Fermerlər yarmarkaların daimi bazara çevrilməsini istəyir

Ekspertlərin fikrincə, fermer arada vasitəçi olmadan öz malını satmalıdır

Hökumətin bazarlardakı qiymət artımını aşağı salmaq üçün hər həftəsonu keçirdiyi yarmarkalarda məhsullar bazardakından iki dəfə ucuz olsa da, bu ucuzluq cəmi 2-3 saat çəkir. Nəzarət zəifləyən kimi dərhal qiymətləri qaldırırlar. Bəziləri hesab edir ki, yarmarka süni bir şeydir, bu, çox davam edə bilməz.


«...Bazarı tutublar, orda nə isə satmağa icazə vermirlər. Amma yarmarkaya gedəndə yolda incitmirlər, yer pulu, tərəzi pulu, «uçastkovu» pulu vermirsən, sərbəst satıb gəlirsən». Qusardan olan fermer Benyam Zalov belə deyir. Onun sözlərinə görə, yarmarka çox sərfəlidir, hökumət tədbiri olduğu üçün məmurlar əlavə haqq istəyə bilmirlər və belə olanda məhsulu bazar qiymətlərinə nisbətən ucuz satır, bir neçə saata işini qurtarıb yenidən Qusara qayıdır.


Amma cənab Zalov bildirir ki, heç də bütün kəndlilər yarmarkaya gələ bilmir, məsələn, 100 kiloqram meyvəsi olan şəxsə xərc çəkib Bakıya gəlmək sərf etmir, ona görə də məhsulunu elə qapıdaca satır.


Benyam Zalov söyləyir ki, onun kimi böyük təsərrüfatı olan fermerin də torpaqdan ayrılıb tez-tez Bakıya mal aparması çətindir.


Yerli mətbuatın yazdığına görə, yarmarkalardakı kəndlilər də nəzarət zəifləyən kimi qiyməti qaldırmağa cəhd edirlər. Amma Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bununla razılaşmır. Bildirir ki, qiyməti qaldırmağa cəhd edənlər bəzi bazar rəhbərlərinin öyrədib yarmarkaya göndərdiyi adamlardır, onlar bu yolla yarmarkaları gözdən salmaq istəyirlər: «Kəndli yemişi 1000 manata satır, alverçilərsə 1500 manata. Soruşursan hardan gətirmisən, deyir, Qəbələdən, halbuki Qəbələdə yemiş olmur. Məlum olur ki, öyrədilmiş adamlardır. Belə edirlər ki, yarmarkalar sıradan çıxsın».


Kəndli-Fermer Təsərrüfatları İttifaqının rəhbəri Sadıq Murtuzayev isə deyir ki, həftədə iki dəfə keçirilən yarmarkayla nə bazarlardakı qiymətlərin aşağı düşməsinə nail olmaq olar, nə də əhalinin böyük hissəsini ucuz meyvə-tərəvəzlə təmin etmək. Onun fikrincə, yerli icra hakimiyyətlərinin təşkilatçılığı ilə şəhərə məhsul daşınması çox davam edə bilməz. Cənab Murtuzayev hesab edir ki, hökumət Bakıda fermerlər üçün tədarük-satış bazalarının təşkil olunmasına şərait yaratmalıdır. Başqa sözlə, fermer arada vasitəçi olmadan öz malını sata bilməlidir. Bu fikri qusarlı fermer Benyam Zalov da bəyənir: «Yarmarkalar daimi bazarlara çevrilsə, məsələn, mənə orada bir dükan açmağa imkan verilsə, həm öz malımı, həm də Bakıya getmək imkanında olmayanların malını aparıb sataram. Həm mən qazanaram, həm də əhali ucuz məhsul alar».