Azərbaycan ordusunun beş hərbçisinə hökm oxundu

Azərbaycan hərbçiləri təlimdə
Avqustun 5-də Ağır Hərbi Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Rəşad Hüseynov milli ordunun beş hərbi qulluqçusu barədə hökm çıxarıb. Materiallarda dövlət sirri olduğu üçün məhkəmə qapalı rejimdə keçirilib.

Məhkəmədən «Turan»a verilən məlumata görə, baş leytenant Xaqani Cavadov 15 il həbs cəzası alıb və ilk 5 ilini həbsxanada keçirəcək;

Kiçik çavuş Elçin Məmmədov həmçinin 15 il həbs cəzasına məhkum edilib, cəzasının 4 ilini həbsxanada çəkəcək;

Kiçik çavuş Samir Tağıyev və sıravi əsgər Süleyman Əliyev hərəsi 12 il müddətinə həbs edilib.

Leytenant Rəşad Abışov 2 il islah işlərinə məhkum edilib.

Onlar Cinayət Məcəlləsinin 150.1 (cinsi zorakılıq), 274 (Vətənə xəyanət), 228 (qanunsuz silah saxlanması), 338 (döyüş növbəsi qaydalarını pozma), 341 (hakimiyyət səlahiyyətlərini aşma və sui-istifadə), 349 (hərbi əmlakın qəsdən məhv edilməsi) maddələri ilə ittiham olunurlar. Bütün hərbiçilər Gədəbəy rayonunda xidmət ediblər.

Qeyri-rəsmi məlumatlara görə, bu hərbiçilər xidmət yoldaşlarına qarşı zorakılıq edərək, onları erməni tərəfin xeyrinə casusluq etməyə məcbur ediblər.

Bundan başqa, müttəhimlərdən biri, zenit-pulemyot hissəsinin komandiri sıravi əsgərləri bir-biri ilə dalaşmağa məcbur edirdi, bundan imtina edənləri isə döyürdülər.

KİV-də cinayətin təfsilatı barədə dərc edilmiş bir sıra məqalələr Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun heç bir reaksiyasına səbəb olmayıb. «Turan»ın sorğu ilə müraciət etməsinə baxmayaraq, bu qurumlar mövzu ilə bağlı şərh verməkdən imtina ediblər.

Son aylar ərzində orduda buna bənzər kifayət qədər çox hadisə baş verib, amma Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.