyətim belə başlayıb.

- Sizi fərasətli adam adlandırmaq olar?

- Azərbaycanda qəbul olunmuş mənada yox. Yəni ki, ticarət, biznes mənim sahəm deyil. Hər halda biznesə dair istedadım yoxdur.

- Hansısa bir fürsəti əldən verdiyiniz olub?

- Yox, demək olmaz. Bilirsiz, fürsətçilik ümumiyyətlə heç də həmişə yaxşı şey deyil. Fürsətçilik var ki, prinsipsizliyə gətirib çıxarır. Məsələn, elə adamlar var ki, deyir mən istədiyim filan şeydir, fürsət düşən kimi ona nail olacam. Hələlik isə belə işləyirik. Bu, yaxşı yanaşmadır. Amma baxır nə vaxt və hansı sahədə. Amma insan heç vaxt mənəvi prinsiplər barədə kompromisə getməməlidir. Məsələn, mən heç vaxt rüşvət almaram. Və almamışam da.

- Almaq imkanı olub?

- Bu imkanı özüm üçün yarada da bilərdim, rüşvət ala da bilərdim. Amma bu, mənim üçün sadəcə olaraq qəbuledilməzdir.

- Niyə qəbuledilən deyil?

- Bu, mənəvi prinsiplərlə bağlıdır. Mənəvi prinsiplər də mənimsədiyim biliklərə əsaslanır. Bilirəm ki, insan nə qədər çox rüşvət alsa, öz mənəvi prinsiplərini nə qədər çox kompomisə məruz qoysa, o qədər də cəmiyyət üçün pisdir.

- Hansı halda, nələr yaxud kimlər arasında kompromis mümkündür?


- Hər hansı bir maraqları məntiqli, ardıcıl təsvir edə, başa düşə bilirsinizsə, sonra onu başqalarının məntiqli, ardıcıl, düşünülmüş maraqları ilə tutuşdurursunuzsa, həmin o maraqlar arasında kompromis əldə etmək olar və bu, çox vaxt da vacibdir. Amma mənəvi prinsiplər arasında kompromis axtarışı çox ziyanlı yoldur.