GEDİŞ HAQQI ARTSA...
Bakı sakini İradə Səlimova aldığı maaşın- 150 manatın təxminən 30 manatını yola xərcləyir. Hər gün Maştağadan şəhərə işə gəlib gedir. 2 dəfə avtobus dəyişir, üstəlik metrodan da istifadə edir. İradə xanım deyir ki, nəqliyyatda gediş haqqı artsa, maaşının təxminən 40-45 manatını yola xərcləri aparacaq ki, bu da ona heç sərf etmir:
«Camaata yazıqları gəlmir? Axı hamının imkanı eyni deyil. Yəqin ki, nəzərə alarlar, gündə o qiymətə gəlib-getmək olmaz».
İradə xanımın himayəsində xəstə atası ilə anası da var. Deyir ki, valideynlərinin pensiyası onların dava-dərmanına güclə yetir.
Nəqliyyat Nazirliyi isə ictimai nəqliyyatda gediş haqqını artırmağa hazırlaşır.
İyunun 16-da nəqliyyat naziri Ziya Məmmədov bu haqda mətbuata deyib.
QİYMƏT NƏ QƏDƏR QALXACAQ?
Nazir bu addımı Bakıda nəqliyyatın idarə edilməsində intellektual sistemin tətbiqi ilə əlaqələndirib. «Bu sistemin tətbiqi çərçivəsində yeni avadanlıqlar tətbiq edilir. Bu isə öz xərcini çıxarmalıdır»- deyə nazir vurğulayıb.
Ziya Məmmədov qiymət artandan sonra avtobuslarda smart kartlardan istifadə ediləcəyini də deyir.
Hələlik bəlli deyil qiymət nə qədər qalxacaq və nə vaxtdan qaldırılacaq.
«ONU NƏQLİYYAT NAZİRLİYİ BİLƏR»
Tarif Şurasından AzadlıqRadiosuna deyilib ki, Nəqliyyat Nazirliyi hələlik ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Bakı Sərnişin Nəqliyyatı MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov da deyir ki, bu haqda onlara indilik heç nə deyilməyib. Bəs qiymət artımına onlar necə baxır? Suala qısa cavab verdi:
«Onu Nəqliyyat Nazirliyi daha yaxşı bilər. Təklif birbaşa onlardan gəlir».
«AVTOBUSLAR İNSANLARI «KARTOF KİMİ» APARIB GƏTİRƏCƏKLƏR»
Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl isə ona diqqət çəkir ki, marşrutlarda indiki qiymət - 20 qəpik normaldır:
«Bütün regionu götürsək, Gürcüstanı, Moldovanı, Ukraynanı, Ermənistanı, Belarusu, Qazaxıstanı, Mərkəzi Asiya ölkələrini, qiymət bundan artıq deyil. Bəzi ölkələrdə qiymət buna yaxındır, bəzilərindəsə azdır. Çoxunda da intellektual idarəetmə tətbiq olunub. Nazirlik hələ ictimai nəqliyyatda bilet məsələsini həll edə bilməyib».
Zöhrab İsmayıl gediş haqqı artandan sonra ictimai nəqliyyatda keyfiyyətin artacağına da inanmır:
«Bir o dəyişəcək ki, sərnişinlərin kartı olacaq, onu vurub düşəcəklər. Yenə həmin avtobusları eyni sürücülər idarə edəcək, insanları «kartof kimi» aparıb gətirəcəklər. İstidə kondisionerdən istifadə olunmayacaq. Avtobusların əyləcinin cırıltısını yenə bütün şəhər eşidəcək».
Bakı sakini Elvin Əliyevin münasibətini eşidək :
- Nəqliyyat pisdir. Qiyməti qaldırmağın nə xeyri? «Marşrutkalar» çirkab içindədir. Birinci onu təmizləsinlər. Xidmət yaxşı olsun, qiyməti qaldırsınlar...
- Nazirlikdən deyirlər ki, qiymət artımı intellektual sistemə keçidlə bağlıdır.
- Bu nazirliklə, bu sistemlə çətin mümkün olsun...
NAZİRLİK CAVAB VERMƏDİ
Nəqliyyat Nazirliyindənsə deyilənlərə münasibət ala bilmədik. Nazirlikdə intellektual sistemə keçid layihəsinin rəhbəri Sədrəddin Məmmədov dedi ki, Rusiyadan qonaqları var deyə suallarımıza cavab üçün gün ərzində vaxt tapa bilməyəcək. Nazirliyin sözçüsü Namiq Həsənov isə «5 dəqiqə sonra zəng edin» desə də, günboyu dəstəyi qaldırmadı.
...Siz intellektual sistemə keçidlə bağlı qiymət artımına necə baxırsız?