7 noyabr seçkisi ATƏT-də ikitirəlik yaradıb

Wolfgang Grossruck Bakıda mətbuat konfransında - Bakı, 8 noyabr 2010

Azərbaycanda 7 noyabr parlament seçkisindən bir gün sonra ATƏT-in Beynəlxalq Müşahidə Missiyası daxilində fikir ayrılığı yaranıbmış. Özü də missiyanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) olan Yerli Koordinatoru Audrey Gloverlə missiyanın digər üzvləri arasında.

AUDREY GLOVER MİSSİYA İLƏ KƏLLƏ-KƏLLƏYƏ

Missiyanın rəhbəri Wolfgang Grossruck (o, həm də ATƏT-in Parlament Assambleyasının vitse-spikeri və Avstriya parlamentinin üzvüdür – A.K.) ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevə noyabrın 9-da göndərdiyi məktubda səfir Gloverin fəaliyyətindən “narazılıq” bildirib.

AzadlıqRadiosuna daxil olmuş informasiyaya görə, məktubun surəti həm də ATƏT Parlament Assambleyasının prezidenti Petros Efthymiou (Yunanıstan) və ATƏT-in Parlament Assambleyasının Baş katibi Spencer Oliverə (ABŞ) göndərilib.

Xatırladaq ki, noyabrın 8-də, parlament seçkisindən bir gün sonra Beynəlxalq Müşahidə Missiyasının seçkiyə dair ilkin qiymətləndirilməsi açıqlanmazdan öncə, AzadlıqRadiosu Avropa Parlamenti Müşahidə Missiyasının rəhbəri Anneli Jäätteenmäki-nin bəyanatını əldə edib. Həmin bəyanatda müxalifət müşahidəçilərinin qorxudulması, seçki qutularına bülletenlərin topa halında salınması qısa və aydın ifadə olunub.

Bir neçə saat sonra isə Beynəlxalq Müşahidə Missiyasının bəzi müşahidəçilərə görə daha diplomatik dildə ifadə olunmuş bəyanatı yayılıb.

Ancaq missiyanın rəhbəri Wolfgang Grossruck məktubunda yazır ki, o, noyabrın 8-dəki mətbuat konfransında seçkinin ilkin qiymətləndirilməsinə dair bəyanatı həm də Beynəlxalq Missiyaya daxil olan digər parlamentarilər - AŞPA nümayəndələrinin rəhbəri Paul Wille və Avropa Parlamenti Müşahidə Missiyasının rəhbəri Anneli Jäätteenmäki-nin adından səsləndirib. Wolfgang Grossruck-un şikayəti Audrey Gloverdəndir.

“DTİHB HÖKUMƏT ƏLEYHİNƏ UYĞUN DİLDƏ DANIŞMIR”

Wolfgang Grossruck yazır ki, missiya daxilində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlıq çətin və qaranlıq olub:

“Missiya boyu bizdə belə bir təəssürat olub ki, DTİHB daha çox beynəlxalq medianın, yerli QHT-lərin, Azərbaycan müxalifətinin gözləntilərini yerinə yetirmək istəyib, nəinki sübut-dəlilləri toplamaq, təhlil etməkdə əsl professional münasibət göstərmək. Bəzi hallarda DTİHB faktlara dərindən baxmayıb, qarşı tərəfi eşitməyib, nöqsanlarda günahlandırılan hakimiyyətin mövqeyini eşitmək istəməyib”.

Audrey Glover
Wolfgang Grossruck iddia edir ki, DTİHB müşahidəçiləri tez-tez şübhələrə, birtərəfli interpretasiyalara, digər subyektiv faktorlara əsaslanırlar:

“Ən təəccüblüsü DTİHB-nin hökumət əleyhinə ittiham və iddialardan danışanda müvafiq dil tapa bilməməsidir.

Mən bəyanatda bir çox fikirləri DTİHB-nin təkidinə görə qəbul etdim. Parlamentari dostlarımın müxalif mövqeyi ilə DTİHB-nin mövqeyini uzlaşdırmalı oldum. Bunu əslində Azərbaycanda demokratik seçki üçün plüralizmin olmamasına dair əlimdə olan faktlar olduğuna görə etdim”.

SEÇKİNİN YAXŞI KEÇİRİLMƏSİ NƏ DEMƏKDİR?

Wolfgang Grossruck iddia edir ki, mətbuat konfransında mən çətin razılaşdırılmış bəyanatın mətnini sadiqliklə oxudum:

“Ancaq sözü Audrey Gloverə versəm də, o, gözlədiyim kimi bəyanatın detallarını incələmədi, əksinə vəziyyəti birtərəfli və neqativ təsvir edən tamam ayrı bəyanat səsləndirdi. O, nitqində bizim bəyanatdan əvvəl razılığa gələ bilmədiyimiz sözlərdən istifadə elədi.

