Natiq Cəfərli: “Ölkədə ən şəffaf sahə elə korrupsiyanın özüdür”

Arxiv foto

-



- Ölkədə ən şəffaf sahə elə korrupsiyanın özüdür.

Bu iddianı AzadlıqRadiosunun “Korrupsiometr” proqramında iqtisadçı-ekspert Natiq Cəfərli səsləndirdi. Fikrini də onunla əsaslandırır ki, “onsuz da ölkədə hamı hər şeyi çox yaxşı bilir.”

Natiq Cəfərli


Dövlət orqanlarının keçirdiyi tenderlərin şəffaflığının müzakirəsi zamanı Natiq Cəfərli qeyd etdi ki, bir neçə il əvvələ qədər nazirlər keçirdikləri tenderlərə özlərinə yaxın olan bir neçə şirkəti buraxırdılar. Bununla da formal da olsa tender görüntüsü yaradılırdı.

Amma 2005-ci ildə ölkəyə neftə gəlirlərinin axmasından sonra onlar heç belə formal görüntülərə də ehtiyac duymadılar:

- Yazılmamış oyun qaydaları var sahələr artıq bir neçə oliqarx tərəfindən bölünüb. Hamı bilir ki, yolla, onun təmiri ilə bağlı işlərə girmək olmaz çünki filankəsindir, və s. Ölkəni maliyyə gücünə malik olan oliqarxlar ailəsi idarə edir yazılmamış qanunlar işləyir, hərəsinin öz sahəsi var.

Fariz Namazlı

Hüquqşünas Fariz Namazlı isə tenderlərin nəticələrindən narazı qalan şirkətlərin mübahisə qaldırmadığını dedi. O, qanunvericilikdə tender qalibinin seçilməsində qərarların necə verilməsinin açıq olduğunu bildirir:

- Qanunda da göstərilir ki, qiyməti 50 min manatdan yuxarı olan satınalmalar zamanı azı üç podratçı şirkət iştirak etməklə açıq tenderlər keçirilməlidir. Rəsmi dövlət qəzetlərində tenderin keçirilməsi ilə bağlı şərtlər elan edilməlidir.

Tender komissiyası təşkil edilir, amma bu komissiyada tenderin qalibinin necə seçilməsi tam açıqlanmır, bu, qanunla tənzimlənmir. Tutaq ki, beş şirkət iştirak edir niyə biri qalib elan edilib açıqlanmır.

Müsabiqənin nəticəsindən narazı qalan şirkətlər Satınalmalar üzrə Dövlət Agentliyinə şikayət edə bilərlər. Amma reallıqda çox az şirkət belə şikayəti verir.

Sarvan Rizvanov

Hazırda Almaniyada yaşayan və uzun illər Azərbaycan tenderlərlə bağlı araşdırmalar aparmış jurnalist Sarvan Rizvanov isə bu ölkədə tenderlərin keçirilməsində və işin qiymətləndirilməsində müstəqil ekspertlərin həlledici söz sahib olduqlarını deyir:

- Almaniyada təsnifat baxımdan müxtəlif şeyləri özündə birləşdirən müstəqil ekspertlər qurumu var. Tikintinin ən adi səviyyəsindən tutmuş hər bir sahədə müstəqil ekspertlər rəylərini ortaya qoya bilirlər. Tenderdə hər hansı problem ortaya çıxarsa, bütün məsələlərə müstəqil ekspertlər cavabdehdir. Kimsə məhkəməyə müraciət məhkəmə həmin anda müstəqil ekspertə müraciət etmək məcburiyyətindədir.

Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri əvvəlcə proqrama qatılmağa söz versələr də son anda studiyaya gəlməkdə imtina ediblər. Onlar heç telefonla da suallara cavab vermək istəməyiblər.

Amma proqramda “Azəryolservis”-in sədr müavini Vaqif Hacıyev və Satınalmalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Zahid Vəliyevin bir neçə il əvvəl bu mövzuda radiomuza verdikləri fikirləri səsləndirilib.

Müzakirəni tam şəkildə burada dinləyə bilərsiniz:




Proqramda səslənmiş təkliflərin bəziləri:


Ekspert Natiq Cəfərli:
  • Kompleks islahatların aparılması lazımdır.
  • Vətəndaş cəmiyyətinin komissiyalarda iştirakı təmin edilsin.
  • İnformasiya azadlığı təmin edilsin. Məhkəmələr müstəqil olsun.

Hüquqşünas Fariz Namazlı:
  • Tenderdə hansısa şirkətin qalib elan edilməsi barədə qərar elan edilsin. Bu mexanizm qanunvericilikdə aydın göstərilsin.
  • Narazı şirkətlər məhkəmələrə müraciət etsinlər.
Sən də fikirlərini aşağıdakı foruma göndər, ideyaların yayılsın: