Quba hadisələrində təqsirləndirilən jurnalistlərə cəza istənilib

Xaçmaz rayon Məhkəməsi

-
Fevralın 25-də Xaçmaz rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə 1 mart Quba hadisələrinə görə təqsirləndirilən bələdiyyə sədrinin və jurnalistlərin məhkəməsi davam edib.

Məhkəmə iclasında söz alan dövlət ittihamçısı Əhəd İbrahimov Qubanın keçmiş bələdiyyə sədri Elxan Əliyevə – 6, «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqova 4 il 6 ay, baş redaktor Zaur Quliyevə və keçmiş icra başçısının Qubanı qarışdıran videosunu sosial şəbəkədə paylaşmış Muxtar Ələkbərova 4 il 6 ay, Qubadakı yanacaqdoldurma məntəqələrindən birinin sahibi Gülağa Ağayevə 5 il və Əmlak Məsələləri Dövlət Komitəsi rayon şöbəsinin əməkdaşı Zakir Məmmədova 3 il həbs cəzası istəyib.

Məhkəmə iclası martın 12-də vəkillərin çıxışı ilə davam edəcək.

Quba hadisələrinə görə bütövlükdə 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.

Hazırda bu hadisəyə görə tutulan yerli telekanal əməkdaşlarının məhkəməsi gedir.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident fərmanı ilə Rauf Həbibov vəzifəsindən azad edilib.