Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Azərbaycanda siyasi məhbuslar məsələsi AŞPA-nın gündəminə qayıda bilər


AŞPA
AŞPA
-

Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurası Parlament Assambleyasının gündəminə qayıda bilər. Hakimiyyət təmsilçilərinin sərt reaksiya göstərdiyi bu məsələ ölkənin bu quruma sədrliyi dövründə yenidən AŞPA-da səsə qoyula, siyasi məhbuslar üzrə məruzəçi təyin edilə bilər.

Məsələ bundadır ki, İrlandiyadan olan deputat Michael McNamara AŞPA-nın aprel sessiyasında qətnamə üçün təşəbbüs hazırlayıb.

20 DEPUTAT ÇAĞIRIŞI İMZALAYIB


Təşəbbüs «Azərbaycanın Avropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?» adlanır.

Sənəddə xatırlanır ki, 2013-cü ilin yanvarında AŞPA-nın Azərbaycana dair qəbul etdiyi qətnamə «həbsi əsaslı şübhə və qanuni narahatlıq yaradan bütün məhbusların buraxılmasına» çağırırdı. Həmin sənəddə «iddia olunan siyasi məhbuslara dair AŞPA-nın bütün qətnamələrinin yerinə yetirilməsi» tələb olunurdu.

«Ancaq Qətnamə qəbul olunandan sonra siyasi və ictimai həyatda fəal şəxslərin həbs və saxlanma halları artıb», deyə sənəddə vurğulanır və SMDT sədri Anar Məmmədli, REAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun işləri qeyd olunur.

Təşəbbüsü AŞPA-nın 20 deputatı artıq imzalayıb və qəbul olunub.

ÇAĞIRIŞ İNSAN HAQLARI KOMİTƏSİNƏ KEÇSƏ...

Gülnarə Axundova
Gülnarə Axundova
Hüquq müdafiəçisi Gülnarə Axundova AzadlıqRadiosuna açıqlamasında bu təşəbbüsdən gözləntilərindən danışır:

«Mayın 22-də Bakıda AŞPA-nın büro iclasında bu təşəbbüs də müzakirə olunacaq və qərar veriləcək. Bir neçə variant mümkündür. Biz, vətəndaş cəmiyyəti olaraq, belə bir variant istəyirik ki, bu təşəbbüs Hüquqi İşlər və İnsan Haqları Komitəsinə keçsin. Əgər o komitəyə keçsə, orada müzakirə olunacaq və çox güman komitə belə bir qərar verəcək ki, bu məsələni araşdırmaq lazımdır. Bu halda siyasi məhbus üzrə məruzəçi təyin olunacaq, hesabat hazırlanacaq».

Gülnarə Axundovanın sözlərinə görə, komitə belə bir qərar versə, təklif AŞPA-da səsverməyə çıxarılacaq. Hüquq müdafiəçisi belə bir təşəbbüsü müsbət əlamət, özəlliklə, AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin Azərbaycanda siyasi həbslərdən narahatlığının göstəricisi sayır. Michael McNamara həmin komitənin birinci vitse-sədridir.

... MONİTORİNQ KOMİTƏSİNDƏ DƏ QALA BİLƏR

«Ancaq Büro belə bir qərar versə ki, təşəbbüs Monitorinq Komitəsinə göndərilməlidir, ola bilsin, o komitədən kənara çıxmasın. Həmməruzəçilər deyəcəklər ki, monitorinq aparırıq, siyasi məhbuslar məsələsi də həmin monitorinqə daxildir».

Mayın 19-da AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Joseph Debono GrechPedro Agramunt-un Azərbaycana səfəri başlayıb. Həmin gün onlar bir qrup media təmsilçisi və hüquq müdafiəçisi ilə görüşüb.

Michael McNamara bu həftə Bakıya gələcək. O, cümə günü Azərbaycanın Avropa Şurası öhdəliklərinə həsr olunmuş tədbirə də qatılacaq. Həmin tədbirə ölkənin AŞPA-dakı nümayəndə heyəti də dəvət olunub.

«AZƏRBAYCANDA APREORİY SİYASİ MƏHBUS OLA BİLMƏZ»


Christoph Strässer
Christoph Strässer
2013-cü ilin yanvarında AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Christoph Straesser-in Azərbaycanda siyasi məhbuslara dair hesabatı qəbul olunmayıb. Bundan sonra hakimiyyət rəsmiləri «ölkədə siyasi məhbus yoxdur» deyərkən bu fakta dayanıblar. Prezident İlham Əliyev bu ilin əvvəlində Brüsseldə AzadlıqRadiosunun sualına cavabında «siyasi məhbus» termininin müəyyənləşdirilmiş mənasının olmadığını vurğulayıb:

««Azərbaycanda siyasi məhbus yoxdur» fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apreoriy siyasi məhbus ola bilməz. Kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarına həmişə əməl edirik».

Ancaq müstəqil hüquq müdafiəçiləri ölkədə 130-dan artıq şəxsin siyasi motivlərlə həbs olunduğunu bildirir. Son bir ildə həbsə atılanlar arasında onlarla gənc fəal, seçki monitorinqi aparanlar, jurnalistlər də var.
XS
SM
MD
LG