Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:45

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayır


-

Mayın 14-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) sədrliyi başlayır. Azərbaycan bu quruma 2001-ci ildə üzv qəbul olunub və ilk dəfədir ki, quruma 6 ay müddətinə, noyabrın 15-dək sədrlik edəcək. Sədrlik əlifba sırasıyla həyata keçirilir.

AVROPA ŞURASININ DƏYƏRLƏRİ DƏSTƏKLƏNƏCƏK

Mayın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın paytaxtı Vyanada Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi dövrünün prioritetlərini təqdim edib.

Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Nazir deyib ki, «növbəti altı ay müddətində ölkəm Avropa Şurasının üç əsas sütunu – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcək. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaq».

APA agentliyinin məlumatına görə, mayın 13-də axşam Strasburqda şəhər meriyasının qarşısında Azərbaycan bayrağı ucaldılıb və altı ay ərzində Avropa bayrağı ilə yanaşı Strasburqun mərkəzindəki Broqli meydanında dalğalanacaq. Mərasimdə Azərbaycandan öncə AŞNK-nə sədrlik etmiş Avstriya dövlətinin bayrağı aşağı endirilib və daha sonra Azərbaycanın üçrəngli bayrağı ucaldılıb. Mərasimdə Strasburq musiqi məktəbinin şagirdləri Avstriya və Azərbaycanın dövlət himnlərini, eləcə də Avropanın himnini ifa ediblər. Avropa Şurası Baş katibinin müavini, xanım Gabriella Battaini-Dragoni, Strasburq merinin müavini Jan-Jak Qsel, Avstriyanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Rudolf Lennkh tədbirdə çıxış edərək, Azərbaycana bu mühüm və tarixi sədrliyi dövründə uğurlar arzulayıblar. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Emin Eyyubov Azərbaycanın boynuna düşən bu vəzifəni layiqincə yerinə yetirəcəyini bildirib.

HÜQUQUN ALİLİYİNƏ TƏHLÜKƏ

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanın AŞNK-ya sədrliyini ölkədə əsas hüquq və azadlıqlarına basqıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından bir fürsət sayırlar.

Nils Muižnieks
Nils Muižnieks
Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks AzadlıqRadiosuna son müsahibəsində deyib ki, insan haqları sahəsində irəliləyişlər, islahatlar sədrlikdən asılı deyil:

«Ümid edirəm hakimiyyət bu imkandan yararlanaraq bu dəyişiklikləri həyata keçirəcək. Bu çağırışları sədrlikdən asılı olmadan edirəm. Sədrliyə irəliləyişə nail olmaq, Avropa Şurasındakı həmkarları ilə daha intensiv dialoq aparmaq üçün bir imkan kimi baxıram. Azərbaycan xalqının mənafeyi üçün irəliləyiş görmək istəyirəm. Saxlanan, cəzalandırılan insanlar var. Onlar həbs olunmamalı, cəza almamalıdırlar. Bu, Azərbaycanda hüququn aliliyi və insan haqlarına təhlükə yaradır».

«Azərbaycan Avropa Şurasına sədrliyə başlasa da, bu qurumun üzvü kimi öhdəliklərinə əməl etmir», bunu mayın 14-də Human Rights Watch hüquq-müdafiə təşkilatı yaydığı bəyanatda bildirib.

STANDARTLAR HEÇƏ SAYILANDA

«Avropa Şurası regionun öndə gedən insan haqları təşkilatıdır, ancaq Azərbaycanın sədrliyi hökumətin bu qurumun əsas standartlarını heçə saydığı bir vaxtda başlayır. Avropa Şurasının rəhbərliyi Azərbaycana aydın şəkildə deməlidir ki, ədalətsiz həbs olunmuş hökumət tənqidçilərini azad etməli və uzun müddətli insan haqları islahatları həyata keçirməlidir». Bunu Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia deyib.

Human Rights Watch bildirir ki, son 2 ildə hakimiyyət azı 38 siyasi fəal, jurnalist, bloqqer və hüquq müdafiəçisinə qarşı ittihamlar irəli sürüb, onların əksəriyyəti də həbsxanaya atılıb.

Hakimiyyət isə ölkədə insan hüquq və azadlıqlarının pozulmasına dair tənqidləri rədd edir. Prezident İlham Əliyev bir neçə gün əvvəl deyib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir.
XS
SM
MD
LG