AŞPA-nın da eyni cür, ümumi bəyanatın əksinə danışması bizim əməkdaşlığın belə kütləvi pozulması üçün bəhanə ola bilməz. AŞPA ayrıca qurumdur və əvvəlcədən bizə demişdilər ki, seçkinin “yaxşı təşkil olunması” nə deməkdirsə, onu öz standartlarına uyğun izah edəcəklər”.

Wolfgang Grossruck DTİHB-nin davranışının qəbuledilməz olduğunu deyir, onu ATƏT-in seçkini müşahidə missiyasının mövcud qaydaları üçün ciddi pozuntu adlandırır. “Bu, iki institut arasında inamı tamamilə sarsıdır”.

Müşahidə missiyasının rəhbəri vəziyyəti ağırlaşdıran bir haldan danışır:

“ŞƏXSƏN MƏN RÜŞVƏT ALMAMIŞAM”

ATƏT DTİHB-nin mətbuat konfransı
“Mətbuat konfransına xeyli sayda müxalifət jurnalistləri gəlmişdi. Onların bütün beynəlxalq müşahidəçilərə qarşı göstərdiyi aqressivlik təkcə DTİHB-nin missiyasına kölgə salmırdı, həm də müşahidəçiləri qorxutmaq və gözdən salmaq məqsədi güdə bilərdi. Jurnalistlər hazır suallarla gəlmişdilər. Görünürdü ki, onların mənim gözlənən bəyanatım barədə öncədən səhv məlumatları var. Jurnalistlər düz iki dəfə müşahidəçilərin rüşvət alıb-almaması barədə sual verdilər. Bu ikinci dəfə baş verəndə səfir Glover bizim işimizi bütünlükdə müdafiə etmək əvəzinə cavab verdi ki, “o özü şəxsən” heç bir rüşvət almayıb. Özü də elə dedi ki, onun cavabı podiumdakı digər müşahidəçilərin rüşvət aldığını istisna etməməməsi kimi başa düşülə bilərdi”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri, səfir Audrey Glover noyabrın 9-da AzadlıqRadiosunun “İşdən sonra” proqramına müsahibəsində missiya daxilindəki fikir ayrılıqlarına da münasibət bildirmişdi:

“VAHİD BİR NƏTİCƏYƏ GƏLMƏK ÇƏTİNDİR”

“Təbii ki, 4 qrup olanda vahid bir nəticəyə gəlmək çətindir. Amma mən düşünürəm ki, bizim hər birimiz öz fikrimizi ifadə edə bildik. Və təbii ki, orada müəyyən məqamlar vardı ki, onlarla bağlı biz birgə qərara gəldik. Çünki bu birgə bir bəyanat idi. Mən düşünürəm ki, burda ilk növbədə vaxtla bağlı fərq var idi. Çünki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq uzun müddətdir ki, burdadır. Bizim müşahidəçilər uzunmüddətli müşahidəçilər idi. Lakin digər təşkilatlar qısa müddət ərzində burada olublar”.

DTİHB-NİN TALEYİ SUAL ALTINDA

Wolfgang Grossruck məktubunun sonunda yazır ki, AŞPA nümayəndə heyəti DTİHB ilə gələcək əməkdaşlığın mümkün olub-olmamasına dair sorğu göndərəcəyini bildirib:
Boris Frlec
“Əgər biz DTİHB-nin müşahidə missiyasının nüfuzunun tamamilə korlanmasının qarşısını almaq istəyiriksə, DTİHB və onun heyətinin monitorinq fəaliyyətinə dair tədbir görülməlidir”.

Gələn ilin fevralında ATƏT Parlament Assambleyası toplaşacaq. Bəzi mənbələr tədbir öncəsi müzakirələrdə DTİHB və Azərbaycandakı seçkilərlə bağlı məsələlərin yer aldığını, həm səfir Audrey Glover, həm də DTİHB-yə etimadsızlıq məsələsinin sessiyada qapalı müzakirə olunacağını iddia edirlər.

Azərbaycanda parlament seçkilərini müşahidə edən ATƏT Beynəlxalq Müşahidə Missiyasının daxilində fikir ayrılıqları barədə bundan əvvəlki seçkilərdə də mediaya məlumatlar sızıb. 2008-ci il prezident seçkisindən əvvəl AzadlıqRadiosu bu barədə ATƏT-in seçkini müşahidə missiyasının rəhbəri Boris Frlecdən soruşanda o demişdi:

“Missiya vahid dildə danışır. Başqa qurumların - məsələn, AŞPA müşahidə missiyaları ilə fikir ayrılıqları yarana bilər. Nəzərə almaq lazımdır ki, seçkidən bir gün sonra yekun qiymətləndirmə ortaya qoymaq üçün çox tezdir. Çünki şikayətlərə baxılmayınca seçki prosesini bitmiş saymaq olmaz”.