«Təqaüdüm 10 günə ancaq çatır»

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb

«İndi təqaüdçülərin sevinci pensiyanı bankomatdan çıxardıqları ana qədər davam edir. Elə ki, pul bankomatdan çıxdı, onu hara xərcləmək, özü də necə xərcləmək təqaüdçü üçün həlli mümkün olmayan bir riyazi hesablamaya çevrilir».

76 yaşlı təqaüdçü Səməd Əliyev belə deyir. Onun sözlərinə görə, nəyisə hesablamağın, baş sındırmağın yeri yoxdur. Necə hesablasan da, necə qənaət etsən də 80 manat təqaüd bir həftə, uzaqbaşı 10 günə çatır. Çünki heç bir şey yeməsən də, elə gündə 30 qəpiklik bir çörək ayda 9 manat eləyir. Səməd kişi indi ət üzünə həsrət qaldığını söyləyir.

«TƏQAÜDÜM 10 GÜNƏ ANCAQ ÇATIR»

102 manat təqaüd alan Solmaz Kərimova da deyir ki, pensiyanı alandan 10 gün sonra pulları qurtarır. Solmaz Kərimova sonuncu dəfə nə vaxt ət mağazasına gedib, onu xatırlamır:

«Əlli il işləmişəm 102 manat pensiya alıram, artıq pulu xərcləmişəm, cəmi 12 manat pul qalıb. İndi bu pulu necəsə mən ayın sonuna qədər çatdırmalıyam».

AzadlıqRadiosu və «İnternyus Azərbaycan» təşkilatının birgə layihəsi olan «Hər kəsin haqqı var» verilişi məhz bu mövzuya – pensiyaçıların hüquqlarının təminatı məsələsinə həsr olunub.

ARAYIŞ:

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxınlaşıb. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu ilin 9 ayı ərzində əmək pensiyaçılarının sayı 23.712 nəfər artıb və 1 milyon 298 min 850 nəfərə çatıb.

Ümumilikdə ölkə üzrə əmək pensiyaçıları arasında qadınların sayı daha coxdur. Hazırda əmək pensiyaçılarının 60,5 faizi qadınlar, 39,5 faizi isə kişilərdir. Qadınların 383 547 nəfəri, təxminən 50 faizi çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9880 nəfər təşkil edir.

Hazırda Azərbaycanda əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

«ÇOX ADAM MARAQLANMIR Kİ, İŞDƏN ONLAR ÜÇÜN SIĞORTA ÖDƏNİLİRMİ?»

Verilişin qonağı olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbə müdiri Elşən Məmmədəliyev də pensiyanın miqdarının artırılmasının tərəfdarıdır. Amma deyir ki, reallıqla barışmaq lazımdır:

Elşən Məmmədəliyev
«Reallıq isə odur ki, pensiyalar sosial sığorta haqlarının yığımına əsaslanır. Bəs idarə və təşkilatlar işçilərin sosial sığorta haqlarının vaxtında ödənilməsini təmin edirlərmi? Çox adam heç maraqlanmır ki, onlar üçün iş yerində sığorta köçürülür, ya yox. Amma pensiya ilə hər kəs maraqlanır. Gərək bu gün biz daha çox sosial sığorta ödəyək ki, sonradan bu sahədə problemlə üzləşməyək».

QADINLAR 12 İL ƏVƏZİNƏ 19 İL PENSİYADA OLURLAR

Proqramda «Əmək pensiyaları haqqında» qanuna edilən son əlavə və dəyişikliklər də müzakirə olundu. E.Məmmədəliyev pensiyaya çıxmaq üçün yaş həddinin qaldırılmasını vətəndaşların pensiyada olma müddətinin artması ilə əlaqələndirdi:

«Kişilər 13 il, qadınlar 19 ilə yaxın müddətdə pensiyada olurlar. Halbuki, qanunla gözlənilən pensiya müddəti 12 il nəzərdə tutulub».

