Aldatma günü

Əsgərlərin kütləvi zəhərləndiyi Qaraheybət Təlim-Tədris Mərkəzi

HƏBSLƏR OLUB YA YOX?

Bu həftə bir nazirlikdəki araşdırmayla bağlı bir neçə fərqli məlumat yayıldı. Özü də rəsmilərin dilindən. Söhbət Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində (TTM) baş verənlərlə bağlı mətbuata verilən açıqlamalardan gedir. Əvvəlcə, bu mərkəzdə işləyən bir neçə yüksək rütbəli zabitin həbs edildiyi, haqqında cinayət işi qaldırıldığı bildirildi. Ertəsi gün məlumat təkzib edildi, nazirliyin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev tərəfindən. Və nəhayət, son məlumat yenə nazirlikdən, yenə də mətbuat xidmətindən, amma bu dəfə xidmətin rəisi Eldar Sabiroğlundan gəldi. Xəbəri qismən təsdiqləyən Eldar Sabiroğlu TTM-in işiylə bağlı müavininin məlumatsız olduğunu, bu üzdən mətbuata qeyri-dəqiq xəbər verdiyini dedi. Onun sözlərinə görə, mərkəzdə rəhbərliyin göstərişiylə aparılan yoxlamadan sonra zabitlərdən bəzisi vəzifədən azad edilib, toplanmış materiallar isə Respublika Hərbi Prokurorluğuna göndərilib. Həbs haqda ilkin məlumatı isə nə təkzib, nə də təsdiq edib.

Yaranmış durumla bağlı nazirliyin mətbuat xidmətilə əlaqə saxladıq. Xidmət rəisi Eldar Sabiroğlu yerində olmadığından sualımızı müavini Teymur Abdullayevə yönəltdik. Amma qəti cavab ala bilmədik:

- Eldar müəllim açıqlama verib, ondan istifadə edin. Artıq nəsə deyə bilməyəcəm.
- Bu yaranmış vəziyyət anlaşılmazlıqla bağlıdır?
- Eldar müəllim hər şeyi deyib.
- Bəs həbs olunanlar varmı?
- Mən heç nə deyə bilmərəm.

MƏMURLARIN SAVAŞI VƏ YA SOVETDƏN QALMA TƏFƏKKÜR?

Bu birinci dəfə deyil ki, Azərbaycanda dövlət məmurları məlumatı təkzib edir, sonradansa onu təsdiqləməli olurlar. Və ya məmurların söylədikləri arasında ziddiyyətlər üzə çıxır.

Məsələn, jurnalistlər araşdırıb ortaya çıxarmışdılar ki, sən demə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov «Nar mobile» markası altında fəaliyyət göstərən «Azərfon» telekommunikasiya şirkətinin təsisçiləri barədə cəmiyyətə yalan deyirmiş. Abbasov təsisçilərdən birinin «Simens» olduğunu demişdi. Şirkətin Vergilər Nazirliyində qeydiyyat sənədlərində isə söhbət başqa təsisçilərdən gedirdi.

Arif Əliyev
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, əslində baş verənlərin səbəbi sadədir:

- Bu, ilk növbədə zibili evdən çıxartmamaq cəhdidir. Güman edirlər ki, hadisəni ört-basdır edə biləcəklər. Bir də, bu adamların tam əksəriyyəti sovet dövründən iş başındadırlar. Onlar nəinki həbsləri, hətta iri şəhərlərdə ölümlə nəticələnən qarşıdurmaları malalayırdılar.

«Yeni Müsavat» qəzetinin köşə yazarı Zamin Hacı isə təzadlı məlumatları elə içəridəki ziddiyyətlərlə, məmurlar arasındakı informasiya savaşı ilə bağlayır:

- Tutaq ki, bir generalın o birindən xoşu gəlmir və onun həbsi haqda məlumatı mətbuata ötürür. Cidanı isə uzun müddət çuvalda saxlamaq olmur. Yəni bizdə dövlət qulluqçuları, xüsusən də nazirlər arasında ciddi ixtilafın olmasını hamı bilir. Səbəb də komanda anlayışının olmamasıdır, onları siyasi ideologiya birləşdirmir, müəyyən merkantil maraqlar ətrafında toplaşıblar. Hüquqi dövlət anlayışı olmayan ölkədə belə hallara gərək təəccüblənməyəsən.

«YALAN ARTIQ SİYASİ TEXNOLOGİYADIR»

Amma hər iki müsahibim də bir məqama diqqət çəkir, bu cür halların dönə-dönə təkrarlanması rəsmilərin sonrakı bəyanatlarını da şübhə altına salır. Arif Əliyevə görə, Qərbdə hər hansı məmurun yalan məlumat verməsi istefayla nəticələnir. Azərbaycanda isə mənzərə fərqlidir. Onun qənaətincə, indi Azərbaycanda yalandan siyasi texnologiya kimi istifadə edirlər.

- Bəzən görürsən ki, yalan dövriyyəyə buraxılır. Məsələn, deyirlər ki, qiymət qalxacaq və gözləyirlər görsünlər cəmiyyət nə reaksiya verəcək. Biz bunun dəfələrlə şahidi olmuşuq.
Zamin Hacı
Tarif Şurası neçə dəfə dedi ki, qiymət qalxmayacaq, amma əksinə oldu. Bu da oldu yalan yox, texnologiya.

HƏQİQƏT NAZİRLİYİNİN İŞİ, YOXSA ALDATMA GÜNÜ…

Söhbət texnologiyadan düşmüşkən, Zamin Hacı isə yazıçı Corc Oruelin «1984» adlı əsərindəki həqiqət nazirliyinin işini xatırlayır:

- Amma əslində nazirliyin işi cəmiyyətə yalan sırımaq olur. Oruel çox istedadla göstərir ki, həqiqəti necə yox eləmək olar. Məsələn, diktatorun bir nazirdən xoşu gəlmir, həbs etdirirsə, bütün qəzetlər yazır ki, bu nazir yaramazdır. Amma az sonra nazirin diktatorla arası düzələn kimi qəzetləri kitabxanadan yığıb köhnə tarixlə yenidən çap edirlər və deyirlər ki, nazir yaxşı adamdır. Yəni bu proses bir neçə dəfə təkrar olunduqdan sonra cəmiyyət bilmir nazir necə adamdır. Bu cür yalanların daimi təkrar olunduğu Azərbaycan kimi ölkədə də həqiqət həmişə it-bata düşür.

Jurnalist Hikmət Sabiroğlu isə belə düşünür ki, Azərbaycanda yalan çoxdan ayaq tutub yeriyir.

Zamin Hacı deyir ki, əslində Azərbaycanda hər gün cəmiyyətə yalan sırınır. Jurnalistin fikrincə, əhaliyə rəsmi mətbuatdan ölkədə yoxsulluğun azalması, analoqu olmayan ölkədə yaşaması, demokratik islahatların aparılması, xoşbəxt gələcək haqda danışılanlar əfsanədir. Zamin Hacıya görə, belə baxanda Azərbaycanda hər gün aldatma günüdür.