Avropa Şurası 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planını təqdim edib

-

Mayın 20-də Bakıda Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının təqdimatı keçirilib.

MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏ

Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, bu plan Azərbaycan və AŞ-nın birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edir.

Nazir Fikrət Məmmədov çıxışında Fəaliyyət Planının qəbul olunması ilə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini vurğulayıb. O, Planın demokratiyanın inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Avropa Şurasının Baş katibi Thorborn Jagland Fəaliyyət Planının əsas prioritetlərinə toxunub. Baş katib demokratik ölkələr üçün vacib olan insan hüquqlarının qorunmasında və korrupsiya ilə mübarizədə mühüm rol oynayan ədalətli məhkəmə sisteminin təkmilləşdirilməsindən danışıb.

İNSAN HAQLARI ÜZRƏ LAYİHƏLƏR OLACAQ

Fəaliyyət Planı AŞ Nazirlər Komitəsi tərəfindən aprelin 16-da qəbul olunub. Avropa Şurasının yaydığı məlumata görə, məqsəd Azərbaycanın qanunvericiliyini, müəssisələrini və təcrübəsini Avropa standartlarına uyğunlaşdırmasına yardım göstərməkdir. Planda insan haqları, ifadə və media, sərbəst toplaşma azadlıqları və korrupsiya ilə mübarizə sahəsində bir sıra layihələr nəzərdə tutulub.

Fəaliyyət Planının ingilis dilində tam mətni ilə burada tanış ola bilərsiniz.

Mayın 14-dən Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi başlanıb. Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olub.

Bu həftə Bakıda AŞPA-nın Daimi Komitəsinin iclası keçiriləcək. Mayın 22-də AŞPA sədri, xanım Ann Brasser Bakıya gəlir.