Fermerlərin pulu hara getdi?

13-14 qəpiyə taxıl olar?

«Dövlətin hər hektara 40 manat kompensasiya olaraq verdiyi yanacaq pulunu biz hələ də ala bilməmişik. Artıq 2010-cu ildir, fermerlər 2009-cu il üçün ayrılan subsidiyaları almayıb. Bütün fermerlər əkin-biçinə görə servisə hələ də borclu qalıblar».

Bunu Göygöl rayonundan fermer Aydın Cəfərov deyir. Onun sözlərinə görə, dövlət tərəfindən fermerlərə ayrılan vəsaiti hələ də ala bilməyiblər.

2009-cu il üçün 465 hektar ərazidə taxıl əkən Aydın Cəfərov kimi bir çox fermerlər təsərrüfatı ziyanla başa vurduqlarına görə bu il taxıl əkməyiblər:

- Fermerlər ötən il taxıl və üzüm təsərrüfatlarını ziyanla başa vurub. Taxılın əkilməsi, becərilməsi, suvarılması, biçilməsi üçün xərclər ilbəil artırılır. Taxılın qiyməti isə aşağı düşdü. Taxılçılar da gəlir əldə edə bilməyib təsərrüfatlarını ziyanla başa vurdular.

- Ötən il hər yerdə taxıl ucuz oldu. 13-14 qəpiyə taxıl olar? İqtisadçı bizim çəkdiyimiz xərci də hesablasın, gəliri də. Ona görə də ziyanımız çox oldu. Buna görə də mən 2010-cu il üçün taxıl əkməmişəm.

QƏRAR KƏND TƏSƏRRÜFATI, PUL MALİYYƏ NAZİRLİYİNDƏN

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəisi Murtuzəli Hacıyev deyir ki, fermerlərə ayrılan yardımlar 2009-cu ilin sonuna qədər Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir:

«Bizim Nazirliyin funksiyası ondan ibarətdir ki, respublika komissiyası fermerlərə yardımların, subsidiyaların verilməsi ilə bağlı qərar verib Maliyyə Nazirliyinə göndərsin. Yardımların ödənilməməyi artıq Kənd Təsərrüfatı Nazirliyinin işi deyil».

Maliyyə Nazirliyindən isə bildirdilər ki, subsidiyaların ödənilməsi istiqamətində iş gedir. Gecikməyə Nazirlər Kabinetində bölgələr üzrə vəsaitlərin bölüşdürülməməyi səbəb olub.

2010-DA TAXIL SAHƏLƏRİ NİYƏ AZALIB?

Azər Mehtiyev
Ötən illə müqayisədə 2010-cu il üçün əkilən taxıl sahələri 20 faiz azalıb. Murtuzəli Hacıyevin verdiyi məlumata görə, 2009-cu il üçün 807 min hektar ərazidə taxıl əkilmişdisə, 2010-cu ildə bu göstərici 148 min hektar azalaraq, 659 min hektar təşkil edib. Murtuzəli Hacıyevin taxıl əkini sahələrinin azalmasına isə münasibəti bu cür oldu:

«Düzdür taxıl əkini azalıb amma tərəvəz, bostan məhsulları və s. sahələrdə artıb. Bazar iqtisadiyyatıdır, istehsalçı bazarın tələbinə uyğun olaraq, öz biznesini qurur, əkini əkir. Ötən il taxılın qiyməti ucuz oldu. Ona görə də taxıl əkinində belə azalmalar müşahidə olunur».

Ekspert Azər Mehtiyev hesab edir ki, fermerlərin ziyana düşmələrinin digər bir səbəbi də taxıl fonduna taxıl ehtiyatının başqa ölkələrdən alınması olub.

«Ötən il taxıl fonduna taxılın alınması zamanı qarşıya qoyan tələblər ölkədə istehsal olunan taxılın alınmamağına səbəb oldu. Demək olar ki, Taxıl Fonduna taxıl əsasən kənardan gətirildi. İkincisi, Maliyyə Nazirliyi yoxlamalar adı altında fermerlərə subsidiyalar üçün ayrılan vəsaitlərin gec ayrılmasına qərar verib. Fermer üçünsə maraqlı deyil subsidiyalar hansı səbəbdən gecikir. Fakt odur ki, fermer ümid bəslədiyini ala bilmir. Təbii ki, bunun da nəticəsində fermerlər bu proseslərdən çəkinirlər».

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyev ümid edir ki, taxıl əkini sahələri azalsa da, 2010-cu ildə məhsuldarlıq yüksək olacaq:

«Əkin sahəsinin azalmasına baxmayaraq, biz ümidvarıq ki, görülən kompleks tədbirlər, yəni fermerlərin gübrə, texnikalarla təmin edilməsi nəticəsində intensiv yolla məhsuldarlığı artıracaq. Hava şəraiti münasib olsa, bu il məhsuldarlıq yüksək olacaq».

ÇÖRƏYİN QİYMƏTİ ARTACAQ?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, 2010-cu ildə taxıl məhsuldarlığının yüksək olacağı inandırıcı deyil.

«İndiki halda məhsuldarlığın artırılması ilə bağlı heç bir real işin görünmədiyi, eləcə də dövlətin fermerlərə əlavə dəstək göstərmədiyi bir halda məhsuldarlığı artırmaq mümkün deyil. İndiki hava şəraiti də məhsuldarlığın artması üçün zəmin yaratmır».

Vüqar Bayramov deyir ki, bu il ötən illə müqayisədə daha az taxıl istehsal ediləcəyi proqnozlaşdırılır. Bu ilin payızına qədər taxıl ehtiyatının olduğuna baxmayaraq, iqtisadçı 2010-cu ilin son aylarında çörəyin qiymətinin artacağını istisna etmir.