«İNSANLARIN ÖMRÜ ARTDI, PENSİYA VERİLMƏSİNDƏ PROBLEM YARANDI»


Milli Büdcə Qrupunun eksperti Fuad Rəsulov hesab edir ki, qanuna bu dəyişiklik çoxdan edilməliydi:

«Bunu 2006-cı ildə qəbul etmək lazım idi. Əvvəllər pensiya sistemi belə idi ki, vergilər bir qazana toplanırdı və ordan da pensiyalar paylanırdı. 70-ci illərdən etibarən insanlar qocalmağa başladı, onların ömrü artmağa başladı. Avropa ölkələri ilk olaraq bu problemlə üzləşdilər».

F.Rəsulovun sözlərinə görə, məhz bundan sonra fərdi sosial sığorta sistemi tətbiq olunmağa başlanıb və artıq bu sistem özünü doğruldub.

«PENSİYA ÇATMIR ONA GÖRƏ DƏ İŞDƏN ÇIXMAQ İSTƏMİRLƏR»

Hökumət nümayəndələri qanuna bu dəyişikliyin daha bir səbəbini səsləndirirlər – yaşlı insanların pensiya yaşı çatsa da, olar işdən çıxmaq istəmirlər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev deyir ki, hökumət gərək pensiyaçıların işləmək istəyinin hardan qaynaqlandığı ilə maraqlansın:

«Aldıqları pensiya məbləği azdır. Bu pul onların 10 günlük dolanışığına kifayət etmir. Ona görə də insanlar pensiya almaqla yanaşı, işləyib əlavə gəlir qazanmaq istəyirlər».

İqtisadçı deyir ki, yaşlı insanların işləməyə meylli olmalarında ikinci səbəb qeyri-rəsmi gəlirlərlə bağlıdır:

Hazırda əmək pensiyaçılarının 60.5 faizi qadınlar, 39.5 faizi isə kişilərdir
«Diqqət versəniz, məhz səhiyyə və təhsil sahəsində işləyənlər pensiyaya çıxmaq istəmirlər. Bu insanların hamısı müəyyən yollarla qeyri-rəsmi gəlirlər əldə edirlər. Yəni, burda söhbət yalnız pensiyanın aşağı olmasından getmir. Onlar işdə kifayət qədər yüksək gəlir əldə edirlər və bu gəlirlər onları pensiyaya çıxmaq istəyindən məhrum edir».

Milli Büdcə Qrupunun eksperti Fuad Rəsulov hesab edir ki, insanların sosial sığorta sistemi ilə bağlı maariflənməsinə ehtiyacları var:

«Hər kəs olar üçün nə qədər haqq ödənildiyini bilməli, fərdi hesablarında daha çox pul yığılmasına çalışmalıdırlar. Pensiyanın baza hissəsi addım-addım artırılır. Gələcəkdə gəlib yaşayış minimumuna çatmalıdır. Bununla da dövlətin öhdəlikləri yerinə yetirilməlidir».

Ekspert hesab edir ki, pensiya ilə bağlı qanunlar yenə dəyişdirilməlidir. Məsələn, yaxşı qazanan insanlara imkan yaradılmalıdır ki, onlar işləməyən həyat yoldaşları üçün də sosial sığorta ödəsinlər və qocalıqda onların pensiya almasına şərait yaratsınlar.

Fuad Rəsulov Sovet Azərbaycanında işləyib yüksək əməkhaqqı alan, amma aşağı pensiya təyin olunan şəxslər barəsində də haqsızlığa yol verildiyini iddia etdi. Lakin DSMF nümayəndəsi bu şəxslərin pensiyasının yenidən hesablandığını, artıq bu sahədəki problemin də aradan qalxdığını dedi:

«Problem yalnız onda idi ki, indeksləşmə aşağı rəqəmlə aparılırdı. Ona görə də o dövrün əməkhaqlarına görə pensiyaya çıxanların pensiyası indikilərdən fərqlənir. Bu fərqin aradan qaldırılmasın üçün DSMF tərəfindən işlər görülür».