Vilayət Quliyev: «Mən qəzaya uğrayan təyyarədə 2 dəfə uçmuşam»

Polşa prezidentinin həlak olduğu təyyarə qəzası dünya mediasında geniş müzakirə olunur. Faciənin sirrli tərəflərinə aydınlıq gətirmək üçün "İşdən sonra" proqramına dəvət olunan qonaqlar AzadlıqRadiosu dinləyicilərinin suallarına cavab verir.

- «Tu-154» təyyarələrinə qardaşlıq məzarı deyirlər».

«Şərq–Qərb» Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu belə deyib. O hesab edir ki, təyyarə qəzası müəmmalı şəraitdə baş verib:

UÇUŞ HEYƏTİ ÖZBAŞINA QƏRAR QƏBUL EDƏ BİLMƏZ

- Müasir təyyarələrdə enmə-qalxma üçün duman problem deyil. Bu gün vizual müşahidədən uçuş heyəti istifadə etmir. Enmə-qalxma prosesləri dispetçer əsasında idarə olunur. Dispetçer xidməti təyyarənin enməsinə icazə verməyib. Bu qəribə səslənir. Əgər dispetçer enişə icazə vermirsə, heç bir uçuş heyəti özbaşına qərar qəbul edə bilməz. Ən azı ona görə ki, aerodrom həmin yerin parametrlərini verməlidir.

Azərbaycanın Polşadakı keçmiş səfiri (İndi Macarıstanda səfirdir) Vilayət Quliyev isə bildirib ki, o qəzaya düşən təyyarədə bir neçə dəfə səyahət edibmiş:

- Prezidentin ətrafında olan Polşa elitası Azərbaycana dostluğu ilə seçilirdi. Bu baxımdan xəbər mənim üçün də acıdır, çünki həlak olanların içində beş ildən bəri birlikdə çalışdığım, ölkəmizə, xalqımıza xoş münasibətinə güvəndiyim insanlar var idi.

Vilayət Quliyev deyir ki, üç gündür ki, prezident sarayının yerləşdiyi mərkəzi küçələrə on minlərlə polyak axışır, onlar hər yerdə, şəhərin mərkəzində şamlar yandırırlar, çiçək dəstələri düzürlər. Kilsələr fasiləsiz dolub boşalır. Polşa sarsıntı içindədir, kədərlidir, amma eyni zamanda da hər şey öz ahəngində davam edir.

Cənab Quliyev bildirib ki, faciə ilə bağlı ən xırda detallar aydınlaşdırılmalıdır:

(Keçmiş səfir daha nələri açıqladı, onun çıxışının səs yazısını dinlə)

BU TƏYYARƏ İLƏ BAĞLI ƏVVƏLLƏR DƏ PROBLEM YARANMIŞDI

- Son sözü mütəxəssislər deyəcəklər. İndidən hər hansı ehtimallar irəli sürmək tezdir. Prezidentin təyyarəsini dəyişməməsi Polşa ictimaiyyətinin diqqət mərkəzindədir, şübhəsiz bu məsələ haqqında aviasiya mütəxəssisləri daha geniş rəy bildirə bilərlər. Bu təyyarə üç ay əvvəl əsaslı şəkildə təmirdən çıxmışdı və o təmirə iki milyon avroya yaxın vəsait xərclənmişdi. Təyyarədə heç bir nasazlıq yox idi. Bu təyyarə ilə bağlı əvvəllər də - Kaçinskinin Monqolustan səfərində problem yaranmışdı. Mən özüm də o təyyarədə iki dəfə səyahət etmişəm. İki dəfə prezident Kaçinskini Bakıya səfərində müşayiət etmişəm. Bu il nəzərdə tutulurdu ki, Polşa prezidentinə və baş nazirinə iki yeni təyyarə alınsın. Bu məsələ uzun müddətdir gündəlikdə idi. İndi Polşa cəmiyyətində o suallar eşidilir ki, nə üçün prezidentə daha yüksək təhlükəsizliyi ilə seçilən təyyarə alınmayıb. Hələlik Polşa prezidenti bu təyyarədən istifadə edirdi və bu təyyarə son 20 il ərzində istifadədə olmuşdu.

«Azal» Dövlət Konsernin keçmiş rəhbəri Ədalət Əliyev isə deyib ki, «Tu–154»lə bağlı problemlər onsuz da var idi:

«TU–154» İSTEHSAL MÜDDƏTİ BAXIMDAN SIRADAN ÇIXIB

- «Tu–154» tipli təyyarədə prezident uçuşlarının yerinə yetirilməsi yolverilməzdir. Bu tipli təyyarə istehsal müddəti baxımdan sıradan çıxıb. «Tu–154» tipli təyyarələrin 7 modifikasiyası istehsal olunub. Bir modifikasiya digər modifikasiyadan sistemlərin idarə edilməsinə görə fərqlənir. Bu da birmənalı olaraq uçuş heyəti üçün mürəkkəblik yaradır. Hər dəfə təyyarə heyəti kabinaya daxil olduqda ayırd etməli idi - bu hansı modifikasiyaya aiddir, xüsusilə yanacaq sistemlərini, idarəetmə sistemlərini necə idarə etmək lazımdır.

Ədalət Əliyev deyir ki, Smolenskdə baş verən hadisədə ilk növbədə dispetçer və hava gəmisi heyətinin günahı var:

- Məndə olan məlumata görə, həmin təyyarə heyəti dörd dəfə can atıb ki, Smolenskə ensin, bu da nəticəsiz alınıb, dördüncü dəfə endikdə təyin olunmuş parametrləri saxlamadığı, onları pozduğu üçün qəzaya uğrayıb.

Ə.Əliyev deyir ki, «Tu -154» təyyarəsinin sistemlərinin vaxtında dəyişilməsi lazımdır:

- Rusiyada hamıya bəllidir ki, bu təyyarələri çox keyfiyyətsiz təmir edirlər.

(Ədalət Əliyevin bütün cavablarını səs yazısında dinlə)